Şənbə , Avqust 13 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənilərin məqsədi 3 ildən sonra Laçın şəhərini təhvil verməkdir”

Təbriz Musayev: “Ermənilərin məqsədi 3 ildən sonra Laçın şəhərini təhvil verməkdir”

Ermənistan nəhayət “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başlayır. Məsələ ondadır ki, “Laçın dəhlizi”nə alternativ yolun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq. Bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qeyd olunur ki, tenderdə qalib gələn şirkət alternativ yolun Ermənistan ərazisinə düşən 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək: “Bəzi məlumatlara görə, Azərbaycan tərəfi yolun Ermənistan hissəsini də öz vəsaiti ilə tikməyi təklif edib, amma baş nazir Nikol Paşinyan ictimaiyyətin münasibətindən ehtiyatlanaraq bundan imtina edib”.

Məlumat üçün qeyd edək ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış 10 noyabtr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yol çəkilməlidir. Azərbaycan tərəfi artıq Laçın şəhərindən yan keçən 32 km-lik yolun tikintisini başa çatdırır, Ermənistan tərəfi isə işlərə hələ başlamayıb. Laçın şəhərindən yan keçən yeni yol istifadəyə veriləndən sonra Laçın şəhəri və rayonun hazırda Rusiya hərbçilərinin nəzarətində qalmış kəndləri Azərbaycanın nəzarətinə qaytarılacaq. Ermənistanın Gorus şəhəri ilə Xankəndini birləşdirəcək və Laçın şəhərinən yan keçəcək 32 kilometrlik yeni yola Rusiya sülhməramlıları nəzarət edəcək.

O da məlumdur ki, bu vaxta qədər Ermənistan yolun onların ərazisinə düşən hissəsinin tikintisini ümumiyyətlə müzakirə etmirdi. Məqsəd prosesi yubatmaq idi. Bu baxımdan Ermənistanın son qərarı Laçından çəkilən yeni yolun işə düşməsini sürətləndirə bilərmi?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Ermənistanın bunu qəbul etməkdən başqa çıxış yolu yox idi: “Bəli, Ermənistan hər vasitə ilə çalışır ki, proses uzansın. Çünki onlar şou düzəldərək, Laçın şəhərində və Zabux kəndində erməni ailələr yaşayır deyə, bundan boyun qaçırmaq istəyirdilər. Ancaq nəzərə alsaq ki, 10 noyabr razılaşmasında yeni yol hazır olandan sonra Laçın şəhəri və 6 kəndin Azərbaycana təhvil verilməsi öz əksini tapıb, o zaman Ermənistanın başqa çıxış yolu yox idi. Burada məsələ bir qədər başqadır. Biz nəzərə almalıyıq ki, razılaşmada 3 ildən söhbət gedir. Yəni 3 il ərzində yeni yol hazır olmalıdır. Azərbaycan isə daha tez yeni alternativ yolu çəkdi. Bu o deməkdir ki, gələn ilin noyabrını – razılaşmanın 3 ilinin tamam olmasını gözləməyə ehtiyac yoxdur. Ancaq hələ ki, ermənilər belə düşünmür və bu səbəbdən tələsmirlər. Onların məqsədi 3 il tamam olandan sonra Laçın şəhərini təhvil verməkdir. Bu səbəbdən hələ avqust ayında Gorusdan yol çəkilməsi ilə bağlı tender elan edəcəklər. Belə baxanda Ermənistan hissəsinə düşən 8 kilometr elə də böyük məsafə deyil. Ancaq erməni xislətini nəzərə alsaq, onlar prosesi uzatmaq üçün hər cür bəhanə uyduracaqlar. Biz isə istəyirik ki, Laçın şəhəri daha tez nəzarətimizə keçsin. Bax, məsələ bundadır. Deməyim odur ki, ermənilər prosesi uzatmasaydılar, payıza qədər Laçın şəhəri və 6 kənd nəzarətimizə keçərdi”.

Bu baxımdan İAT sədri hesab edir ki, Laçın şəhəri ilə bağlı Azərbaycan Ermənistana təzyiqləri artırmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Təbriz Musayev: “Göyçəyə, Zəngəzura, Dərələyəzə, Ağbabaya dönüşümüz xəyal yox, reallıqdır”

“Azərbaycan Prezidenti İlham Əliyev 1988-ci ildən sonra Ermənistanda yaşayış məntəqələrini və evlərini tərk etmiş azərbaycanlıların …