Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Fransanın Ukrayna müharibəsində qətiyyətsiz mövqe sərgiləyəcəyi gözlənilən idi”

Təbriz Musayev: “Fransanın Ukrayna müharibəsində qətiyyətsiz mövqe sərgiləyəcəyi gözlənilən idi”

Fransa prezidenti Emmanuel Makron iyunun 3-də bildirmişdi ki, Rusiyanı alçaltmaq lazım deyil, çünki gec, ya tez başqa dövlətlər onunla əməkdaşlıq edəcək. Bu minvalla Makron bir növ Ukraynanı güzəştə getməyə çağırdı.

Makron iyunun 15-də Rumıniyada səfərdə olub. Səfər zamanı növbəti dəfə iç üzünü ortaya qoyan Makron bəyan etdi ki, Ukrayna danışıqlara məcbur olacaq: “Ukrayna Prezidenti Volodimir Zelenski və hakimiyyətin başqa nümayəndələri Rusiya ilə danışıqlar aparmağa məcbur olacaq”.

Qeyd edək ki, Ukrayna rəsmiləri Emmanuel Makronu Rusiyayönlü mövqeyinə görə tənqid edirlər. Onlar hesab edirlər ki, Makronun təklif etdiyi formada Putinlə danışıq aparması yolverilməzdir. Ona görə ki, bu, Rusiynın işğalı ilə barışmaq və müəyyən əraziləri itirmək deməkdir.

Yeri gəlmişkən onu da qeyd edək ki, bu arada Fransa, Almaniya və İtaliya dövlət başçılarının Kiyevə səfəri başlayıb.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Makronun timsalında Fransanın Ukraynanı təslim olmağa sövq etməsi təəccüblü görünmür: “Məsələ ondadır ki, Fransaya rəhbərlik edənlər hər zaman Rusiyadan çəkinib. Bununla belə, Fransa ilə Rusiya arasında zaman-zaman gizli əlaqələr olub. Fransada hesab edirlər ki, ABŞ-ın Avropada hegemonluğunu zəiflətmək Rusiyasız mümkün deyil. Digər tərəfdən, bu həmin Fransadır ki, 2008-ci il müharibəsində Gürcüstanı güzəştə getməyə məcbur edirdi. O zaman Fransa prezidenti Nikola Sarkozi idi. Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili müsahibələrində açıq etiraf etdi ki, o zaman Sarkozi Rusiyanın şərtlərini necə var, elə də qəbul etməyi tövsiyə edib. Saakaşvili isə bundan imtina edib. Saakaşvili həmin vaxt Sarkozinin Putindən necə qorxduğunu da qeyd etdi. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, Fransanın Ukrayna müharibəsində qətiyyətsiz mövqe sərgiləyəcəyi gözlənilən idi. Əfsuslar olsun ki, Almaniya da analoji mövqe sərgiləyir. Bütün bunlar isə hər keçən gün müharibənin Ukraynada daha dağıdıcı fəsadlara yol açmasına gətirib çıxarır. Hesab edirəm ki, Makron yumşaq və satqın mövqedən çıxış etməsəydi, Avropa İttifaqı vahid mövqe ortaya qoysaydı, Rusiya bu dərəcədə azğınlaşmazdı. Ukrayna məsələsində Avroittifaqın parçalanmış mövqedən çıxış etməsi Rusiyanın maraqlarına cavab verir. Çünki Avropa İttifaqının iqtisadi lokomotivi olan Almaniya da Fransa ilə demək olar eyni mövqedən çıxış edir. Nəticədə Ukrayna döyüş poliqonuna çevrilməklə hər gün ciddi dağıntılara məruz qalır. Bir məqamı da qeyd edim ki, tarixən Fransa etibarlı tərəfdaş olmayıb. Fransanın Əlcəzairdə, digər Afrika ölkələrində mülki əhaliyə qarşı törətdiyi qırğınlar elə də uzaq tarixdə baş verməyib”.

Bu baxımdan İAT sədri hesab edir ki, Fransaya etibar etmək olmaz.

Həmçinin oxuyun

Bakıda Azərbaycan-Türkiyə-Qazaxıstan nazirləri üçtərəfli iclas keçirəcək

İyunun 27-də Bakıda Türkiyə-Azərbaycan-Qazaxıstan xarici işlər və nəqliyyat nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyə …