Şənbə , Noyabr 28 2020
Ana səhifə / Siyasət / Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Suriyada öldürülən Rusiya muzdluları böyük qalmaqala səbəb ola bilər – TƏHLİL

Dahi alman bəstəkarı Vaqnerin əsərlərində yudofobiya, antisemitizm o qədər güclü idi ki, o, bir bəstəkardan daha çox, faşizm üçün ideoloji mənbə olub. Bu səbəbdən İsraildə Vaqnerin əsərlərini qadağan ediblər. Amma təsadüfdür, yoxsa qanunauyğunluq, Suriyada İsrailin böyük Orta Şərq planlarına qarşı döyüşən rus muzdlu şirkətinin adı da Vaqnerdir.

Həmin hərbi şirkətin konratktla döyüşən üzvlərinin çoxu Rusiyadakı müxtəlif radikal millətçi təşkilatların fəalları olub. Onlar haqqında məlumat məxfi saxlanılır və yalnız öldükdən sonra üzə çıxmağa başlayıb. Məlum olan odur ki, Vaqner Rusiyada qeydiyyatdan keçməmiş muzdlu döyüşçülərdən ibarət özəl hərbi şirkətdir. Onun qeydiyyat yeri Honkonqdur. Lakin Krasnodarda Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin – zəhmli QRU-nun təlim düşərgəsi yaxınlığında və ya düşərgəsində hərbi sənətin sirrlərinə yiyələndikləri barədə məlumatlar var. Onların bir çoxu radikal düşüncəli şəxslərdir, çeçen müharibələrində, Donetsk və Luqanskda Rusiyanın maraqlarının həyata keçirilməsində iştirak etmiş, Ukrayna ordusu ilə vuruşublar. Bu səbəbdən bir çoxlarının adları Ukrayna Təhlükəsizlik xidmətində mövcuddur.

Fevralın 7-də Fərat çayı yaxınlığında məhz bu şirkətin üzvlərindən ibarət 500-dək şəxs kürdlərin nəzarətində olan neft zavodunu onlardan almaq üçün hücuma keçib, lakin qəfildən qarşı tərəfdəki bazadan Amerika bayraqları qaldırılıb, sonra isə atəş açılıb, koalisiya qüvvələri aviasiyanın köməyilə onlardan 100 nəfəri öldürüblər. Bu barədə ABŞMüdafiə Nazirliyindəki mənbələr məlumat veriblər. Lakin Rusiya susmağı üstün tutur. Çunki qarşı tərəfi – amerikalıları özünün Fərat sahillərində muzdlu döyüşçülərinin olması barədə məlumatlandırmadığı üçün burada məsuliyyət koalisiya qüvvələrinin üzərindən qalxır.

Eyni zamanda, kontraktla vuruşan muzdluların Suriyada olması hələ ki, qanunla tənzimlənməyib. Rusiya Dumasında 3 ildir ki, özəl hərbi şirkətlərin tərkibində vuruşanların statusu barədə qanun layihəsi hələ ki, baxılmamış qalır. Ən çox güc strukturları bu qanunun qəbul olunmasına mane olmaqda şübhəli bilinir. Çünki qanun qəbul olunarsa, dövlət zorakılıq aksiyaları həyata keçirən döyüşçülərin qanuni hüquqlarını tanımış olacaq.

Rusiyanın bu cür özəl hərbi şirkətlərin xidmətindən istifadə etməsində məqsəd nədir?! Qeyd edək ki, Moskva 2014-cu ildən Ukraynanın şərqində hərbi əməliyyatlara başlamaq qərarı verəndən sonra bu tipli şirkətlərin yaranmasına ehtiyac hiss edib. Məqsəd isə maraqları olduğu və hərbi əməliyyatlar apardığı ölkələrdə öz hərbi iştirakını rəsmi şəkildə göstərməkdən yayınmaqdır. Eyni zamanda, orduda çağırışçılar arasında itkilər ictimai narazılıq yaratdığı halda, muzdluların könüllü müqavilə bağlaması, ölərkən ailələrinin 1 milyon rubl qanpulu alması qarşılığında susması dövlətə sərf edir.

Ən əsas səbəb isə ondan ibarətdir ki, muzdlular əsir düşdükləri və ya həlak olduqları zaman dövlət onlarla əlaqəsini olduğunu inkar edir və belə şəxslərin guya müharibə zonasında vuruşmasından xəbərsiz olduğunu bəyan edir. Elə Fərat sahillərindəki fevralın 7-də 100-dən çox muzdlu döyüşçünün məhv edilməsi ilə nəticələnən hadisəyə görə də ruslar amerikalılara heç bir iddia irəli sürə bilmir. Koalisiya qüvvələrini öz döyüşçülərinin orda olmasına dair xəbərdar etmədikləri üçün, muzdluların beynəlxalq hüquqda tanınmış hər hansı bir statuslarının olmaması səbəbindən, ən əsası da ona görə ki, Rusiya ötən il rəsmi şəkildə qoşunlarının Suriyadan çıxarıldığını, yalnız Hmeymim hərbi-hava bazasında və Tarsus hərbi-dəniz bazasında bir qrup federasiya qüvvələri əsgərlərinin, təlimatçılarının qaldıqlarını bəyan etmişdi. Suriya torpağında “Vaqner” muzdlu döyüşçülərinin olmasını isə etiraf etmirdi. Çünki bu, qeyri-leqal hərbi iştirakdır. İndi bunu təkzib etməsə, öz beynəlxalq imicinə böyük zərbə vurmuş olacaq.

Lakin Rusiya müxalifəti, xüsusən “Yabloko” fraksiyasından Qriqori Yavlinski Putindən bu barədə ölkə ictimaiyyətinə hesabat verməyi tələb edir. Əgər Putin bunu etiraf edərsə, bu, həm də seçkiqabağı onun və ölkəsinin böyük beynəlxalq qalmaqalla üzləşməsini qaçılmaz edə bilər. Çünki Rusiya özünün rəsmən oradan çıxdığını, Ali Baş komandanı Putinin əmrinə əsasən qoşunların əməliyyat meydanından daimi dislokasiya yerinə qayıtması barədə qərar qəbul olunduğunu və ABŞ-dan da eyni addımı gözlədiyini bildirib.

“Vaqner” döyüşçülərinin Deyr əz-Zor vilayətindəki Hişam şəhərində koalisiya qüvvələri ilə üz-üzə gəlməsi Vyetnam müharibəsindən sonra amerikalıların və rusların 50 ildən sonra ilk dəfə müharibə meydanındakı qarşıdurmasıdır. Rusiya onun təlimatı ilə döyüşlərdə iştirak etmiş şəxslərin olmasını və amerikalılarla Fərat sahillərində vuruşmada həlak olduqlarını boynuna alarsa, bu, onun Suriyada qalıb dövlət imicinə çox böyük zərbə vura bilər.

Ukraynanın şərqindəki fəaliyyətinə görə ABŞ-ın sanksiyalar siyahısına salınmış “Vaqner”dən başqa Rusiyada kontrakt əsasında 10-a qədər hərbi şirkət fəaliyyət göstərir. Federal hökumət onlarla əlaqəsini dediyimiz kimi qətiyyətlə təkzib edir. Lakin şirkətin rəhbərliyi və üzvləri dəfələrlə Kremldə yüksək dövlət mükafatları ilə təltif olunublar. Bu isə bütün arqumentlərdən ən güclüsüdür. (AzVision.az)

Həmçinin oxuyun

Moldovalı ombudsman: “Ermənilər insan deyillər, işğalçıdırlar, vəhşidirlər” – Video

“İşğal altında saxladıqları Azərbaycan ərazilərini tərk edən erməni separatçıları evləri yandırır, əmlakı məhv edir, ev …