Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Bayraq məsələsi növbəti baş verəcək narazılıqların xəbərçisidir”

Təbriz Musayev: “Bayraq məsələsi növbəti baş verəcək narazılıqların xəbərçisidir”

Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında Ermənistan bayrağının tərsinə qoyulması erməni cəmiyyətində narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə sadə ermənilərlə yanaşı, bir sıra müxalif siyasətçilər bunu ölkənin əsas atributuna hörmətsizlik kimi qiymətləndirib.

Xatırladaq ki, KTMT-nin XİN başçıları, müdafiə nazirləri və təhlükəsizlik şuralarının katibləri Şurasının Düşənbədə keçirulən birgə iclasında erməni bayrağı tərsinə asılıb. Yerli media mövzunun üstündən keçməyərək bunun bir təxribat ola biləcəyini ehtimal edib. Saytlar toplantının təşkilatçıları ilə yanaşı, bayrağın qarşısında oturan Ermənistan rəsmisini də qınayıblar. Ancaq sonra məlum olub ki, bu təsadüfi deyil. Bu, əslində Rusiyanın Ermənistana cavabı kimi dəyərləndirilib. Çünki İrəvan da oxşar hörmətsizliyi Rusiyaya qarşı edib. Söhbət ondan gedir ki, bu ilin aprel ayında Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov Ermənistan Müdafiə Nazirliyində görüş keçirərkən rus bayrağı masaya tərsinə qoyulub. Görüşlə bağlı fotolar Ermənistan müdafiə nazirliyinin saytından tez bir zamanda silinsə də, jurnalistlər həmin görüntüləri ictimailəşdirə bilib. Nəticədə Ermənistanın bu hörmətsizliyi Rusiyada birmənalı qarşılanmayıb.

Görünən odur ki, KTMT-yə sədrliyin Ermənistana keçməsi indidən gələcəkdə bir sıra problemlərin olacağından xəbər verir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, KTMT sədrliyinin rotasiya qaydası ilə Ermənistana keçməsi hansısa fövqəladə dəyişikliklərin baş verməsinə gətirib çıxarmayacaq: “Ən əzı ona görə ki, bu təşkilatı Rusiya idarə edir. Ermənistan Moskvanın cızdığı xətdən çətin kənara çıxa bilsin. Digər tərəfdən, orada başqa ölkələr təmsil olunur və bu o deməkdir ki, qərarlar konsensus qaydada qəbul olunacaq. Ancaq nəzərə alsaq ki, Ermənistanda hakimiyyətdə yenə Paşinyan və onun komandasıdır, o zaman təşkilat daxilində bəzi problemlərin yarana biləcəyi istisna deyil. O mənada ki, Paşinyan KTMT-ni urvatdan salmaq üçün bəzi provokasion xarakterli addlımlar ata bilər. Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra KTMT-yə yönəlik bir sıra addımlar atdı. Onlardan ən təsirlisi təşkilat sədri Yuri Xaçaturova Ermənistanda cinayət işinin açılması idi. Y.Xaçaturov 2008-ci ilin martında Ermənistanda baş verən hadisələrə görə ittiham edilərək həbsə atıldı. Nəticədə KTMT bir növ dünyada biabır oldu. Həmçinin Ermənistanın sədrliyi yarımçıq oldu və təşkilata sədrlik Belarusa keçdi. Ancaq Paşinyan Stanislav Zasın sədr olmasını xeyli yubatdı. Heç şübhəsiz, bütün bunlar Rusiya hakimiyyətində narazılıq yaratdı. O baxımdan hesab edirəm ki, bayraq məsələsi növbəti baş verəcək narazılıqların xəbərçisidir. Ermənistan çalışacaq ki, KTMT-ni Qarabağ məsələsinə alət etsin. Təbii ki, Ermənistanın bu cəhdi baş tutmayacaq. Ən azı ona görə ki, KTMT-də təmsil olunan ölkələr Azərbaycanla yaxın münasibətlərə malikdir. Bunun qarşılığında Ermənistan KTMT-ni hörmətdən salmaq üçün müəyyən cəhdlər edəcək. O baxımdan güman olunur ki, Ermənistanın KTMT-yə rəhbərliyi rəvan keçməyəcək”.

İAT sədri hesab edir ki, bütün bunlar Rusiya-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək.

Həmçinin oxuyun

Əli İnsanovun da partiyası QEYDİYYATA ALINDI – AÇIQLAMA

Azərbaycanda daha bir partiya – Haqq Ədalət Partiyası (HƏP) dövlət qeydiyyatına alınıb.Bununla bağlı partiyanın sədri …