Bazar , Noyabr 28 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bu, Ermənistana fəlakət vəd edir”

Təbriz Musayev: “Bu, Ermənistana fəlakət vəd edir”

Avrasiya İqtisadi Komissiyasının rəsmisi İya Malkina bəyan edib ki, Rusiyada rəsmi qeydiyyatdan keçmiş erməni miqrantların sayı 202 min nəfərə çatıb. Bununla yanaşı qeyd edilib ki, 385 min Qırğızıstan, 81 min Belarus və 70 min Qazaxıstan vətəndaşı işçi kimi fəaliyyət göstərib.

Bu isə ümumilikdə 2019-cu illə müqayisədə təxminən 40 faiz çoxdur. Malkina onu da xatırladıb ki, sözügedən respublikalardan olan qanunsuz mühacirlərə sentyabrın 30-dan əvvəl rəsmi qeydiyyatdan keçmək imkanı yaradıllıb..

Onu da qeyd edək ki, Ermənistan Mərkəzi Bankının statistikasına görə, 2021-ci ilin yanvar-avqust aylarında ölkəyə Rusiyadan təxminən 281 milyon dollar köçürülüb. Burada diqqəti çəkən məqam odur ki, əhalinin sayına görə Ermənistan yuxarıdakı göstərilən 3 ölkədən geri qalır, amma miqrant sayına görə ikincidir. Üstəlik, bu rəqəm müharibədən sonra Ermənistandan Rusiyaya kütləvi köçü bir daha əsaslı şəkildə sübut edir. Bəlli olur ki, müharibədən sonra ermənilərin ən çox köç etdiyi ölkə məhz Rusiyadır.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin sözlərinə görə, bu hələ başlanğıcdır: “Rusiya rəsmisinin erməni miqrantlarla bağlı verdiyi açıqlama çox ciddi məqamlardan xəbər verir. Nəzərə alsaq ki, miqrantların sayında pandemiyadan əvvəlki dövrlə müqayisədə hardasa yarıbayarı artım var, bu bir daha Ermənistandakı sosial-iqtisadi vəziyyətin necə kritik olmasından xəbər verir. Adətən əvvəllər Tacikistandan Rusiyaya üz tutan miqrantlar çoxluq təşkil edirdi. Son vaxtlar isə biz görürük ki, Ermənistan önə keçib. Ermənistan əhalisi, rəsmi məlumata görə, 2 milyon 900 min nəfərdən artıqdır. Ancaq bu, kağız üzərində olan rəqəmdir. Praktiki olaraq Ermənistanda bu qədər əhali yaşamır. Nikol Paşinyan hakimiyyətə gələndən sonra ilk dövrlərdə Ermənistandan miqrasiya qismən səngidi. Ancaq bu çox da uzun sürmədi. Məsələ ondadır ki, Paşinyanın populizmə qapılaraq vəd etdiyi xarici sərmayə ölkəyə gəlmədi. Adətən o ölkədə xaricə miqrasiya səviyyəsi aşağı olur ki, orada işgüzar fəallıq, sərmayə axını müşahidə edilir. Ermənistanda hakimiyyət dəyişikliyi bu baxımdan ölkədə bir investisiya bumu yarada bilmədi. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Bir sözlə, bəlli oldu ki, Ermənistan xarici sərmayədarlar üçün cazibədar ölkə deyil. 2020-ci ilin əvvəllərində Ermənistanı ağuşuna alan pandemiya və həmin ilin payızında İkinci Qarabağ müharibəsində yaşanan məğlubiyyət ölkədən miqrasiyanın daha intensiv hal almasına təkan verdi. Əslində bu, əhalisi az olan Ermənistana fəlakət vəd edir. Çünki adətən əmək qabiliyyətli vətəndaşlar ölkəni tərk edir. Bunun da zatən demoqrafik göstəriciləri bərbad olan Ermənistan üçün nə demək olduğunu geniş izah etməyə ehtiyac yoxdur. Hesab edirəm ki, son vaxtlar Ermənistan hakimiyyətinin Azərbaycanla bağlı bəzi pozitiv reveransları bundan irəli gəlir. Söhbət kommunikasiya xətlərinin açılması ilə bağlı İravandan verilən siqnallardan gedir. Anlayırlar ki, güzəştə getməsələr vəziyyət daha pis olacaq”.

İAT sədri hesab edir ki, Ermənistan rəhbərliyi ölkədə yaranan ağır sosial-iqtisadi vəziyyəti və bundan çıxış yollarını düzgün dəyərləndirməsə onları faciəli sonluq gözləyir.

Həmçinin oxuyun

“Növbəti addımlara hazır olmalıyıq” – Sahibə Qafarova Assambleyada çıxış etdi – FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və …