Şənbə , İyun 10 2023
Ana səhifə / Siyasət / “Sülh müqaviləsinin imzalanacağına inanmıram”

“Sülh müqaviləsinin imzalanacağına inanmıram”

“Entoni Blinkenin açıqlamalarından görünən odur ki, Qarabağ məsələsi ilə yanaşı, ərazilərin tanınması məsələsi yenə də öz həllini tapmayıb”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Tofiq Zülfüqarov deyib. 

O, ABŞ dövlət katibinin Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Arlinqton görüşləri barəsində səsləndirdiyi fikirlərə toxunub. 

T. Zülfüqarov xatırladıb ki, Azərbaycan dəfələrlə haqlı olaraq sülh sazişində bir-birinin ərazi bütövlüyünün tanınması tələb edib: 

“Bu baş verməyibsə, deməli, sülh sazişi yox, onun formal görüntüsü var. Danışıqlar vaxtı Ermənistanda müxalifət şou qurmuşdu, az qala Paşinyanı öldürəcəkidilər. Deməli, Ermənistan hələ də sülhə hazır deyil.

Təsəvvür edin, dövlətlər sülh sazişi bağlayıb, amma qarşılıqlı şəkildə əraziləri tanımırlar. Belə bir şey mümkün deyil. Əgər Ermənistan bu mövqe ilə danışıqlara gəlibsə, deməli, o, nəticəni istəmir. Sadəcə, “yox” demək istəmədiyinə görə belə görüntü yaradıblar, guya danışıqlarda maraqlıdırlar.

Azərbaycan Prezidenti də Şuşada buna dair bəyanat verdi, dedi ki, əgər sülh sazişi istəmirsinizsə, istəməyin, belə də yaşaya bilərik.

Lakin irəliləyişləri qeyd etməyə dəyər. Çünki Blinkenin Qarabağ ermənilərini milli azlıq kimi qiymətləndirməsi çox önəmlidir. Çünki ATƏT-in Minsk qrupunun Qarabağ erməniləri ilə bağlı baxışı fərqli idi. İndi isə dəyişiklik baş verib. Əgər kimsə gündəmə milli azlıqlar mövzusunu gətirmək istəyirsə, bu o deməkdir ki, artıq Zəngəzur mövzusu da gündəmə gələ bilər. Hesab edirəm ki, bu, ən vacib məsələdir”.

T. Zülfüqarov bir daha xatırladıb ki, görüşün yalnız 2 ölkə arasındadır və hansısa qondarma qurumlar burada iştirak etmirlər:

“Arlinqton görüşləri Azərbaycan üçün faydalı oldu. Azərbaycan göstərdi ki, davamlı və hərtərəfli sülhə nail olmağa razıdır. Lakin bu sülh milli maraqların əleyhinə ola bilməz. Artıq mövqeyimiz Vaşinqton tərəfindən dəstəklənir. Fransa hələlik fərqli bir mövqe sərgiləsə də, bu, uzun çəkməyəcək. Biz ardıcıl şəkildə məqsədlərimizə nail olmaq üçün diplomatik işlərimizi davam etdiririk.

Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində Azərbaycan və Ermənistan rəhbərlərinin sülh sazişini imzalaması ehtimalına, əslində, inanmıram. Çünki ermənilərin məqsədi hər tərəfdən hansısa təhlükəsizlik təminatları almaqdır. Hətta köhnə siyasəti yeni şəraitdə davam etdirmək niyyətindədirlər.

Bəziləri Paşinyanın sülh barədə çıxışlarını səmimi görsə də, mən buna inanmıram. Paşinyan bəlkə də digərlərindən daha millətçi bir siyasətçidir. Sadəcə olaraq hazırkı məqamda bunu gizlədir”.

Həmçinin oxuyun

Siyavuş Novruzov Heydər Əliyevin hakimiyyətə qayıdışından danışdı

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirilir. Komitə sədri Siyavuş Novruzov …