Cümə axşamı , Fevral 25 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Beynəlxalq qurumların bunu illərdir görməzdən gəlməsi ortadadır”

Təbriz Musayev: “Beynəlxalq qurumların bunu illərdir görməzdən gəlməsi ortadadır”

“Metsamor” Atom Elektrik Stansiyası modernləşmə işlərinin tamamlanması üçün 141 gün müddətinə dayandırılacaq.

Bu məsələ yanvarın 22-də Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla Rusiyanın İrəvandakı səfiri Sergey Koprıkin arasında müzakirə olunub.

Bildirilib ki, stansiyada nüvə təhlükəsizliyi tədbirləri ilə bağlı bütün işlər yekunlaşdırıldıqdan sonra onun istismar müddəti 2026-cı ilədək uzadılacaq. Bununla belə, hətta 2026-cı ildən sonra da “Metsamor” AES-in fəaliyyət göstərməsi planlaşdırılır: “Stansiyanın dayandırılmasından əvvəl reaktor salonunda qurğuların quraşdırılması üçün lazım olan 250 tonluq kranları modernləşdirmək lazımdır. Reaktordan yanacaq və ağır texnikanın boşaldılması da lazım olacaq. Bu il planlaşdırılan bütün fəaliyyətlərin uğurla həyata keçirilməsindən sonra Ermənistan hökuməti yanında Dövlət Nüvə Təhlükəsizliyi Tənzimlənməsi Komitəsi stansiyanın istismarı üçün lisenziyanı 2026-cı ilədək uzadacaq. Bundan əlavə, AES-də müəyyən işlərdən sonra reaktor qabının fiziki və mexaniki xüsusiyyətləri bərpa ediləcək. Nəticədə stansiya 2026-cı ildən sonra da işləyə bilər”.

Azərbaycan uzun illərdir ki, Ermənistanda Sovet dönəmindən qalan və istifadə müddəti çoxdan bitmiş “Metsamor” AES-in region üçün böyük təhlükə mənbəyi olduğunu bəyan edir. Ancaq təəssüflər olsun ki, beynəlxalq qurumlar buna biganə yanaşırlar. Bununla yanaşı, Ermənistanla Aİ arasında əldə olunan razılaşmada nüvə stansiyasının bağlanmasına dair xüsusi bir bənd var. Eyni zamanda, Aİ sözügedən stansiyanın bağlanması ilə bağlı bir neçə dəfə çağırış edib. Belə olan halda, Ermənistanın “Metsamor” AES-i bağlamaq əvəzinə, onun istismar müddətini uzatması nə deməkdir?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Ermənistanın “Metsamor” AES-lə bağlı bu cür pozucu siyasət yeritməsini bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla Ermənistan əmindir ki, beynəlxalq qurumlar sözügedən AES-ə görə rəsmi İrəvana hansısa sanksiya tətbiq etməyəcəklər. Çünki beynəlxalq qurumların bunu illərdir görməzdən gəlməsi ortadadır. O cümlədən, Aİ-nin çağırışı da ciddi deyil. Baxmayaraq ki, “Metsamor” AES-i region ölkələri üçün potensial fəlakət mənbəyidir. İkinci tərəfdən, Ermənistanın əsas arqumenti odur ki, ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək üçün digər alternativ yoxdur. Varsa da, ölkənin iqtisadi imkanları yeni stansiya tikmək üçün yetərli deyil. Məhz bu iki faktordan istifadə edərək müxtəlif bəhanələrlə AES-in fəaliyyət müddətini uzadırlar. Onu da nəzərə almaq lazımdır ki, Ermənistan bir neçə dəfə “Metsamor” AES-in modernləşdirilməsi ilə bağlı Avropa qurumlarından vəsait alıb. Ancaq həmin vəsaitlər təyinatı üzrə xərclənməyib. İndi də beynəlxalq qurumları aldadırlar ki, guya Rusiya stansiyanın avadanlıqlarını yeniləyir. Bu isə real görünmür”.

İAT sədri hesab edir ki, təkcə Azərbaycan yox, bütün region ölkələri “Metsamor” AES-i ilə bağlı kəskin mövqe sərgiləməlidirlər. Bəlkə o zaman bununla bağlı konkret addımlar atılsın. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Gürcüstanın keçmiş səfiri: “Qarabağ münaqişəsinin həlli region üçün yeni imkanlar açacaq”

“26 fevral tarixinin Azərbaycan üçün nə qədər ağrı-acılı gün olduğunu bilirəm”. “Report”un yerli bürosu xəbər …