Şənbə , May 28 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənilərin nə deməsindən asılı olmayaraq, de-fakto Minsk Qrupu yoxdur”

Təbriz Musayev: “Ermənilərin nə deməsindən asılı olmayaraq, de-fakto Minsk Qrupu yoxdur”

Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə bəyan edib ki, anti-Rusiya dalğası kontekstində Qərb ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmini ləğv edib: “ATƏT-in Minsk Qrupu çərçivəsində Qarabağ danışıqları üçün nəzərdə tutulan kvota ləğv edilib. Bizim fransalı-amerikalı həmkarlarımız rusofobiya hissi ilə dedilər ki, bizimlə bu formatda əlaqə saxlamayacaqlar”.

Əslində bununla Lavrov rəsmən bəyan etdi ki, ATƏT-in Minsk Qrupu yoxdur. Ancaq Lavrovun bu bəyanatı Ermənistanda, ciddi məyusluqla yanaşı, narazılıqlara səbəb olub. Erməni tərəfi heç cür bununla barışmaq istəmir. Erməni tərəfi bəyan edir ki, Minsk Qrupunu fəaliyyətsiz edən və bölgədəki işləri təkbaşına həll etmək istəyən məhz Moskvadır: “Rusiya-Ukrayna müharibəsindən bir ildən çox əvvəl Moskva ATƏT-in Minsk Qrupunun fəaliyyətini davam etdirmək istəsəydi, bu barədə bəyanat verərdi, amma Moskvadan belə bir rəsmi açıqlama olmadı. Üstəlik, Moskva həmişə Rusiya-Azərbaycan-Ermənistan formatında üçtərəfli fəaliyyətin tərəfdarı olub”.

Digər tərəfdən, separatçıların keçmiş qondarma “xarici işlər naziri” Arman Məlikyan bəyan edib ki, Lavrovun məlum açıqlaması MQ-nin hüquqi baxımdan dayandırılması sayıla bilməz: “On bir dövlətdən (Ermənistan və Azərbaycan da daxil olmaqla) ibarət Minsk Qrupu var, onun tərkibində şərti icra orqanı – həmsədrlik var. Hazırda ABŞ və Fransa Rusiya ilə həmsədrlik çərçivəsində əməkdaşlıqdan imtina edib, lakin bununla Minsk Qrupunun fəaliyyəti hüquqi baxımdan dayandırılmış sayıla bilməz. Yəni Minsk Qrupu var, amma fəaliyyəti qeyri-mütəşəkkildir. Yəqin ki, bu danışıqlar platformasının taleyi məhz ATƏT-in prosedurları əsasında, konsensus prinsipi əsasında həll edilməlidir”.

Görünən odur ki, ermənilər Minsk Qrupunun dəfn edilməsi ilə barışmaq istəmirlər. O baxımdan, separatçı Məlikyanın dəyərləndirməsindən çıxış etsək Minsk Qrupu həmsədrlərinin fəaliyytini bitmiş saymaq olarmı?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, ermənilərin nə deməsindən asılı olmayaraq, de-fakto Minsk Qrupu yoxdur: “Qaldı məsələnin de-yure tərəfinə, o da formal bir şeydir ki, əvvəl-axır o da olacaq. Zatən yeni geosiyasi reallıqlar fonunda bunun yaxın perspektivdə baş verəcəyi ehtimalı böyükdür. Bunu ermənilər də yaxşı bilir, amma hələlik etiraf etmək istəmirlər. Ən azından, Avropa İttifaqı vasitəçi olaraq təşəbbüsü əla alırsa, bəlli məsələdir ki, Minsk Qrupunun felən tarixin arxivinə getməsi qaçılmazdır. Ermənilərin Lavrovun Minsk Qrupu ilə bağlı səsləndirdiyi bədbin fikirləri müqavimətlə qarşılayacaqları gözlənilən idi. Çünki onun məlum fikirləri Vətən müharibəsindən sonra Ermənistanın MQ ilə bağlı apardığı kampaniyaya güclü və gözlənilməz zərbə oldu. Məsələ ondadır, Ermənistanın xarici siyasəti, erməni diasporunun fəaliyyəti var gücü ilə çalışırdı ki, MQ danışıqlarda yenidən əvvəlki kimi təşəbbüsü ələ alsın. Bütün təbliğat bunun üzərində fokuslanmışdı. İndiyə qədər bir sıra məsələlərdə Rusiyaya qarşı olan Qərb, MQ çərçivəsində əməkdaşlığa gəldikdə, Moskva ilə ortaq mövqedən çıxış edib. İllərlə bunun şahidi olmuşuq. Ancaq Lavrovun son açıqlaması göstərdi ki, artıq Qarabağ məsələsində də Qərb MQ çərçivəsində Rusiya ilə əməkdaşlıq etmək istəmir. Bu isə o deməkdir ki, Ermənistan hərbi məğlubiyyətdən sonra siyasi müstəvidə də növbəti məğlubiyyətlə üzləşir. O üzdən, ermənilərin həmsədrlik formatının dağılmasına qarşı müqaviməti prosesi dayandıra bilməyəcək”.

Bu baxımdan İAT sədri hesab edir ki, qatar artıq gedib.

Həmçinin oxuyun

Fransa səfiri Azərbaycan XİN-ə çağırıldı – ETİRAZ

Fransanın Azərbaycandakı səfiri Zakari Qros bu gün Xarici İşlər Nazirliyinə dəvət edilib. Azinforum.az xəbər verir ki, …