Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Struktur islahatları başladı

Struktur islahatları başladı

Bu gün prezident İlham Əliyev hökumətdə və onun altqurumlarında struktur islahatlarını başladan fərmanlar imzalayıb.

Bu fərmanlara əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin adı dəyişdirilib və oradan “sənaye” sözü çıxarılıb. Bu ad dəyişikliyinin nazirliyin mərkəzi aparatında və strukturlarında ştat ixtisarlarına səbəb olub-olmayacağı hələ məlum deyil.

Lakin prezidentin digər fərmanları ilə Nazirlər Kabineti yanında iki struktur faktiki ləğv edilib. Onlardan biri Satınalmalar üzrə Dövlət Agentliyidir. Bu strukturun səlahiyyətləri və funksiyaları İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Satınalmalar üzrə Dövlət Agentliyi büdcədən maliyyələşən strukturlar, nazirliklər və dövlət komitələri, icra hakimiyyətləri orqanları üçün mal və xidmətlərin satın alınmasına dair açıq tenderlərin keçirilməsinə məsul idi. Lakin bu strukturun öz funksiyalarının öhdəsindən gəlmədiyi tamamilə aydındır. Çünki indiyədək Agentliyin keçirdiyi tenderlər tamamilə formal xarakter daşıyıb. Hər nazirlik, dövlət səhmdar cəmiyyətləri, icra hakimiyyətləri orqanları hansısa mal və xidmətləri açıq müsabiqə yolu ilə satın almayıblar.

Bu müsabiqələri həmin strukturların rəhbərlərinin yaxın adamlarının, qohum əqrəbalarının adlarına açılmış cürbəcür MMC-lər “udublar”. Mətbuat bu korrupsiya faktları barədə dəfələrlə faktlar əsasında yazıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında satınalmalarla bağlı hökm sürən korrupsiyanı xüsusi qeyd etdi və bu sahədə şəffaflığın təmin edilməsinin zəruriliyini ifadə etdi. İndi Satınalmalar üzrə Dövlət Agentliyinin ləğvi və onun funksiyalarının İqtisadiyyat Nazirliyinə verilməsi bu istiqamətdə atılmış ilk addımdır.

Prezidentin digər fərmanı ilə Dövlət Bayrağı Kompleksi İdarəsi Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə birləşdirilib. Bu birləşmə nəticəsində ştat vahidlərinin ixtisarı və xərclərin həmin idarələrin saxlanılmasına ayrılan xərclərin azalacağı gözlənilir.

Xatırladaq ki, prezident funksiyaları bir-birini təkrarlayan strukturların ləğv ediləcəyini də bildirmişdi. Bu baxımdan gözlənilir ki, struktur islahatları və idarəetmə sisteminin təkmilləşdirilməsi prosesi yaxın həftələrdə davam etdiriləcək. Bəzi mənbələr islahatlar çərçivəsində hətta nazirliklərin sayının da azaldılacağını təxmin edirlər.

Qənaət tədbirlərinin dövlət aparatının saxlanılması üçün xərcləri də əhatə edəcəyi qaçılmazdır. Məlumatlara görə hökumət büdcədən maliyyələşən bütün təşkilatlara ştat vahidlərinin azaldılması imkanlarını nəzərdən keçirmək barədə təlimatlar göndərib və gözlənilir ki, neftin kəskin ucuzlaşması ilə bağlı büdcəyə yenidən baxılması zamanı dövlət aparatının saxlanılması üçün xərclər də ixtisar ediləcək.

Virtualaz.org

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın