Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Fələstin səfirinin ermənipərəst mövqe ortaya qoyması təsadüfi deyil”

Təbriz Musayev: “Fələstin səfirinin ermənipərəst mövqe ortaya qoyması təsadüfi deyil”

Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl ölkəsinin Türkiyənin mövqeyini yüksək qiymətləndirdiyini, ancaq Ərdoğanın Qarabağla müqayisə etməsini söz xatirinə olduğunu söyləyib.

O, xüsusi olaraq qeyd edib ki, Fələstinin Ermənistanla yaxşı əlaqələri olduğuna görə bu cür müqayisə doğru deyil. Səfir bildirib ki, Fələstin Türkiyənin İsrail ilə qarşıdurmasında verdiyi dəstəyi yüksək qiymətləndirir, lakin mövcud ağırlaşmanı Dağlıq Qarabağdakı vəziyyətlə müqayisə etməsi yanlışdır. Ərdoğanın “Qarabağa etdiyimiz köməyi Fələstinə də edəcəyik” sözlərini şərh edən Nofəl Fələstinin vəziyyətini Dağlıq Qarabağda baş verənlərlə müqayisə etmək istəməyəcəyini vurğulayıb. O bunu belə əsaslandırıb: “Ermənistanla yaxşı əlaqələrimiz var. Qarabağla Fələstin mövzularını qarışdırmayaq.  Ərdoğanın müqayisəsi, sadəcə, bir söz oyunudur”.  

Fələstin rəsmisinin islam həmrəyliyinə zidd olaraq, nadancasına Ermənistana bu cür “sevgi” göstərməsi təsadüfi deyil. Məsələ ondadır ki, erməni terrorçuların bu və ya digər formada Fələstinlə yaxın əlaqələri olub. Məsələn, ASALA-nın lideri Akop Akopyan təxəllüsü ilə tanınan İraq ermənisi Arutyun Taquşyan idi. Taquşyan 16 yaşında evdən qaçır və marksist-leninçi ideologiyalı Fələstinin azadlığı uğrunda Xalq Cəbhəsinə qoşulur. Xalq Cəbhəsi Fələstin Azadlıq Təşkilatının tərkibindəki 2-ci böyük qruplaşma idi. Akopyan qısa müddətdə bu qruplaşmanın ikinci adamı və xarici əməliyyatlarına məsul olan Vadiə Həddadın sağ əlinə çevrilir. Xalq Cəbhəsinin, o cümlədən, Akopyanın 1972-ci il Münhen Olimpiya Oyunları zamanı İsrail idmançılarına qarşı terror törədən “Qara sentyabr” qrupu ilə yaxın əməkdaşlığı olub.

1975-si ildə Fələstin Azadlıq Təşkilatının kəşfiyyat rəhbəri, Əbu İyad ləqəbli Salah Halaf Akopyana təklif edir ki, başqa bir erməni təşkilatı yaradıb, həm ermənilərin düşməni, həm də İsrailin dostu Türkiyəyə qarşı mübarizə aparsın. O baxımdan, ASALA-nın ideya müəllifi əsasən Fələstin Azadlıq Təşkilatının liderlərindən olan Əbu İyad olub. Məhz ASALA yaradılandan erməni terrorçuları xaricdəki türk diplomatlarını qətlə yetirməyə başlayıblar. ASALA-nın bu terror aktları 1985-ci ilə qədər davam edib. Nəticədə 40-a yaxın türk diplomatı qətlə yetirilib. Bununla belə, Livanın məşhur Beka vadisindəki düşərgələrdə erməni terrorçular təlim keçiblər. Livandakı erməni icması “Hizbullah”ı dəstəkləyib. Ümumilikdə, İsrailə qarşı kəşfiyyat məlumatlarının toplanmasında erməni icması xüsusi fəallıq göstərib. Görünən odur ki, bütün bunlardan çıxış edərək Fələstin səfiri Ermənistana rəğbətini açıq şəkildə bəyan edib.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, Fələstinlə ermənilər arasında ənənəvi yaxın münasibətlər var: “Təəssüflər olsun ki, müxtəlif vaxtlarda Fələstin tərəfi ermənilərə olan rəğbətini açıq şəkildə bəyan edib. Baxmayaraq ki, İslam Əməkdaşlıq Təşkilatının Qarabağın işğalı ilə bağlı qərarı var. Ancaq Fələstin tərəfi, praktiki olaraq, bunu nəzərə almayıb. Ermənistanla çox yaxın münasibətlər qurulub. Eyni zamanda, Birinci Qarabağ müharibəsində heç bir fələstinli Azərbaycana yardım etmədi. Əksinə, muzdlu olaraq Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdükləri rəsmi olaraq sübut olunub və bununla bağlı sənədlər də var. Hətta Fələstinin sabiq lideri Yasər Ərəfat Qarabağ müharibəsi ərəfəsində “Ermənilər də fələstin xalqı kimi haqqı tapdalanmış millətdir! Mən Ermənistanı dəstəkləyirəm” – deməklə siyasi mövqeyini ortaya qoyub. İkinci Qarabağ müharibəsində də Fələstin ortaya mövqe qoymadı. Bundan başqa, ASALA rəhbəri A.Akopyan Fələstin Azadlıq Təşkilatının fəal üzvlərindən olub. Belə məlumatlar var ki, FAT ASALA-nın bir qolunu maliyyələşdirib. Ona görə də Fələstin səfirinin ermənipərəst mövqe ortaya qoyması təsadüfi deyil. Sadalanan faktorlar bunları bir araya gətirir. Baxmayaraq ki, Türkiyə, birmənalı şəkildə, Fələstini, amma onlar erməni sevgisini gizlətmirlər”.

İAT sədri hesab edir ki, bütün bu amillərə Azərbaycan tərəfi son dərəcə diqqətli yanaşmalıdır.

Həmçinin oxuyun

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşdü

“İran İslam Respublikası xarici işlər nazirinin ikitərəfli və regional məsələlər üzrə müavini Dr. Seyid Səccadpurla …