“Xalq Cəbhəsi 1991-ci ildə Azərbaycanda milli ordunun dövlət tərəfindən qurulmasında maneçilik göstərəndə, Azərbaycanın müdafiə nazirlərini bir-bir “aşıranda”, erməni təcavüzkarları Qarabağda təzyiqləri artıranda, Azərbaycan tərəfi gücsüz qalanda ordunun yoxluğu nəticəsində vətənpərvərlər ortaya atılıb hərbi hissələr yaratmağa başladılar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadədə deyib.
O, bu gün ölüm xəbəri yayılan Azərbaycanın sabiq Baş naziri, “qiyamçı polkovnik” Surət Hüseynov barəsində danışarkən deyib.
Z. Əlizadə xatırladıb ki, general-mayor Tacəddin Mehdiyev tərəfindən yaradılmış ordu əvəzinə, o dövrdə Azərbaycanda çoxsaylı başıpozuq hərbi hissələr yarandı:
“O hissələri yaradanlar arasında da Yevlax Yun Zavodunun direktoru Surət Hüseynov vardı. Surət Hüseynov pullu adam idi və rus hərbçilərinə pul verib silah alaraq hərbi birləşmələrinə paylayırdı. O vaxtı Xalq Cəbhəsi hakimiyyətə can atır, çevriliş edirdi. Elə dərəbəylik şəraitində hərbi birləşmələrin komandirləri toplaşıb Surət Hüseynovu 1992-ci ilin mayında özlərinə başçı seçdilər. Xalq Cəbhəsi iyunda hakimiyyətdə gələndə gördü ki, Qarabağdakı hərbi birləşmələrin komandanı Surət Hüseynovdur. Onların əllərində hərbi birləşmələr yox idi deyə başladılar fənd işlətdilər. O vaxtı Əbülfəz Elçibəy Surət Hüseynovu Qarabağ üzrə səlahiyyəti nümayəndə və Baş nazirin müavini təyin etdi. Yəni onu Xalq Cəbhəsi hakimiyyətinə inkorporasiya etdilər. O da 7-8 ay Qarabağdakı bütün hərbi əməliyyatları idarə etdi”.
Müsahibimiz aydınlaşdırıb ki, Xalq Cəbhəsinin rəhbərliyi altında müharibə sözsüz ki, uğurla nəticələnə bilməzdi:
“Çünki onlar savadsız idilər, nə hərbi işləri, nə də siyasəti bilirdilər. Surət Hüseynov isə özü güclü hərbi mütəxəssis idi, sadəcə işgüzar adam olub. Qarabağdakı məğlubiyyətlər silsiləsi başlayanda mən 8 avqust 1992-ci ildə yazmışdım ki, bu, baş verəcək, elə də oldu. Məğlubiyyətlərin günahını isə Surət Hüseynovun üstünə yıxdılar. Bir dənə bəyanat verdilər, bəyanatı da hökumətin adından Rauf Arifoğlu ilə Fərəc Quliyev yazdı. Surət Hüseynovu da xəyanətdə ittiham etdilər. O da qəzəbləndi, üsyan qaldırdı və beləliklə Xalq Cəbhəsi məğlub olub hakimiyyətdən getdi.
Heydər Əliyevin hakimiyyəti dövründə isə Surət Hüseynov yenidən çevriliş etmək istədi, amma alınmadı, Rusiyaya qaçdı. Sonra gətirdilər Azərbaycana və həbsdə yatdı. Çıxandan sonra Rusiyaya iş adamı kimi işləməyə getdi”.