Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Sürücülər üçün yeni qaydaların faydası nədir?

Sürücülər üçün yeni qaydaların faydası nədir?

Ekspert Nazirlər Kabinetinin qərarını şərh etdi

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlər üçün qaydalar dəyişdirilib. Bəs yeni qaydaların hər hansı bir faydası varmı?
Öncə qeyd edək ki, Nazirlər Kabineti “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”yə və “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”yə dəyişiklik edib.
Dəyişikliyə əsasən, “B” kateqoriyalı sürücülük vəsiqəsi almaq istəyən şəxs təcrübi imtahanı həm mexaniki, həm də avtomatik transmissiyalı nəqliyyat vasitəsində verə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir.
Bundan başqa, digər dəyişikliyə görə, həm ölkə vətəndaşlarına, həm də əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitələrini ölkəyə daxil olduğu gündən bir ay müddətində idarə etmək hüququ verilib. Avtomobili həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsi dəyişdirilməlidir.
Bu dəyişikliklərlə bağlı “Yeni Müsavat”a danışan ekspert Ərşad Hüseynov bildirib ki, bu dəyişiklik sürücülərin xeyrinədir: “Əgər sürücülər düşünürlər ki, hər zaman avtomatik ötürmələr qutusu olan nəqliyyat vasitəsi idarə edəcəklər, bu qaydalar birmənalı olaraq onların xeyrinədir. Minik avtomobili istehsalçıları əsasən avtomatik ötürmələr qutusuna üstünlük verirlər. Həvəskar sürücülərin də mütləq əksəriyyəti elə müasir avtomobil alırlar. Bu insanlar artıq gedib yalnız avtomatik ötürməli avtomobil üçün imtahan verəcəklər. Dünyada da belə təcrübə var. Ümumiyyətlə, müxtəlif ölkələrdə bu məsələyə yanaşma fərqlidir. Elə ölkələr var ki, orada avtomobilləri siniflərinə görə bölüblər. Hətta at gücünə görə bölgü də var. Mühərriki güclü olan avtomobillər üçün imtahan başqadır. Mexaniki ötürmələr qutusunu fərqləndirən ölkələr də var”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın