Çərşənbə axşamı , May 18 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Hesabatda əksini tapan məqamlar qərəzli və reallıqdan uzaqdır”

Təbriz Musayev: “Hesabatda əksini tapan məqamlar qərəzli və reallıqdan uzaqdır”

Amerikanın dini etiqad azadlığı üzrə orqanı (USCIRF) hökumətlərin dini etiqad azadlığının kobud pozuntularına yol verməsinə və ya buna qarşı dözümlülüyünə görə Azərbaycanın digər 11 ölkə ilə birlikdə ABŞ Dövlət Departamentinin Xüsusi Siyahısına (SW) salınmasını tövsiyə edib.

1998-ci ildə ABŞ prezidentinə, dövlət katibinə və Konqresinə bütün dünyada dini etiqad azadlığı məsələləri ilə bağlı tövsiyələr hazılanması üçün yaradılmış ikipartiyalı komissiya ardıcıl olaraq ikinci dəfədir Azərbaycanı bu siyahıya salır. Bu siyahıya daha 11 ölkə: Kuba, Nikaraqua, Əfqanıstan, Əlcəzair, Misir, İndoneziya, İraq, Qazaxıstan, Malayziya, Türkiyə və Özbəkistan da daxil edilib. Dini etiqad azadlığı üzrə orqan Vaşinqtonda dərc etdiyi illik hesabatda qeyd edir ki, ötən il bəzi ölkələr dini azlıqlara qarşı mübarizədə yanlış məlumatlar və ya qeyri-mütənasib məhdudiyyətlərlə COVID-19 pandemiyasından istifadə ediblər. Həmçinin, hesabatda iddia olunur ki, guya Azərbaycanda hakimiyyət insanları dini fəaliyyətinə görə həbs etməyə davam edir. Hesabatda ABŞ Konqresinə Azərbaycanda din azadlığının və bütünlükdə insan hüquqları pozuntularının araşdırılması üçün ictimai dinləmələr keçirmək, bununla bağlı məsələləri Azərbaycan səfirliyi və digər dövlət şəxsləri qarşısında qaldırmaq, bütün vicdan məhbuslarını azad etmək tövsiyə olunur.

Göründüyü kimi, bəlli dairələr Azərbaycanı qaralamaq üçün müxtəlif vasitələrə əl atırlar.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, bu addım Azərbaycanın beynəlxalq imicinə yönəlmiş siyasi motivli yanaşmadır: “Hesab edirəm ki, hesabatda əksini tapan məqamlar qərəzli və reallıqdan uzaqdır. Azərbaycanda dini etiqad azadlığının pozulduğunu, buna görə insanların təqib edildiyini iddia etmək, sadəcə, gerçəklikdən uzaq yanaşmadır. Bu, sözügedən sahədə Azərbaycanda görülən işləri görməzdən gəlmək anlamına gəlir. USCIRF siyasi sifariş alaraq Azərbaycan barədə mənfi rəy yaratmaq məqsədi güdür. Azərbaycanda hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhd edildi. Ancaq dövlət və cəmiyyətin birliyi sayəsində bu təxribatlar alınmadı. Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq, digər məbəd və ziyarətgahlar tikilib. Yaxud da yenidən qurulub. Prezident İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən çox böyük vəsait ayrılaraq Təzəpir məscidinin dünyanın ən zəngin və ən möhtəşəm məscidlərindən birinə çevrilməsi dini dəyərlərə hörmətin hansı səviyyədə olduğunu göstərir. Hazırda ölkədə 2000-dən çox məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur. Bütün bunları görməzdən gəlib o cür hesabat hazırlamaq, sadəcə, ədalətsiz yanaşmanın göstəricisidir”.

İAT sədri hesab edir ki, Azərbaycana yönəlik məlum qərəzli fikirlərin hesabatda yer almasında erməni lobbisinin də əli var. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Azərbaycan və Belarus arasında hərbi əməkdaşlığa dair plan imzalandı

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında 2021-ci il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. Bu barədə …