Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Siyasət / “Sülhməramlılar getmək fikrində olsaydı, Qarabağda infrastruktur yaratmazdı”

“Sülhməramlılar getmək fikrində olsaydı, Qarabağda infrastruktur yaratmazdı”

“Qərb ölkələri və təşkilatları Ermənistana kömək etmək və Qarabağda sülhməramlılar yerləşdirməkdə o qədər də maraqlı deyillər. Başa düşməliyik ki, sülhməramlılar bir növ hərbi fəaliyyət təqlidi deyil. Bu, müəyyən şərtlər daxilində hərbi əməliyyatlar üçün real imkandır. Buna görə də, məsələn, Fransa sülhməramlılarına bu lazımdırmı? Onlar Qarabağda döyüşməyəcəklər. Buna görə də Qərb ölkələrindən sülhməramlıların gətirilməsi mövzusunun müzakirə edilməsinə ehtiyac yoxdur. Bu, Qərbdə heç kimə lazım deyil”. 

 Moderator.az xəbər verir ki, bu fikirləri Rusiya mediasına açıqlamasında hərbi ekspert, Şanxay Əməkdaşlıq Təşkilatı yanında MDB İnkişaf İnstitutunun Avrasiya İnteqrasiya Departamentinin rəhbəri Vladimir Yevseyev ifadə edib. 

V.Yevseyev Rusiya sülhməramlılarının ən azı 5 il Qarabağda olacağını diqqətə çatdırıb. 

“Gələcəkdə hər şey Türkiyə və Azərbaycandakı siyasi vəziyyətə  bağlı olacaq. Çox şey Əliyevlə Ərdoğanın hakimiyyətdə qalıb-qalmamasından asılı olacaq. Ancaq bir şey aydın olaraq qalır – rus sülhməramlıları oradan ayrılmaq fikrində deyillər, əks halda Qarabağda güclü bir infrastruktur yaratmazdılar. Əminəm ki, Qarabağda hətta vəziyyət sabitləşsə belə,  sülhməramlılar uzun müddət orada qalacaqlar. İllah da təcavüzkarlığın artması onların qalmasına səbəb olacaq”-deyə Yevseyev vurğulayıb.

Azərbaycan dövlətinin sülhməramlıların fəaliyyəti ilə bağlı son bəyanatlarını Moskvaya təzyiq kimi dəyərləndirən hərbi ekspert rəsmi Bakını “Gürcüstan variantıyla” hədələməkdən də çəkinməyib.

“Bakı sülhməramlıların öz vəzifələrinin öhdəsindən gəlmədiyinə dair Moskvaya mesaj göndərir. Bunu Rusiya tərəfinə, Rusiya sülhməramlılarına təzyiq göstərmək cəhdi kimi görürəm. Bu, Moskva üçün qəti bir mesajdır. Bakı türk sülhməramlılarının yerləşdirilməsi də daxil olmaqla çox şey deyə  və istəyə bilər. Lakin bu kimi məsələlərdə İrəvanın fikirlərini nəzərə alan Moskvanın razılığı olmadan bu planlar həyata keçirilə bilməz. Türk sülhməramlılarının cəlb edilməsi üç ölkə arasında əldə olunan razılaşmaları pozacaq. Və əgər Rusiya sülhməramlıları Qarabağda atəşkəsin pozulması nəticəsində zərər görərlərsə, bu, Moskva ilə qarşıdurma ilə nəticələnə bilər. 2008 -ci ildə Gürcüstanla baş verənlər təkrarlana bilər. Moskvanın səbri hədsiz deyil və Bakı da bunu nəzərə almalıdır. Mövcud vəziyyəti dəyişdirməyə zəmin hazırlamaq üçün edilən hər hansı bir cəhd bölgədə sabitliyin pozulması kimi qiymətləndiriləcək. Bunu indi nə Türkiyə, nə də Azərbaycan istəyir. Ancaq vaxtaşırı olaraq Rusiya tərəfinin müəyyən addımlara və hərəkətlərə reaksiyasını yoxlayırlar”- V.Yevseyev belə deyib.

Həmçinin oxuyun

“İranın yeni rəhbərliyi Azərbaycana qarşı son addımların səhv olduğunu tezliklə anlayacaq”

“Son müşahidələrdən belə nəticəyə gəlmək olur ki, bu, İran tərəfindən səhv addım idi. Çünki Azərbaycan …