Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Aİİ-yə qoşulmaq məsələsində Azərbaycan tələsməməlidir”

Təbriz Musayev: “Aİİ-yə qoşulmaq məsələsində Azərbaycan tələsməməlidir”

“Bakı ilə Avrasiya İqtisadi İttifaqının əməkdaşlıq potensialı olduqca yüksəkdir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisinin fikrincə, Azərbaycanın Aİİ ilə dialoqunun hər hansı bir formatda inkişafı, sözsüz ki, bütün region üçün hissolunan effekt verər: “Öz tərəfimizdən Azərbaycan Baş nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndiririk. Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini görürük. Eləcə də hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq. Əminik ki, Azərbaycanla Aİİ arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək”.

Bundan bir neçə gün əvvəl Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin bəyan etdi ki, Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir və bu çox yaxşıdır: “Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”.

Görünən odur ki, son vaxtlar Rusiya rəsmilərinin Aİİ-yə dəvətlə bağlı bir növ Azərbaycana çağırışları artır. Hiss olunur ki, Azərbaycanı da bu qurumda görmək istəyirlər.

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, prinsipcə, bu, Rusiyanın yeni istəyi deyil: “Əvvəla, Ermənistan xaric bütün Aİİ üzvləri Azərbaycanı həmin təşkilatda görmək istəyir. Avrasiya İqtisadi Birliyi 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan iqtisadi təşkilatdı. Ermənistanı da Aİİ-yə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Ondan sonra Qırğızıstan bu təşkilata qoşulub. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayır. Ancaq daha çox Rusiyanın marağındadır ki, Azərbaycan Aİİ-yə qoşulsun. Torpaqlarımız işğal altında olan zaman bu real görünmürdü. Üstəlik, gərək hər bir üzv ölkənin buna razılığı olsun. Ancaq Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbəsindən sonra bu yöndə Rusiyanın istəkləri sanki artıb. Çünki bu, Rusiya rəsmiləri timsalında hiss olunur. Rusiya siyasi dairələrində hesab edirlər ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanandan sonra Bakının Aİİ-də təmsil olunmasında problem olmayacaq. Üstəlik, Azərbaycan mühüm nəqliyyat-tranzit qovşaqda yerləşdiyi üçün quruma daha çox gəlir verə bilər. Aİİ-nin nizamnaməsinə görə, toplanan tranzit-gömrük yığımları təşkilatın vahid büdcəsinə daxil olur. Ancaq hesab edirəm ki, Azərbaycan bu məsələdə tələsməməlidir. Ən azından ona görə ki, biz yenidən Rusiyanın təsir dairəsinə düşə bilərik. Bu isə müstəqilliyimizi məhdudlaşdıra bilər”.

İAT sədrinin fikrincə, ən yaxşı halda Azərbaycan müşahidəçi statusu ilə orada təmsil olunmalıdır. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Hikmət Hacıyev Edillidəki kütləvi məzarlıqla bağlı paylaşım edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənd rayonunun …