Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Paşinyan anlayır ki, dəmir yolu əlaqəsinin qurulması vaxt aparacaq”

Təbriz Musayev: “Paşinyan anlayır ki, dəmir yolu əlaqəsinin qurulması vaxt aparacaq”

Gürcüstanda səfərdə olarkən Ermənistanın Baş baziri Nikol Paşinyan Azərbaycanla avtomobil əlaqəsinin bərpa edilməsinin mümkünlüyünü bildirib.

O, bununla bağlı bir sıra məqamlara toxunub. Onun sözlərinə görə, əldə olunan razılaşmaların gerçəkləşdirilməsi üzərində çalışmaq lazımdır: “Bildirmək istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putinin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyilə keçirilmiş görüşlərin nəticələrinə əsasən, avtomobil əlaqəsinin bərpası ilə bağlı Azərbaycanla razılığa gəlmək imkanı yaranıb. Əgər Ermənistanın Azərbaycanla yol əlaqəsinə dair razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək”.

Paşinyan xatırladıb ki, dəmir yolu əlaqəsinin bərpası ilə bağlı Prezident İlham Əliyevlə prinsipial razılıq əldə olunub. Baş nazir qeyd edib ki, regionda dəmir yolunun inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcək, ticarət münasibətlərinin fəallaşmasına səbəb olacaq.

Görünən odur ki, Soçi və Brüssel görüşlərindən sonra Paşinyanın kommunikasiyaların açılması və Zəngəzur dəhlizinin reallaşması ilə bağlı mövqeyi daha loyal görünür. Eyni zamanda kommunikasiyaların açılması məsələsində təkcə dəmir yolunun açılmasının yetərli olmadığının fərqindədir. Anlayır ki, daha effektiv nəticə əldə edilməsi üçün avtomobil əlaqəsinin bərpası da şərtdir.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Paşinyanın avtomobil yolu ilə bağlı müsbət məzmunlu açıqlamaları təsadüfi deyil: “Əvvəla, bununla bağlı Azərbaycan tərəfinin ortada mövqeyi var. Prezident İlham Əliyev çıxışlarında bəyan edib ki, dəmir yolu ilə yanaşı avtomobil yolu da açılmalıdır. Bu o deməkdir ki, təkcə dəmir yolunun açılması yetərli deyil. Təkcə dəmir yolu fəaliyyətə başlasa, bu, kommunikasiyaların yarımçıq açılması anlamına gələcək. Cənubi Qafqazda nəqliyyat-iqtisadi kommunikasiyaların açılması problemi, iqtisadi əlaqələrin bərpası perspektivləri dekabrın 22-də İrəvanda Paşinyanın Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edərkən də əsas müzakirə mövzusu olub. Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinin də iştirak etdiyi görüşdə Ermənistan, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli işçi qrupunun fəaliyyəti ilə bağlı cari məsələlərə də toxunulub. Nəzərə almaq lazımdır ki, A.Overçuk İrəvana səfərindən öncə Bakıda olub və bir sıra müzakirələr aparıb. Bütün bunlar o deməkdir ki, kommunikasiya məsələləri bir-biri ilə bağlıdır. Başqa bir tərəfdən, Paşinyan anlayır ki, dəmir yolu əlaqəsinin qurulması vaxt aparacaq. Yəni Zəngəzurdan keçən köhnə dəmir yolu sıradan çıxarıldığı üçün yenidən inşa edilməlidir. Üstəlik, bunun üçün Ermənistan vəsait tapmalıdır və s. Ancaq avtomobil əlaqəsinin bərpası bu qədər vaxt tələb etmir. Ona görə ki, mövcud avtomobil yollarından istifadə etməklə əlaqə qurmaq və işləri tezləşdirmək olar. Neçə gündür hava şəraiti ilə əlaqədar Ermənistanın yük maşınları Gürcüstanın Yuxarı Lars keçid məntəqəsində ilişib qalıb. Zatən hər qış sözügedən problemlər yaşanır. Paşinyan fərqindədir ki, Azərbaycan üzərindən avtomobil əlaqəsi qurulsa, bu kimi problemlərdən xilas olacaqlar. Ona görə də avtomobil yollarının açılmasına ged-gedə daha çox meyl edirlər”.

Bir sözlə, İAT sədri güman edir ki, proseslər sürətlənə bilər.

Həmçinin oxuyun

Çavuşoğlu: Ermənistanın sülhə və bu bölgədə əməkdaşlığa ehtiyacı var

Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə təklif etdiyi hərtərəfli sülh müqaviləsinin mümkün qədər …