Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / Struktur islahatlarına haradan başlamalı – Rəylər

Struktur islahatlarına haradan başlamalı – Rəylər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında Azərbaycanda dövlət idarəetmə orqanlarında struktur islahatlarının aparılması zərurətindən bəhs edib.

Bildirib ki, ölkədə daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanacaq: “İndi struktur islahatı gözlənilir. Çünki indi idarəetmədə struktur köhnəlib. Yeni idarəetmə strukturu olmalıdır – daha çevik, daha yığcam, daha məqsədyönlü. Çünki illər boyu yeni qurumlar yaranır. Onlar yarananda o qədər də hiss olunmur. Biri orada, biri burada yarandı, bir agentlik, bir xidmət yarandı. Sonra da baxanda görürük ki, bizim idarəetmə strukturumuz böyük dərəcədə şişirdilib”. Prezidentin sözlərinə görə, indi dünyada əks proses gedir: “İdarəetmə daha yığcam, çevik, daha da məqsədyönlü və az işçi ilə böyük iş görmək üçün. Amma bizdə idarəetmə sistemi şişir. Buna son qoyulmalıdır. Ona görə struktur islahatı, kadr islahatı aparılmalıdır. Hər bir sahədə o sahəyə rəhbərlik edən şəxslər mütləq maksimum səmərə ilə işləməlidirlər”.


Milli Məclisin üzvü, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirir ki, prezidentin qeyd etdiyi islahatlara ötən ildən başlanıb: “Xüsusilə apreldə keçirilən prezident seçkilərindən sonra yeni hökumət kabineti formalaşdırılarkən ciddi dəyişikliklər olundu, kadr islahatı aparıldı. Amma yalnız kadr islahatı ilə məsələ yekunlaşmır. Həqiqətən də bir-birini təkrarlayan, eyniyyət təşkil edən strukturların olması – təhsil, səhiyyə, ictimai-iaşə sistemində, kommunal sektorda – özünü qabarıq şəkildə göstərir. Görünür, prezidentin bununla bağlı ciddi addımlar atmaq niyyəti var”.


F.Mustafanın sözlərinə görə, struktur islahatları çoxsaylı sahələri əhatə edə bilər: “Bir neçə ali məktəblərin birləşdirilməsindən tutmuş, bəzi nöqsanlı sahələrdə daha operativ idarəetmə sisteminin yaradılmasına qədər çoxsaylı istiqamətlər ola bilər. Xüsusilə tikinti sahəsində tənzimləmələrin nizama salınmasına çox ciddi ehtiyac var. Bundan əlavə, kommunal sferada, Bakıda mövcud olan bir sıra problemlərin daha çevik həllinə nail olunmasına hesablanmış addımlar atılmalıdır. Vergi və gömrük sahəsindəki tədbirlər sahibkarların işini xeyli asanlaşdırdı. Lakin yenə də onlar üzərində basqı yaradan, iqtisadiyyatın dirçəlməsini əngəlləyən amillər var. Bunlar hüquqi amillər deyil, subyektiv amillərdir. Ölkə prezidenti regionların inkişafına mümkün olan qədər dəstək verir, rayonlarda çoxsaylı obyektlər, istehsal müəssisələri açılır. Amma açılışlardan sonra müəssisələrin işləməsinə müəyyən məmurlar tərəfindən imkan verilmir. Bu kimi halların aradan qaldırılması üçün bir-birini təkrarlayan strukturlar ləğv olunmalıdır”.
Bakı Baş Tikinti İdarəsinin rəisi və Bakı Şəhər Soveti sədrinin 1-ci müavini vəzifəsində işləmiş Əzim Məsimov hesab edir ki, islahatlar ilk mərhələdə Azərbaycanda yerli icra hakimiyyəti orqanlarının ləğvi ilə başlamalıdır: “Yerlərdə bütün idarəetmə bələdiyyələrə verilməlidir. İndiki bələdiyyələr yerli icra hakimiyyətlərinin əlavəsi kimi fəaliyyət göstərir. Amma onların dünyada olduğu hüquqlara sahib olması təmin edilməlidir. Öz ərazisində yola da, abadlığa da, təhsil və səhiyyəyə də bələdiyyə baxmalıdır. Xüsusilə də Bakıda bələdiyyənin yaradılması çox vacibdir və Bakı ilə bağlı bütün işlər onun nəzarətinə verilməlidir” .


Mütəxəssisin fikrincə, islahatların bir istiqamətini də təhsil sistemi təşkil etməlidir: “Bu qədər ali məktəbin olmasına heç bir ehtiyac yoxdur. Onların çoxu ləğv olunmalı, böyük və müasir tələblərə cavab verən bir neçə universitet yaradılmalıdır. Məsələn, Bakı Dövlət Universitetinin ətrafında Milli Elmlər Akademiyasının bir neçə institutu yerləşir – Fizika İnstitutu, Qeyri-üzvi Kimya İnstitutu, Riyaziyyat, Yüksək Texnologiyalar İnstitutu və sair. Bu institutların hamısı Bakı Dövlət Universitetinə birləşdirilməklə, dünya səviyyəsinə çıxacaq elmi bazası olan universitet yaradılmalıdır. Bundan əlavə, hər nazirliyin, komitənin öz akademiyası var. Bu, nəyə lazımdır? Onların hamısı bir universitetdə birləşdirilməklə fakültəyə çevrilməlidir”.

Müsahibimiz səhiyyə və sosial sferalarda da ciddi islahatları zəruri hesab edir: “Dövlət Əmlak Komitəsi İqtisadiyyat Nazirliyinin bir departamenti olaraq fəaliyyət göstərməlidir. Azərbaycanda bu gün elə genişmiqyaslı özəlləşdirmə prosesi də getmir. Bu qurumun müstəqil fəaliyyət göstərməsi büdcəyə əlavə yükdür. Meliorasiya və Su Təsərrüfatı Agentliyinin Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə qaytarılması lazımdır. Bu nazirliyin yeni rəhbərliyi çox ümidverici gənc adamdır, meliorasiya sahəsində də ciddi irəliləyişlərə nail ola bilər. Hesab edirəm ki, artıq qurumlardan biri də Energetika Nazirliyidir. Bu nazirlik də İqtisadiyyat Nazirliyində bir departamentə çevrilməlidir.”

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …