Çərşənbə , Fevral 8 2023
Ana səhifə / Siyasət / Siyavuş Novruzov: “KQB arxivi açılsa, deputatların sənədləri ortaya çıxacaq“

Siyavuş Novruzov: “KQB arxivi açılsa, deputatların sənədləri ortaya çıxacaq“

“KQB-nin arxivləri açılsa, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlərinə rəhbərlik edən şəxslərin və indi rəhbərlik edənlərin böyük əksəriyyətinin sənədləri oradan çıxacaq”.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O əlavə edib: “Vaxtilə bu məsələ qaldırılmışdı ki, 1990-cı illərdəki arxivlər açılsın. AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra arxivlərin açılması ilə bağlı məsələ yenidən qaldırıldı. Arxivi açanda isə gördülər ki, təşkilat rəhbərlərinin, özlərinin, ətraflarının hamısının sənədi ordadır.

Söhbət hansı sənəddən gedir? Söhbət onların hansı kəşfiyyat orqanlarına, təşkilatlara işləmələrindən gedir. Bununla bağlı vaxtilə birinci müavin işləyən Sülhəddin Əkbər Elçibəyə hesabat vermişdi ki, baş nazir, istər parlamentin sədri və digər şəxslər bilavasitə Rusiya ilə bağlı olan adamlardır. O cümlədən bir çox siyasi partiya rəhbərləri, rəhbər vəzifədə olan şəxslər, nazirlər, komitə sədrləri… Ona görə də həmin vaxt məsələni dayandırdılar…”

S. Novruzov vurğulayıb: “Həmin vaxt Arxiv İdarəsinin müdiri işləyən Telman müəllim var idi. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin müəllimi idi. Cəbhəçi idi, arxivə aparıb qoymuşdular. Bizimlə münasibəti olan insan idi. Allah rəhmət eləsin. Telman müəllim söhbət edirdi ki, arxivlər açılsa, Azərbaycanda qırğın düşər, aləm bir-birinə qarışar, çünki “bugünkü” rəhbərliyin hamısının sənədləri həmin arxivdədir – hansı addımları atmadılar, yaxud kimlərə işləyiblər… Bəli, arxivlərin açılmasının tərəfdarıyam, açılsın, göstərilsin. İndi yazırlar, kim “beşinci kolon”dur, kim “üçüncü”,  “altıncı kolon”dur. Bunların hamısı ortaya çıxsın ki, kim hara işləyir. Görəcəksiniz, ən çox “beşinci kolon” deyənlərin əksəriyyətinin sənədi arxivdən çıxacaq”.

S.Novruzov sabiq deputat Cümşüd Nuriyevin “arxivlər açılsa, oradan indiki Milli Məclisdə oturanların dədə-babaları çıxacaqlar, hansı ki, Hüseyn Cavidi, Əhməd Cavadı güllələdənlərdir…” fikirlərinə də münasibət bildirib: “Təbii ki, bundan imtina etmirəm. Arxivdən mövcud deputatların, onların valideynlərinin, ola bilər, yaxın qohumlarının çoxunun sənədi çıxacaq. O cümlədən Yazıçılar İttifaqının üzvlərinin böyük əksəriyyətinin sənədi ortaya çıxacaq. Hansı ki, vaxtilə və ondan sonrakı dövrdə də deyilən məsələlərlə məşğul olublar.

Arxivlərin açılması çox ciddi məsələdir. Kim özünə arxayındır, bilir ki, sənədləri arxivdə deyil, açılmasının tərəfdarıdır. Biri mən. Qalanlarını deyə bilmərəm ki, kim əleyhinədir, kim tərəfdarıdır. İnanmıram ki, arxivlər açılacaq. Məsələn, Rusiyada hərbi kəşfiyyatın arxivlərini açmırlar. Amma keçmiş siyasi büronun arxivləri hissə-hissə açılır və araşdırılması üçün təqdim olunur ki, istifadə edilsin. Düşünürəm, bizdə də təhlükəsizlik hissəsinin bir hissəsini qismən açmaq olar…” Pravda.az

Həmçinin oxuyun

AMEA prezidenti İranı yıxdı-sürüdü: “Əvvəlcə qadınları…”

İran İslam Respublikasında artıq bir ilə yaxındır ki, kütləvi iğtişaşlar, həbslər, qarşıdurmalar davam etməkdədir. Əvvəlcə …