Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Səudiyyə Ərəbistanının “Əş-Şarg əl-Avsat” qəzetinə müsahibəsində deyib ki, Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası dövlətləri və Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafında Səudiyyə Ərəbistanının rolunu yüksək qiymətləndiririk.
Müsahibədə Körfəz ölkələri ilə Azərbaycan arasında institusional əməkdaşlığın qurulmasının önəmi, eləcə də qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün təhlükəsizlik dialoqunun aparılmasının mümkünlüyü vurğulanıb. Həmçinin iqtisadi-ticari və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub, Azərbaycanın Körfəz ölkələrindən turistlərin cəlb edilməsində maraqlı olduğu bildirilib.
Qeyd edək ki, Körfəz ölkələri Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirliyi, İraq, Küveyt və digər ölkələrdən ibarətdir. O da məlumdur ki, Ermənistan da Ərəb ölkələri ilə yaxınlaşmağa çox cəhd edir. Bununla bağlı xüsusi canfəşanlıq edir. Son illər dəfələrlə Ermənistan rəsmiləri bir sıra Körfəz ölkələrinə səfər edib, konsulluqlar, ticarət nümayəndəlikləri açırlar.
O baxımdan Körfəz ölkələri ilə Azərbaycanın indiki şəraitdə təhlükəsizlik dialoqu ölkəmizə nə verə bilər? Ermənistanın bu ölkələrlə bağlı planlarını necə önləyə bilər?
Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Körfəz ölkələri ilə Azərbaycanın təhlükəsizlik dialoqu Ermənistanın manevr imkanlarını xeyli dərəcədə məhdudlaşdıra bilər: “Bəli, bu bir həqiqətdir ki, Ermənistan neçə illərdir Ərəb ölkələri ilə yaxın əlaqələr qurmağa çalışır. Düzdür, Ermənistan bəzi ərəb ölkələri ilə – Livan, Suriya, İordaniya, Misirlə yaxın əlaqələr qurub. Əfsuslar olsun ki, sözügedən ölkələr Ermənistanın Azərbaycana yönəlik işğalçılıq siyasətini nəzərə almadılar. Halbuki, həmin ölkələrin də təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatının Qarabağla bağlı qətnaməsi var. Yalnız Körfəz ölkəsi olan Səudiyyə Ərəbistanı Ermənistanın işğalçılıq məsələsində daha prinsipial mövqe tutub. İndiyə qədər Ermənistanla diplomatik münasibət qurmayıb. Ancaq son illər Ermənistan varlı Körfəz ölkələri ilə əlaqələrin qurulması istiqamətində xüsusi cafəşanlıq edir. Məqsəd odur ki, varlı Ərəb ölkələri Ermənistaba böyük sərmayələr qoysunlar. Ermənistan diplomatiyası, erməni diasporu bununla bağlı, deyərdim ki, bütün imkanlarını səfərbər edib. Bununla yanaşı, bəzi Ərəb ölkələrində belə təəssürat yaranıb ki, Azərbaycan ərazilərini işğaldan azad etdiyi üçün Ermənistanla münasibətlərin qurulmasında maneə yoxdur. Hesab edirəm ki, bu, təhlükəli tendensiyadır. Çünki ərazilərimizin böyük hissəsini azad etsək də Ermənistanla sülh sazişi imzalanmayıb. Ermənistan Qarabağdakı separatçıları himayə etməkdən imtina etməyib. Həmçinin, Ermənistan işğal dövründə islam abidələrinə, məscidlərə qarşı törətdiyi vandalizm aktlarına görə müsəlman dünyasından üzr istəməyib. Hesab edirəm ki, Körfəz ölkələri ilə Azərbaycan arasında keçiriləcək təhlükəsizlik dialoqunda bu kimi məsələlərin gündəmə gətirilməsi faydalı ola bilər. Sözügedən məsələlərin gündəmə gətirilməsi Körfəz ölkələrini Ermənistanla yaxın əlaqələr qurmaqdan çəkindirə bilər. Ona görə də Prezident köməkçisi Hikmət Hacıyevin təhlükəsizlik dialoqunun aparılması ilə bağlı təşəbbüsü çox əhəmiyyətli məsələdir”.