Şənbə , Fevral 24 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənistanın sülh sazişi ilə bağlı ciddi addımlar atacağını demək çətindir”

Təbriz Musayev: “Ermənistanın sülh sazişi ilə bağlı ciddi addımlar atacağını demək çətindir”

“Ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir. Biz Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd etdik. Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir”.

Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Guardian” qəzetinə müsahibəsində deyib.

E.Əmirbəyovun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir: “İndi biz sülh müqaviləsi üzərində işləməliyik. Sərhədin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəb və vaxt aparan xarakterini nəzərə alaraq sonrakı mərhələdə həll oluna bilər”.

Bütün bunların fonunda, Ermənistandan indiki şəraitdə nə gözləməyə dəyər?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, son anda ermənilərdən nə desən gözləmək olar: “Əvvəla, biz heç vaxt unutmamalıyıq ki, son dərəcə məkrli, hiyləgər bir toplumla qonşuluqda yaşayırıq. Dəfələrlə Qarabağla bağlı aparılan danışıqların həlledici mərhələsində erməni tərəfi prosesi pozub. Məsələlərə dəxli olmayan iddialarla çıxış ediblər. Baxın, 3 ildir Ermənistan məğlub durumdadır. Üstəlik, sonuncu antiterror əməliyyatlarından sonra Qarabağda suverenliyimiz tam bərqərar olub. Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyəti sülh sazişinin imzalanmasını yubadır. Gah Ermənistan Azərbaycanın göndərdiyi varianta gec cavab verir. Gah erməni tərəfi əlavə düzəlişlərlə çıxış edir. Dəfələrlə olub ki, Paşinyan başda olmaqla, bir sıra yüksək ranqlı erməni rəsmiləri sülh sazişinin imzalanacağı ilə bağlı müsbət siqnallar veriblər. Ancaq son anda buna əməl etməyiblər. Elə bu günlərdə parlament sədri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan sülhlə bağlı nikbin proqnozlar səsləndirdilər. Əsas odur ki, bu yöndə daha ciddi praktiki addımlar atılsın. Ona görə də sülh sazişinin son variantına erməni tərəfinin müsbət cavab verəcəyini birmənalı proqnozlaşdırmaq çətindir. Düzdür, dekabrın 7-də Azərbaycanla Ermənistan birbaşa təmasların nəticəsi olaraq bir sıra vacib qərarlar qəbul etdilər. Əsirlər dəyişdirildi, Ermənistan COP29-un Bakıda keçirilməsinə razılıq verdi. Ancaq problem ondadır ki, Ermənistan Azərbaycan kimi müstəqil siyasət yeridən ölkə deyil. Fransa son dövrlər həm Ermənistanı silahlandırır, həm də regionda pozuculuq mövqeyindən çıxış edir. Parisin Azərbaycana olan münasibətindən isə danışmağa dəyməz. Moskva Rusiyasız tərəflər arasında sülh sazişinin imzalanmasında maraqlı deyil və Qərbin vasitəçilik təşəbbüslərinə qısqanclıqla yanaşır. Nəzərə almaq lazımdır ki, Moskva-İrəvan münasibətlərində son günlər gərginlik artır. Başqa bir tərəfdən, sazişi imzalamaqla bağlı Paşinyanda qorxu da var. Prosesin uzanması həm də bununla bağlıdır. Ona görə də Ermənistanın sülh sazişi ilə bağlı ciddi addımlar atacağını demək çətindir”.

Həmçinin oxuyun

“Qərb istəyir ki, Ermənistan süverenliyini itirsin” – Zərdüşt Əlizadə

“Ermənistanla müqayisədə Azərbaycanın imkanları, əhalisinin sayı, ərazisi, təbii sərvətləri, ordusunun gücü qat-qat üstündür. Bu ölkə …