Cümə , Oktyabr 23 2020
Ana səhifə / Siyasət / “Sülh prosesi baş tutacaqsa, burada əsas təminatçı kimi Türkiyə faktoru ən ciddi amillərdən biridir” – Afsəddin Nəbiyev
????????????????????????????????????

“Sülh prosesi baş tutacaqsa, burada əsas təminatçı kimi Türkiyə faktoru ən ciddi amillərdən biridir” – Afsəddin Nəbiyev

“Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk Qrupunun üzvüdür”.

Bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, mütləq Türkiyə bu məsələnin siyasi yollarla həll olunmasında fəal rol oynamalıdır: “Türkiyənin bəzi mətbuat orqanlarında yazılır ki, nə üçün Türkiyə Moskvada olmamışdı. Təbii ki, bu, indiki mərhələdə nəzərdə tutulmurdu. Heç Türkiyə qarşısında da belə bir vəzifə durmurdu. Bu, danışıqlar prosesi deyil. Bu, sadəcə olaraq, humanitar əsaslarla tətbiq olunan atəşkəsdir. Yəni bu, danışıqların keçirilməsi üçün təşkil edilmiş tədbir deyildi. Danışıqlar bu günə qədər Minsk Qrupu çərçivəsində aparılır. Ancaq bu danışıqların səmərəsi və heç bir nəticəsi yoxdur. Otuz ilə yaxındır ki, bir santimetr torpaq bizə müzakirə yolu ilə qaytarılmadı”.

Prezidentin fikrincə, Minsk Qrupunun tərkibinə baxsanız görərsiniz ki, orada bu bölgədən uzaqlarda yerləşən ölkələr, bu bölgə ilə heç bir əlaqəsi olmayan ölkələr, münaqişə ilə heç vaxt maraqlanmayan ölkələr də var: “Onların orada mövcudluğu formal xarakter daşıyır. Yaxşı, biz əgər bu münaqişənin həll olunmasını istəyiriksə, – amma biz istəyirik, – elə ölkələr olmalıdır ki, onların gücü də olsun, təsiri də olsun və bu tərkib birtərəfli olmasın. İndi Minsk Qrupunun həmsədrlərinin ölkələrində erməni diasporlarının fəaliyyətinə diqqət yetirin. Hər üç ölkədə erməni diaspor təşkilatları böyük siyasi imkanlara malikdir. O siyasi imkanlar nəticəsində onlar o ölkələrin vəzifəli şəxslərinə təsir edirlər. Yəni bu nə qədər ədalətlidir? Nə üçün Türkiyə də həmsədr olmasın, onsuz da Minsk Qrupunun üzvüdür. Ona görə bizim siyasətimizdə tam məntiq və nəticəyə hesablanmış yanaşma var”.

Görünən odur ki, Türkiyənin ATƏT-in Minsk Qrupunun fəaliyyətində yaxından iştirak etməsinə ciddi zərurət var. Bunun üçün də Türkiyənin həmsədr dövlətlərdən biri olması gərəkdir. Belə olarsa, o zaman bu, münaqişənin ədalətli həllinə müsbət təkan verə bilər.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Türkiyənin həmsədr olması məsələsində Prezidentin ortaya qoyduğu mövqe tamamilə ədalətli yanaşmadır: “Əvvəla ATƏT-in Mink Qrupunun həmsədrlik institutu 1994-cü il dekabrin 5-6-da Budapeştdə keçirilən Zirvə toplantısında təsis edilib. İlk illərdə  həmsədrlik institutuna Finlandiya, Rusiya, 1995-1996-cı illərdə İsveç, Rusiya, 1997-ci ildən ATƏT-in Minsk Qrupu prosesinə həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başladılar. Minsk Qrupunun üzvü olan dövlətlər isə bunlardır: Almaniya, Türkiyə, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya və Finlandiya.

Gördüyümüz kimi, ATƏT-in Minsk Qrupunun həmsədlik institutu Azərbaycanın ən ağır tarixi dövründə yarandı. O zamanların siyasi şərtləri xalqımızın maraqlarını təmin etməyə imkan vermədi və bu proses sonrakı illərdə özünü  göstərdi. ATƏT-in Minsk Qrupu ötən illər ərzində  münaqişə ölkələri olan Ermənistanla Azərbaycana “turist səfərlərindən” başqa heç bir əməli iş görə bilmədilər. Müxtəlif illərdə paket, mərhələli, ümumi dövlət həll yolları təklif etsələr də, bu təklifləri Ermənistan tərəfi ciddiyə almadı. Nətıcə də göz qabağındadır. Ermənistan tərəfi bu münaqişənin dinc yolla həll olunması üçün heç bir şans buraxmadı. Azərbaycan dövləti antiterror əməlliyyatı həyata keçirərək işğalda olan torpaqlarımızı erməni işğalçılarından azad edir. O ki qaldı Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunmasına, bu, ən ədalətli qərar ola bilər. Ali Baş Komandan, Prezident İlham Əliyev “Haber Global”a  müsahibəsində Türkiyənin de-fakto ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunmasını təsdiqlədi. Türkiyənin de-yure təmsilçiliyi münaqişənin tezliklə nizamlanmasına şərait yarada bilər. Türkiyə beynəlxalq hüququn və qardaş Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan edib. Sülh prosesi baş tutacaqsa, burada əsas təminatçı kimi Türkiyə faktoru ən ciddi amillərdən biridir. Bu prosesdə Türkiyənin təmsilçiliyi bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına tezliklə şərait yaradacaq”.

Partiya funksioneri onu da qeyd etdi ki, Türkiyə həmsədr olmadan münaqişənin ədalətli həllinə nail olmaq çətin məsələdir.

Vidadi ORDAHALLI

Həmçinin oxuyun

“Qiyas kimilər qələt eləyir…” – Aqil Abbas

İctimai fəal Qiyas İbrahimovun facebookda Hayk Tigranyan adında erməni istifadəçisi ilə üzə çıxan  yazışmaları hər …