Çərşənbə , Aprel 14 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Kreml Qarabağ məsələsinin birdəfəlik həllində maraqlı deyil”

Təbriz Musayev: “Kreml Qarabağ məsələsinin birdəfəlik həllində maraqlı deyil”

Ermənistanın Azərbaycana yönəlik qanunsuz ərazi iddiaları və təcavüz ideologiyasına söykənən siyasəti davam edir.

Məsələ ondadır ki, Ermənistan Xarici İşlər Nazirlyinin 2016-cı il Aprel döyüşlərinin 5 illiyi ilə bağlı yaydığı bəyanat və onun məzmunu bunu deməyə tam əsas verir.

Bəyanatda açıq şəkildə vurğulanır ki, guya Azərbaycan 2016 və 2020-ci illərdə “Artsax”a “təcavüz” edib. Guya bütün bunlar sübut edir ki, “Artsax” hər hansı statusla Azərbaycanın tərkibində qala bilməz, bu təcavüzlərin nəticələri aradan qaldırılmayınca və separatçıların statusu müəyyən olunmayana qədər möhkəm sülh, sabitlik olmayacaq. Bəyanatda utanmadan qeyd edilir ki, guya 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri qəsdən yaşayış məntəqələrinə və mülki infrastruktura hücum edib. Guya o vaxt Azərbaycan mülki ermənilərə zor tətbiq edib və cəzasız qaldığına görə ölkədə millətçi ritorika daha da güclənib. Bununla belə, bəyanatda 2020-ci ilin 27 sentyabrında başlanan döyüşlərdə xarici terrorçuların Azərbaycan tərəfində vuruşduğuna dair uydurmalar öz əksini tapıb.

Bir sözlə, Ermənistan XİN-in bəyanatı başdan-ayağa qərəzli və aqressiya ruhundadır. Ötən il baş verən 44 günlük müharibədə ciddi məğlubiyyətə uğramalarına baxmayaraq, Ermənistan rəsmi səviyyədə öz təcavüzkarlıq ambisiyalarından əl çəkmir. Ortada 10 noyabr və 11 yanvar razılaşmalarının olmasına rəğmən, rəsmi İrəvan bu cür aqressiv yanaşma sərgiləməkdən çəkinmir. O baxımdan, Ermənistanın bu cür yanaşmasının qarşısını kimlər və necə almalıdır?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistanın bu kimi avantüra xarakterli yanaşmalarının qarşısını əsasən Rusiya almalıdır: “Çünki 10 noyabr razılaşmasının moderatoru və qarantoru Rusiyadır. Məhz Rusiyanın müdaxiləsindən sonra erməni quldurlarının tamamilə Qarabağdan rədd edilməsinə imkan verilmədi. Şanlı ordumuz ərazilərin böyük hissəsini işğaldan azad etdi. Biz elə güman edirdik ki, Ermənistan bu məğlubiyyətdən sonra tam ram olacaq. Ancaq rus sülhməramlıları Qarabağa yerləşdikdən sonra ermənilər yenidən aktivləşməyə cəhd edirlər. Bu isə Ermənistanın öz təcavüzkarlıq siyasətindən əl çəkmək istəmədiyini göstərir. Məlum bəyanatı hansısa daşnak partiyası versəydi, bunu görməzdən gəlmək olardı. Ancaq biz görürük ki, Ermənistan XİN ipə-sapa yatmayan ritorika ilə çıxış edir. Bu isə Ermənistanın rəsmi mövqeyi anlamına gəlir. Bütün bunlar onu göstərir ki, Kreml Qarabağ məsələsinin birdəfəlik həllində maraqlı deyil. Belə olmasaydı, o zaman Ermənistan XİN bu cür təcavüzkar məzmunlu bəyanat verməyə cəsarət etməzdi. Bu günlərdə Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqland açıq bəyan etdi ki, Moskva Qarabağ məsələsini sonadək həll edə bilərdi. Lakin bunu etmədi. Hoqlandın fikrincə, Dağlıq Qarabağ keçmiş sovet məkanında bir neçə dondurulmuş münaqişədən biridir. Bu münaqişələrin özəl və qəliz xüsusiyyətləri olsa da, onların hamısının bir birləşdirici faktoru var. Rusiya bütün bu münaqişələrdə oynamaq üçün ən yaxşı mövqe tutub. Bu o deməkdir ki, Rusiya münaqişələrdən təsir vasitəsi kimi istifadə edir”.

İAT sədri hesab edir ki, Ermənistan bu cür bəyanatlara son qoymasa, dəmir yumruq yenidən onların başına endirilməlidir.

Həmçinin oxuyun

Nikol Paşinyan: “Lələtəpəni tutmaq əmrini mən verməmişəm”

“Mənim Qarabağ savaşında Lələtəpəni almaqda israr etdiyim barədə iddialar əsassızdır”. Bu sözlər Ermənistanın baş naziri …