Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bütün bu mesajlar Minsk Qrupunun dirildilməsinə hesablanıb”

Təbriz Musayev: “Bütün bu mesajlar Minsk Qrupunun dirildilməsinə hesablanıb”

“Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq Cənubi Qafqazda davamlı sülh və inkişaf üçün vacibdir”. Bunu ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde təhlükəsizlik məsələləri üzrə illik konfransda deyib.

O qeyd edib ki, 2020-ci ildə əldə olunmuş atəşkəs ikinci Ermənistan-Azərbaycan Qarabağ müharibəsinə son qoyub və ATƏT regionda öz səylərini bərpa etmək üçün bu məqamdan istifadə etməlidir. ATƏT sədrinə görə, qalan problemlərin uzunmüddətli həllini tapmaq çox vacibdir.

Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlığın vacibliyini vurğulayan Linde onu da bildirib ki, əməkdaşlıq məsələləri infrastruktur, rabitə və ətraf mühit kimi sahələri əhatə edə bilər: “Mənim xüsusi nümayəndəm hər üç ölkə ilə əməkdaşlıq edir və biz tərəflərin konstruktiv yanaşmasını qiymətləndiririk”.

ATƏT rəsmisi elə danışır ki, sanki sözügedən qurum 10 noyabr razılaşmasının əldə olunmasında həlledici rol oynayıb. Məgər atəşkəsin əldə olunmasına ATƏT-in Minsk Qrupu hansısa töhfə verib ki, indi də regionda öz səylərini bərpa etmək istəyi ilə çıxış edirlər?

Sözügedən məsəlni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bütün bu mesajlar Minsk Qrupunun dirildilməsinə hesablanıb: “İstər ABŞ, istərsə də Fransa və digər qurumlar hər vasitə ilə ATƏT-in Minsk Qrupunu yenidən prosesə qaytarmaq istəyirlər. Son günlər səfirlərdən tutmuş müxtəlif rəsmilər səviyyəsində səslənən çağırışlar, siyasi xarakterli bəyanatlar yalnız buna hesablanıb. Bu baxımdan ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin fikirləri də ümumən bunun tərkib hissəsidir. O, bir sıra məsələlərlə bağlı açıq danışmasa da, əslində işarəni Minsk Qrupunun yenidən fəaliyyətə başlamasına vurub. Bunlar qəbul etmək istəmirlər ki, Minsk Qrupunun fəaliyyəti başa çatıb. Artıq bu quruma ehtiyac yoxdur. 10 noyabr razılaşmasına gedən yol Azərbaycan Ordusunun parlaq qələbəsi sayəsində mümkün oldu. Razılaşmanın moderatoru Minsk Qrupu yox, Rusiyadır. Razılaşmanı təmin edən başlıca faktorlardan biri də Türkiyənin regionda var olması və öz sözünü deməsi ilə bağlı oldu. Kimin nə deməsindən asılı olmayaraq, bu belədir və hansısa qüvvə Türkiyənin praktiki olaraq proseslərin içində olmasını əngəlləyə bilməz. ATƏT bundan sonra Qarabağ məsələsində ancaq humanitar nöqteyi-nəzərdən fayda verə bilər”.

İAT sədri bildirdi ki, Minsk Qrupunun əvvəlki qaydada vasitəçilik etməsi tarix oldu və onun yenidən bərpası mümkün görünmür.

Həmçinin oxuyun

“Ermənistan irəliləyişin qarşısını almağa cəhd edir” – Ceyhun Bayramov

“Münaqişənin həlli Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması ilə regional əməkdaşlıq, inkişaf və rifah üçün yeni …