Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir”

Təbriz Musayev: “Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir”

Ermənistan KTMT təlimlərində iştirakdan imtina edib. Bu barədə erməni mətbuatı məlumat yayıb.

Sözügedən məsələ ilə bağlı qeyd olunub ki, Ermənistan KTMT-nin sentyabrın 1-6-da Belarusun Minsk vilayətində keçiriləcək və təşkilat ölkələrinin xilasedicilərinin nüvə stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasını işləyəcəkləri təlimlərdə iştirak edə bilməyəcək.

Səbəb kimi Ermənistan Daxili İşlər Nazirliyi tərəfindən “xilasetmə xidmətinin ağır iş cədvəli” göstərilir: “Sizə bildiririk ki, ağır iş cədvəlinə əsasən, Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti əməkdaşlarının sentyabrın 1-6-da keçiriləcək “Qaya-2023” xüsusi təlimlərində iştirakı nəzərdə tutulmayıb”.

Məlumat üçün qeyd edək ki, bundan əvvəl də Ermənistan KTMT-nin birgə hərbi təlimlərində iştirakdan imtina edib. Belə ki, Ermənistan KTMT-nin “Sarsılmaz Qardaşlıq-2023” təlimlərinə ev sahibliyi etməkdən imtina edib.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistanda Paşinyan hakimiyyətə gələndən sonra KTMT-dən uzaqlaşma kursu özünü göstərməyə başladı: “Bu da onunla əlaqədardır ki, Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısında Rusiyadan uzaqlaşmaq siyasəti aparmaq tələbi qoyur. Bir növ bunu onun qarşısında bir öhdəlik kimi qoyublar. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın rəhbərlik etdiyi qurumu 2020-ci ilin 44 günlük müharibəsində Ermənistana kömək göstərməkdən imtinasına görə dəfələrlə kəskin tənqid edib. Əslində isə bu, bəhanədir. Ən azından ona görə ki, Qarabağ Azərbaycan ərazisidir və KTMT-nin məsuliyyət zonasına aid deyil. Belə olan halda bu təşkilatın Qarabağ məsələsinə müdaxilə etməyə heç bir hüququ yoxdur. Ancaq bəlli olduğu kimi, Paşinyan ötən il noyabrın 23-də KTMT-nin İrəvan sammitində təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Daha sonra bu ilin yanvarında Ermənistanda keçirilməsi nəzərdə tutulan KTMT təlimləri baş tutmadı. Çünki Paşinyan hakimiyyəti bundan imtina edib. Bununla yanaşı, neçə vaxtdır Rusiya KTMT qüvvələrini Ermənistan-Azərbaycan sərhədinə yerləşdirmək istəyir. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, Ermənistanda KTMT-nin missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər. O, Qarabağın KTMT-nin məsuliyyət zonasına daxil olmadığını xatırlayaraq, bu missiyasının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin sabitləşməsinə əhəmiyyətli töhfə verəcəyini iddia edir. Hətta Zaxarova onu da dedi ki, top Ermənistanın tərəfindədir. Ancaq Paşinyan hakimiyyəti bütün bunlara müsbət reaksiya vermədi. Niyə? Ona görə ki, Ermənistan Rusiyanın orbitindən çıxmaq istəyir. Ermənistan sərhədində Avropa İttifaqının monitorinq missiyası olduğu halda, rəsmi İrəvan KTMT-ni bu işə şərik etməyəcək. Belarusda keçiriləcək “Qaya-2023” xüsusi təlimlərindən imtina olunması da bu siyasətin tərkib hissəsidir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Revanşistlərin sosial bazası güclü olmasa da, maliyyə və media resursları güclüdür”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda sentyabrın 19-dan bəri davam edən etiraz aksiyaları ilə bağlı …