Ana səhifə / Siyasət / Təbriz Musayev: “Fransada Azərbaycana qarşı zəhərli lobbiçilik fəaliyyəti məhz Makrondan sonra vüsət alıb”

Təbriz Musayev: “Fransada Azərbaycana qarşı zəhərli lobbiçilik fəaliyyəti məhz Makrondan sonra vüsət alıb”

Fransada – mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Bunu XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda paneldə Fransa Senatının üzvü Natali Qule bildirib.

Natali Qule bu gün beynəlxalq hüququn işləmədiyini bildirib: “Fransada – mənim ölkəmdə Azərbaycana qarşı toksik lobbiçilik var. Dünyanın belə vəziyyətə gəlməsinin səbəbi liderliyin olmamasıdır. Dünya dəyişib, terrorizm, ekstremizm artıb. Vətəndaş cəmiyyətinin rolu artmalıdır. Mən sizinlə üzrxahlığımızı da bölüşmək istəyirəm”.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Fransada Azərbaycana qarşı zəhərli lobbiçilik fəaliyyəti məhz Emmanuel Makron prezident olandan sonra vüsət alıb: “Düzdür, Fransada güclü erməni lobbisinin olması bizim üçün yeni deyil. Uzun illərdir Fransada erməni lobbisi formalaşıb və ölkə siyasətinə öz təsirini göstərir. Ancaq indiki kimi heç vaxt erməni lobbisinin istəkləri Fransanın dövlət maraqlarından önə keçməyib. Əvvəlki dövrlərdə bunun bir çərçivəsi var idi. Hardasa balans gözlənilirdi. Məsələn, Heydər Əliyev prezident seçiləndən sonra 1993-cü ilin dekabrında ilk xarici səfərini Fransaya edib. Fransa şirkətləri neft kontraktlarında yaxından iştirak edirdilər. Bir sıra digər fransız şirkətləri Azərbaycan iqtisadiyyatının digər sahələrində fəaliyyət göstərirdilər. Xüsusən də Jak Şirakın prezidentliyi dövründə Azərbaycan-Fransa əlaqələri daha çox inkişaf etdi. Hətta Azərbaycan 1997-ci ildə Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olmasına razılıq verdi. Düzdür, bu, Qarabağın işğaldan azad edilməsinə zərrə qədər təkan vermədi. Ancaq bütün hallarda iki ölkə arasında bəlli münasibətlərin qurulması, iqtisadi əlaqələrin genişlənməsi özünü göstərdi. Lakin 44 günlük Vətən müharibəsi başlayandan sonra prezident Emmanuel Makron bütün bunların üzərindən xətt çəkdi. Fransa Senatı həyasızcasına aşırı ermənipərəst mövqe tutaraq Azərbaycana qarşı bir neçə qətnamə qəbul etdi. Fransa üst-üstə 5 dəfə Azərbaycanla bağlı məsələni BMT Təhlükəsizlik Şurası müstəvisinə çıxarmağa çalışdı. Müstəqillikdən sonra Fransa ilə qurulan əlaqələrin üstündən xətt çəkildi. Zəhərli lobbiçilik o həddə gəlib çatdı ki, Nat’vanın heykəlini belə hədəf aldılar. Azərbaycan əleyhinə toksik lobbiçilik həm də Fransada mövcud olan islamafobiyadan qaynaqlanır. Çünki Azərbaycan bir müsəlman dövlətidir. Xəstə yanaşmanın göstəricisidir ki, Fransa Senatında 1 nəfər xaric bütün deputatlar Azərbaycan əleyhinə səs verirlər. Gör bunların beyni nə qədər zəhərlənib ki, bizə qarşı faşist mövqeyindən çıxış edirlər. İnqilablar beşiyi olan, dünya mədəniyyətində öz yeri olan Fransada bunların baş verməsi sadəcə biabırçılıqdır. Eyni zamanda bu, ölkədəki lider kasadlığından irəli gəlir”.

Həmçinin oxuyun

Milli Şura mitinq qərarı verib

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) aprelin 21-də saat 15.00-ə mitinq təyin etdiyi bildirilir. Bu barədə …