Bazar , Oktyabr 17 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “O zaman Ermənistanın məqsədi Tərtəri işğal edib Yevlax-Bərdə yoluna çıxmaq idi”

Təbriz Musayev: “O zaman Ermənistanın məqsədi Tərtəri işğal edib Yevlax-Bərdə yoluna çıxmaq idi”

“Vladimir Putin məndən xahiş etdi ki, Paşinyanın həmin sənədi bizim yanımızda imzalamasında israr etməyim”.

Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi: “Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasında israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun”.

Burada diqqəti çəkən əsas məqam Azərbaycan Prezidentinin humanist mövqe sərgiləməsidir. Halbuki, erməni şərəfsizləri 1994-cü ilin mayında atəşkəs razılaşması imzalananda humanistlik göstərmək istəmirdilər. Hər vasitə ilə bizi alçaltmaq istəyirdilər. İstəyirdilər ki, o vaxt prezidentlər səviyyəsində buna imza atılsın. Ancaq elə oldu ki, onlar öz istəyinə nail ola bilmədi. Atəşkəsə dair Bişkek protokolları Ali Sovet sədrləri səviyyəsində imzalandı.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bunlar erməni tərəfinin simasızlığını, mənfur bir düşmən olduğunu bir daha göstərir: “Çünki onlar tarixən xəyanatkar və satqın bir toplum olublar. Əvvəla, ermənilər Rusiyanın imperiya maraqlarına uyğun olaraq Cənubi Qafqaza yerləşdirilib. Ondan sonra baş verənlər də məlumdur. 90-cı illərdə Ermənistan Qarabağı və ətraf rayonları biləvasitə Rusiyanın yardımı hesabına işğal etdi. O zaman Rusiyanın Ermənistanda yerləşdirdiyi 7-ci ordusu bununla bağlı bütün yardımları işğalçılara göstərdi. Prezident Boris Yeltsin istəyirdi ki, Azərbaycan da Ermənistan kimi Rusiyanın forpostu olsun. Ancaq o buna nail ola bilmədi. 1994-cü ilin atəşkəsinə qədər çox şiddətli döyüşlər getdi. Ermənistanın məqsədi Tərtəri işğal edib Yevlax-Bərdə yoluna çıxmaq idi. Ondan sonra atəşkəs imzalamaq. Ancaq erməni tərəfi çoxsaylı itkilər verdikdən sonra atəşkəsə getməyə məcbur oldular. Nə qədər Rusiya yardım etsə də, artıq Ermənistanın canlı resursları tükənmək üzrə idi. O üzdən, düşmən məcburiyyət üzündən atəşkəsə razılıq verdi. Bu baxımdan kimsə düşünməsin ki, 1994-cü ilin mayında Ermənistan humanistlik göstərərək atəşkəsə razı olub. Əsla yox. Onlar buna məcbur oldular. Ancaq o da faktdır ki, həmsədr Vladimir Kazimirovun timsalında Ermənistan danışıqlar prosesində Azərbaycanı alçaltmaq istəyirdi. Lakin nə qədər cəhd etsələr də istəklərinə nail ola bilmədilər”.

İAT sədri onu da qeyd etdi ki, düşmənin nə qədər hiyləgər olduğunu heç vaxt unutmamalıyıq. (Baki-Xəbər)

Həmçinin oxuyun

Azərbaycan yenə hədəfdədir – TƏHLİL

Proqnozlar özünü döğrultdu. Gözlədiyimiz baş verdi. Azərbaycan yenə hədəfdədir. Barmağını “siyasi tətiyə” dirəyən qüvvələr də …