Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Stimul Hospital”ında nələr yaşanır?

“Stimul Hospital”ında nələr yaşanır?

Ölkəmizdə özəl səhiyyə sahəsində çoxsaylı problemlərin olduğu dəfələrlə vurğulanıb. İstər göstərilən tibbi xidmətin keyfiyyətindən, istərsə də qiymətlərdən dəfələrlə narazılıq edilib. Dövlət xəstəxanalarında əhalinin sosial vəziyyəti müəyyən mənada düşünülsə də, özəl klinikalarda buna əhəmiyyət verilmir. Özü də iş prinsipi elə qurulub ki, öncə pul ödənilir və veriləcək tibbi xidmətin keyfiyyəti ilə bağlı heç bir zəmanət verilmir. Nəticədə bu gün özəl xəstəxanalar əhaliyə sağlamlıq verməkdən daha çox, bəzilərinə milyonlar qazandırmaq üçün bir vasitəyə çevrilib. Heç kimə sirr deyil ki, gözəl görünüşlü, təmirli özəl klinikaların sayı hər gün artsa da, pullu tibb müəssisələrində təklif olunan xidmətlərin qiyməti enmək bilmir. Başqa sözlə desək, özəl klinikalar insanları soymağa davam edir. Bu tibb ocaqlarında qiymətlər xəstəyə müalicə yox, çarəsizlik bəxş edir. Dünənki sayımızda paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da cərəyan edən qanunsuzluqlar, həkim məsuliyyətsizliyi və vətəndaşlara lazımi səviyyədə tibbi xidmət göstərilməməsi haqda xəbər vermişdik. Təkrarçılıq olmasın deyə həmin faktları bir daha vurğulamaq istəmirik. Əldə etdiyimiz yeni məlumatlara görə, hospitalın direktoru Azər Mehdiyev və baş həkim Ayxan Məmmədlinin fəaliyyətsizliyi nəticəsində tibb müəssisəsində sayı-hesabı bilinməyən problemlər üzə çıxıb: “Bu ilin yayında fəaliyyətə başlayan səhiyyə müəssisəsi hələ ki, əhalinin etibarını qazana bilməyib. Çünki bura müraciət edən vətəndaşlar sonda peşmanlıq hissi keçirirlər. Səbəb isə həkimlərin peşəkarlıq səviyyəsinin və savadının az olması ilə bağlıdır. Hospitalda vətəndaşlara qoyulan diaqnozlar əksər hallarda səhv çıxır. Qiymətlərin baha olmasına baxmayaraq, keyfiyyət çox aşağı səviyyədədir. Məsələn, qeydiyyatdan keçib hansısa həkimin qəbuluna yazılmaq üçün vətəndaş 40 manat ödəməlidir. Qiymətdə heç bir güzəşt olunmur. Pulun yoxdursa, heç kim sənlə maraqlanmır. Rentgen, sistem köçürmə, qanın ümumi analizi, qanda qlükozanın müəyyən olunması, sidiyin ümumi analizi, böyrək və QİÇS analizlərinə elə qiymət qoyublar ki, bu, insanların yetərli hissəsinin büdcəsinə uyğun deyil. Hansı pasiyent qiymətlə bağlı narazılıq edirsə, ona “xoşun gəlmirsə, başqa yerə get” cavabı verilir. Hospital rəhbərliyi qarşılarına guya Azərbaycan səhiyyəsinə yeni, beynəlxalq standartlara uyğun tibbi xidmət sistemini və təfəkkürünü formalaşdırmaq və həyata keçirmək məqsədi qoyub. Amma bu istiqamətdə heç bir iş görmürlər. Tibb mərkəzinin əsas fəaliyyət istiqaməti sayılan pediatriya, oftalmologiya, ortopedik stomatologiya, ümumi cərrahiyyə, plastik cərrahiyyə, uşaq cərrahiyyəsi, rentgen, MRT, həmçinin fizioterapiya və reabilitasiya sahəsində keyfiyyətli xidmət yoxdur. Klinikada müasir texnologiyalar olsa da, həmin texnologiyalarla işləyə bilən kadrlar yetərincə deyil”.

DİA.AZ-a verilən məlumata görə, nikahdan əvvəl icbari olan tibbi müayinə “Stimul Hospital”da formal xarakter daşıyır: “Bildiyiniz kimi, bir neçə ay əvvəl Ailə Məcəlləsində dəyişiklik edildi. Dəyişikliyə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və ya bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir. Nikahdan əvvəl müayinə olunmaq istəyən gənclərin yetərli hissəsi dövlət xəstəxanaları ilə yanaşı, özəl tibb mərkəzlərinə də üz tuturlar. Bu hospitala nikahdan öncə müraciət edən gənclərin sayı kifayət qədərdir. Deyilənə görə, klinika rəhbərliyi səhhətində problem olan gənclərə sağlamlıq arayışı verməklə gələcəkdə böyük fəsadların ortalığa çıxmasına səbəb olur”. Ən maraqlı məsələ “Stimul Hospital”ın Səhiyyə Nazirliyindən lisenziya alması ilə bağlıdır. Deyilənə görə, klinikanın əsl sahibi nazirliyin yüksək vəzifəli şəxslərindən biri ilə dostluq münasibətindədir. Və həmin şəxsin sayəsində bu tibb müəssisəsinin fəaliyyətinə xüsusi icazə sənədi verilib. Biz isə hesab edirik ki, nazir Oqtay Şirəliyev şəxsən özü “Stimul Hospital”ın fəaliyyətini yoxlasa, onda lisenziyanı vaxtından əvvəl ləğv edə bilər. Qeyd olunan ittihamlara aydınlıq gətirmək üçün hospitalın (012) 555 20 20 nömrəli telefonuna zəng vursaq da, nə direktor Azər Mehdiyevi, nə də baş həkim Ayxan Məmmədlini yerində tapa bildik. İnanırıq ki, Oqtay Şirəliyev bu yazıdan dərhal sonra hospitala komissiya göndərəcək və vətəndaşların sağlamlığına barmaqarası münasibət bəsləyən şəxslər qanuna uyğun formada cəzalarını alacaqlar.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın