Cümə , Fevral 23 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Paşinyan fakt qarşısında qaldığı üçün Konstitusiyanın dəyişdirilməsini təklif edir”

Təbriz Musayev: “Paşinyan fakt qarşısında qaldığı üçün Konstitusiyanın dəyişdirilməsini təklif edir”

Baş nazir Nikol Paşinyan ölkənin İctimai Radiosuna müsahibəsində rəsmən bəyan edib ki, Ermənistanın Müstəqillik Bəyannaməsi regionda sülhə maneədir:

“Ermənistanın 1990-cı ildə Qarabağa istinad edən Müstəqillik Bəyannaməsi regionda sülhün bərqərar olmasına maneədir. Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, o da bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. Konstitusiyanın dəyişdirilməsi mövzusu həm “məxməri inqilab”, həm də 2020-ci il müharibəsindən sonra müxtəlif hallarda qaldırılıb. Yeni dördüncü respublika üçün yeni konstitusiyanın qəbulu təklifi var və xalqın qərarı prosesə legitimlik verəcək”.

Belə görünür ki, Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqu qəbul edərkən səsləndirdiyi fikirlərdən Nikol nəticə çıxarmağa başlayıb. Prezident Əliyev qeyd edib ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Qarabağın Ermənistanla birləşdirilməsinə birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Əliyevin fikrincə, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda, sülhə nail oluna bilər.

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Paşinyanın məlum açıqlamasını şərtləndirən bir sıra faktorlar var: “Məsələ ondadır ki, Ermənistan hakimiyyətinin müəyyən gözləntiləri özünü doğrultmadı. Qarabağda antiterror əməliyyatlarından sonra rəsmi İrəvan güman edirdi ki, Azərbaycana güclü təzyiqlər olacaq və Bakı geri addım atacaq. Bu səbəbdən sülh sazişi ilə bağlı Azərbaycanın təkliflərinə cavab vermədilər. Ancaq Paşinyan hakimiyyətinin gözləntiləri özünü doğrultmadı. Adətən Paşinyan danışıqlar prosesində 1991-ci ilin dekabrında qəbul olunan Almatı Bəyannaməsindən çıxış edirdi. Bir ildən çoxdur ki, Almatı Bəyannaməsinin adı Ermənistan baş nazirinin dilindən düşmür. Paşinyan iddia edirdi ki, guya həmin razılaşmaya görə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ancaq Levon Ter-Petrosyan prezident olanda onun mətbuat katibi və köməkçisi vəzifəsində çalışmış Levon Zurabyan mətbuata açıqlamasında Paşinyanı ifşa etdi. Zurabyan qeyd etdi ki, Paşinyan bir ildir Almatı Bəyannaməsi haqqında danışır, amma o sənəd sülh sazişinin əsasını təşkil edə bilməz. Bunu onunla əsaslandırdı ki, Ermənistan tərəfi həmin sənədi parlamentdə müəyyən şərtlərlə ratifikasiya edib. Həmin şərtlərə görə isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü heç tanımayıb. Yəni, Qarabağla bağlı ayrıca şərt var. Orada çox aydın şəkildə göstərilib ki, “dağlıq qarabağ respublikası” müstəqil respublika qismində MDB-yə qoşula bilər. Paşinyan ifşa olunduğunu görəndən sonra anladı ki, Almatı Bəyannaməsi ilə beynəlxalq ictimaiyyəti aldada bilməz. Özünü “sülh göyərçini” kimi sırımağın mənası yoxdur. O cümlədən, Prezident İlham Əliyev açıq bəyan etdi ki, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları öz əksini tapıb. Bu, o deməkdir ki, bütün bunlara son qoyulandan sonra tərəflər arasında sülh sazişi imzalana bilər. Paşinyan fakt qarşısında qaldığı üçün Konstitusiyanın dəyişdirilməsini təklif edir”.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …