Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Fransa regionla bağlı Avroittifaq amilindən daha çox istifadə etməyə çalışacaq”

Təbriz Musayev: “Fransa regionla bağlı Avroittifaq amilindən daha çox istifadə etməyə çalışacaq”

Fransa prezidenti Emmanuel Makronun yeritdiyi uğursuz siyasət üzündən Fransanın Afrika ölkələrində mövqeyi sürətlə zəifləyir. İmperialist siyasətilə Afrika ölkələrini müstəmləkəyə çevirib uzun illər bu qitənin sərvətini talan edən Fransa hələ də bu ərazilərdə qalmaq istəsə də, bir sıra Afrika ölkələri Fransaya qarşı etiraz aksiyalarına başlayıb.

Ümumilikdə, bir sıra Afrika ölkələri – Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso və Qabon Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtina edib. Qabonda baş verən çevriliş nəticəsində Fransaya yaxın hökumət devrilib. Hətta Fil Dişi Sahili Respublikası, Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə belə, Parisə qarşı kütləvi aksiyalar keçirilir. Fransa da Afrikada mövqelərini itirdiyinə görə, son aylarda Ermənistanın dəstəyi ilə Cənubi Qafqazda mövqelərini gücləndirməyə çalışır. Bununla bağlı müəyyən cəhdlər göstərir. Təcrübə də göstərir ki, Makron, Fransa bu bölgədə özünə yer etmək üçün birinci növbədə sülh prosesini hədəfləyib. Yəni sülhü pozmaqla regionda var olmağa çalışır. O baxımdan bu  konteksdə Fransanın Ermənistanın dəstəyi ilə bölgə ilə bağlı daha hansı planları ola bilər?

Sözügedən məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən İrəvan Azadlıq Təşkilatının sədri Təbrz Musayev hesab edir ki, Fransanın regionda pozuculuq missiyasına geniş və tarixi aspektdən yanaşmaq lazımdır: “Əvvəla, tarixi aspektdən məsələlərə yanaşanda Qafqaz və İran Rusiya ilə Böyük Britaniyanın təsir dairəsində olub. Düzdür, 1918-ci ildə Qərbi Azərbaycan ərazilərində qondarma Ermənistan yaradılanda Fransanın ermənilərə xüsusi dəstəyi olub. Ancaq nəticə etibari ilə regiona o zaman nüfuz edə bilmədi. 90-cı illərdə SSRİ çökəndə də Fransa Rusiya faktoruna görə Ermənistanda mütləq güc ola bilmədi. Biz nəzərə almalıyıq ki, Fransa tarixən Böyük Britaniyaya rəqib olub. Fransanın anqlosakslarla olan rəqabətinin dərin kökləri var. Məsələn, 1979-cu ildə İranda Rza Şahın devriıməsində, ABŞ-ın oradan qovulmasında Fransanın xüsusi rolu olub. Xomeyni Fransaya sığınmışdı və Parisdən İrana gəldi. O həm Fransa mülki təyyarəsi ilə, həm də bu ölkənin hərbi təyyarələrinin müşayəti ilə Tehrana gəldi. Ondan sonrakı hadisələr də məlumdur. İran ABŞ və İngiltərənin təsir dairəsindən çıxdı. Təsadüfi deyil ki, 1979-cu ildən sonra Fransa ilə İran arasında xüsusi yaxın münasibətlər var. Son vaxtlar Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqazda fəallaşmaq cəhdi Rusiyanın düşdüyü ağır durumla bağlıdır. Rusiyanın Ukraynada böyük itkilərlə üzləşməsi, ağır sanksiyalara məruz qalması Makron hakimiyyətini ümidləndirib. Nəzərə almaq lazımdır ki, Paris həm də Avropa İttifaqından qalxan kimi istifadə edir. Hesab edirəm ki, Fransa bundan sonra regionla bağlı Avroittifaq amilindən daha çox istifadə etməyə çalışacaq. Düzdür, bu o qədər də asan olmayacaq. Ona görə ki, qurum 28 ölkədən ibarətdir. Üstəlik, Azərbaycan Avropanın enerji təchizatında vacib rol oynadığı üçün tərəfdaş ölkələr bizim maraqlarımızı nəzərə alacaqlar. Ancaq Fransa çalışacaq ki, Aİ xətti ilə Ermənistana daha çox yardım ayırsın. Digər tərəfdən, Fransa İranla birlikdə bəzi layihələrə dəstək verə bilər. İrəvan İran, Ermənistan və Gürcüstan vasitəsilə Hindistan və Avropanı birləşdirəcək yeni nəqliyyat dəhlizi üçün marşrutun yaradılması üzərində işləyir. Söhbət avtomagistal layihədən gedir. Düzdür, Azərbaycan üzərindən keçən “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin Rəşt-Astara dəmir yolunun tikintisi ilə əlaqədar Ermənistandan keçəcək avtomagistralın perspektivi xeyli azalıb. Ancaq Fransa Ermənistanın maraqlarından çıxış edərək bu layihəyə maliyyə dəstəyi verə bilər. Fikrimcə, Fransanın regionla bağlı planlarından biri də bu ola bilər. Çünki həm Fransa, həm də İran Ermənistanı gücləndirməkdən ötrü nəyə desən gedər”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …