Çərşənbə axşamı , Yanvar 25 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Cənubi Qafqazda bir sıra məsələlərdə Rusiya ilə Aİ-nin maraqları uzlaşır”

Təbriz Musayev: “Cənubi Qafqazda bir sıra məsələlərdə Rusiya ilə Aİ-nin maraqları uzlaşır”

“Mən iki ölkə arasındakı münasibətlərin normallaşmasına kömək etmək üçün Rusiya və Avropa İttifaqının həqiqi istəyini görürəm”. Bunu Prezident İlham Əliyev Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, əks halda, onlar bu danışıqlarda bizə vaxt sərf etməzdilər, vaxtımızı almazdılar: “Rusiya və Avropa İttifaqı əsas beynəlxalq oyunçulardandır. Onların görəcəyi çox iş var, çox geniş gündəlikləri var. Əgər onlar bu məsələni müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək üçün bir dəfə deyil, mütəmadi olaraq vaxt sərf edib səy göstərirlərsə, bu o deməkdir ki, onların əsl istəyi kömək etməkdir və biz bunu qiymətləndiririk. Biz burada hər hansı rəqabət görmürük, baxmayaraq, bəziləri düşünə bilər ki, bu bir növ rəqabətdir, qətiyyən belə deyil. Bizə gəlincə, görürük ki, bu səylər bir-birini tamamlayır, bu səylər sülh prosesini dəstəkləyə bilər. Mən onu da bilirəm ki, Prezident Putin və Prezident Mişel arasında təmaslar olub, onlar, Azərbaycanla Ermənistan arasındakı münasibətlər də daxil olmaqla, bir çox məsələləri müzakirə ediblər. Düşünürəm ki, uzunmüddətli sülhdə maraqlı olan beynəlxalq ictimaiyyətin, təsisatların, ölkələrin bu səyləri çox müsbət nəticə verə bilər. Çünki uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçular prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməlidirlər”.

Görünən odur ki, ölkə prezidenti Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsində Avroittifaqla Rusiyanın səylərində hansısa rəqabət görmür.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Cənubi Qafqazda bir sıra məsələlərdə Rusiya ilə Avropa İttifaqının maraqları uzlaşır: “Məsələ ondadır ki, hazırda həm Aİ, həm də Rusiya regionda sabitliyin bərqərar olmasında maraqlıdır. Belə olmasaydı, Rusiya Qarabağ məsələsini alovlandırardı. Rusiya əsasən nəqliyyat-kommunikasiya xətlərinin açılmasına görə sabitlikdə maraqlıdır. Çünki nə qədər ziddiyətli məqamlar olsa da, Ermənistan Rusiyanın strateji müttəfiqi sayılır. Hər iki ölkə hərbi və iqtisadi bloklarda təmsil olunur. Rusiya Gürcüstandan yan keçməklə Azərbaycan üzərindən Ermənistanla dəmir yolu əlaqəsi qurmaq istəyir. Bundan başqa, Fars körfəzi ilə Rusiyanı əlaqələndirən Şimal-Cənub Nəqliyyat Dəhlizi Azərbaycan üzərindən keçir. Ona görə də regionda gərək dayanıqlı sabitlik olsun ki, bu layihələr işləsin. Avroittifaqın maraqlarına gəldikdə isə, qurum zəngin enerji resurslarının daşınması üçün sülhün bərqərar olmasında maraqlıdır. Burada söhbət təkcə Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxarılmasından getmir. Söhbət həm də Türkmənistan qazının Cənubi Qafqaz üzərindən nəql edilməsi perspektivindən gedir. Digər tərəfdən, Avropada yaxşı bilirlər ki, sülh olmadan, sərhədlər və nəqliyyat-kommunikasiya xətləri açılmadan Ermənistanın inkişafından söhbət gedə bilməz. Bunlar olmadan Avropadan Ermənistana sərmayə yatırmağın hansısa perspektivi olmayacaq. Bax, bütün bu məqamlar onu deməyə əsas verir ki, iki böyük siyasi oyunçu Azərbaycan-Ermənistan münasibətlərinin düzəlməsində maraqlıdır”.

İAT sədri onu da qeyd etdi ki, tərəflər səylərini daha da artırmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi. Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının …