Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Şuranın 2-ci müsabiqəsinin nəticələri: Layihəsi keçənlər və keçməyənlər nə düşünürlər?

Şuranın 2-ci müsabiqəsinin nəticələri: Layihəsi keçənlər və keçməyənlər nə düşünürlər?

 

Xəbər verdiyimiz kimi dünən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2016-cı il üçün 2-ci müsabiqənin nəticələrini elan edib.
Qeyd edək ki, 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər tərəfindən 295 layihə təklifi daxil olub. Şuradan verilən məlumata görə 21-i təşkilatın layihəsi qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə təkliflərinə tələb olunan sənədlərin çatışmamazlıqların olması və digər bu kimi səbəblərə görə seleksiyadan keçməyib. 274 layihə isə Şura tərəfindən ekspertizaya təqdim edilib.
123 layihə keçid balı topladığı üçün maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.
Hər zamankı kimi, müsabiqənin nəticəsində layihəsi dəstək qazanan QHT-lərlə yanaşı, seleksiyadan və müsabiqədən keçməyən QHT-lər də var. Adətən belə hallarda, bəzi QHT-lər təklif etdikləri layihənin topladığı balları qiymətləndirib növbəti müsabiqəyə hazırlaşmaq əvəzinə, müxtəlif üsullarla Şura rəhbərliyinin fəaliyyətinə şantaj, qarayaxma kimi təzyiq metodlarına əl atmaqla, gələcək müsabiqədə layihələrinin keçməsini təmin edəcəklərini düşünürlər.
Buradaca qeyd edək ki, artıq QHT Şurası 2016-cı il 3-ci qrant müsabiqəsini elan etməyə hazırlaşır. Bu əvvəlki qrant müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir imkan yaratmış olacaq.
Layihələri həm 2016-cı ilin 1-ci qrant müsabiqəsində uğur qazanmayan, həm I dəfədən fərqli olaraq 2-ci müsabiqədə yüksək bal toplayaraq qaliblər siyahısına düşən, həm də hər iki müsabiqədə keçid balı həddini toplamadığından maliyyələşmədən kənarda qalan bir neçə QHT rəhbərindən Şuranın sonuncu qrant müsabiqəsinin nəticələrinə münasibətini öyrəndik.

Azərbaycanda yaşayan Axısxa Türkləri “VƏTƏN” İctimai Birliyinin sədri İbrahim Məmmədov bildirib ki, Şuranın elan etdiyi 2016-cı il 1-ci qrant müsabiqəsinə “Axısxa türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” adlı layihə ilə müraciət ediblər: “Birinci müsabiqədə layihəmizin maliyyələşdirilməsindən imtina edildi. Qüsurları aradan qaldırıb layihəmizi təkmilləşdirdikdən sonra Şuranın 2-ci maliyyə yardımı müsabiqəsinə yenidən təqdim etdiyimiz “Axısxa türklərinin tarixi vətənə dönüşü prosesində maarifləndirmə işinin təşkili” adlı layihə dəstəklənib. Göstərilən etimada və obyektivliyə, bütövlükdə Azərbaycanda yaşayan Axısxa türklərinə göstərilən qayğıya görə görə Şura rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri, jurnalsit Seymur Verdizadə bu il Şuranın 1-ci qrant müsabiqəsinə layihə təqdim etdiklərini, lakin, müsabiqədən keçmədiyini deyib: “Bizim layihəmiz 1-ci müsabiqədən keçmədi. O zaman Şura rəhbərliyi tərəfindən yaradılmış Apellyasiya şikayəti imkanından istifadə etmək niyyətində olmadıq. Artıq, 2-ci müsabiqəyə start verildiyi üçün hesab etdik ki, ekspertlərin gəldikləri nəticə ilə razılaşıb vaxt itirmədən, daha təkmil layihə ilə növbəti müsabiqəyə hazırlaşmaq daha effektiv olar. Və indi – 2-ci müsabiqədə qaliblər sırasında olmağımız göstərdi ki, biz düzgün taktika götürmüşük.
Ümumiyyətlə, hesab edirəm ki, son zamanlar Şurada layihələrin istər seleksiyasında, istərsə qiymətləndirilməsində tətbiq olunan yeni qaydalar dövrün islahat ruhuna uyğundur. Əminəm ki, cəmiyyətin mütərəqqi, yenilikçi kəsimi olan QHT-lər zamanla bu qaydalara uyğunlaşacaq. Və qarşıdakı müsabiqələrdə subyektiv mülayizələrdən daha çox layihələrinə diqqət yetirəcəklər”.

Təqdim etdikləri layihə 2016-cı ilin 1-ci və 2-ci müsabiqədə yetərli bal toplamadığından qalib gəlməyən Demokratik Seçki Mərkəzi İctimai Birliyinin sədri, ictimai sektorun tanınmış simalarından olan Qorxmaz İbrahimli nəticələrə hansısa formada şikayət etmək niyyətində olmadığını bildirib: “Biz “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin aktual problemləri” mövzusunda layihə təqdim etmişdik. Amma görünən odur ki, ekspertlərin yetərli rəyini ala bilməmişk. Layihəmizə ümumilikdə 36,7 bal verilib. Qeyd edim ki, bu il 1-ci müsabiqədə layihə sənədlərimiz qaydasında olmadığı üçün seleksiyadan keçməmişdi. Bu bizi ruhdan salmır. İndi isə növbəti – 3-cü müsabiqəyə layihə təqdim etmək niyyətindəyik”.

2016-cı ilin 1-ci və 2-ci qrant müsabiqələrində tələb olunan keçid balını toplaya bilməyən QHT-lərdən biri – Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov layihələrinin uğur qazana bilməməsini belə əsaslandırıb: “Təşkilatımızın bu dəfə Şuradan maliyyə dəstəyi ala bilməməsinin səbəbi keçən il icra etdiyim layihədə Şuranın xəbəri olmadan dəyişiklik etməyim, layihəni gecikdirməyim və işin icrası zamanı yol verdiyim bir neçə səhlənkarlıq, pozuntu olub. Ümumilikdə, yazdığım layihələrin səviyyəsi heç vaxt müzakirə mövzusu olmayıb və güman edirəm ki, bu gündən sonrada olmayacaq. Fikrimcə, Şuraya daxil olan layihələrin 50-60%-nin səviyyəsi çox aşağıdır. Bəlamız ondadır ki bizim QHT-lərin əksəriyyəti mövcud problemlərin həllinə deyil, qrant almağa daha çox maraqlıdırlar. Odur ki layihəsi keçməyən təşkilat rəhbəri yazdığı və ya yazdırdığı layihənin məzmununa fikir versə yaxşı olar”.

Bu ilki iki qrant müsabiqəsində qalib olmayan təşkilatlardan biri “Tərəqqi” Sosial-iqtisadi Araşdırmalar İctimai Birliyinin sədri İndira Şəmşivari “Regionlarda “Açıq hökumətin təşviqi”i ilə bağlı ictimai müzakirələrin təşkili” layihəsi ilə çıxış etdiklərini qeyd edib: “Biz bir neçə ildir Şura ilə işləyirik, İndiyədək layihələrimiz Şura tərəfindən dəstəklənib. İki dəfə olaraq bu il layihəmiz müsabiqənin qalibləri siyahısında olmur. Ekspertlərlə danışdıq. Məlum oldu ki, hər iki layihə təqdimatında ciddi səhvlərə yol vermişik. Çalışacağıq ki, növbəti qrant müsabiqəsinə uğurlu bir layihə təklif edək”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın