Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Siyasət / Siyasətin damğa vurduğu yarışma: 44 günlük performansın cavabı 20-ci yer oldu

Siyasətin damğa vurduğu yarışma: 44 günlük performansın cavabı 20-ci yer oldu

“Eurovision”, əlbəttə ki, sənət və musiqi yarışmasından çox, siyasi yarışmadır. Elə ona görə də maraqlıydı və maraqlıdır. Bu, adi musiqi yarışması olsa, bu qədər ajiotaja səbəb olmazdı. İldə onlarla musiqi yarışmaları keçirilir, təmsilçilərimiz qatılır, bəzən 1-ci yeri də tuturlar, amma onların bu nailiyyəti barədə kiçik bir xəbər yazılır, ya yazılmır.

“Eurovision” yarışmasına isə az qala hamı münasibət bildirir, hətta axırda dövlət başçıları da məsələyə qarışır, ən azı qalib ölkənin prezidenti və ya baş naziri qələbə qazanmış musiqiçiləri qəbul, təbrik və təltif edir.

Bu, həm də siyasi yarışma olmasaydı, 4-5 il əvvəl yarışmada ən parlaq performansı Rusiya təmsilçisi Lazarev göstərmiş olduğu halda, onu Ukraynanın ortabab çıxışı ilə yadda qalan Cəmaləyə uduzdurmazdılar. Çünki məhz həmin ərəfədə Rusiya Krımı Ukraynadan qoparmışdı və krımlı Cəmalənin qələbəsi Moskvaya Avropanın kimin yanında olduğunun siqnalıydı.

Bu il Böyük Britaniya təmsilçisinin həm münsiflərdən, həm də Avropa xalqlarından 0 səs alması, daga dəqiqi, heç xal almaması bu ölkənin “Breksit”inə, Avropadan qopmasına cavabdır.

İtaliyanın o qədər parlaq olmayan (hər halda onlardan daha yaxşı performanslar vardı – ən azı 7 vahid) musiqi nömrəsinin qalib elan edilməsi, bu ölkənin uzun boykotdan sonra yenidən yarışmaya qatılmasına hədiyyədir. İtaliya “Eurovision”a qatılandan bəri sönük performanslarıyla ilk beşlikdə yer tutur, bir gün qələbə qazanacağı gözlənilirdi.

Qonşu dövlətlərin bir-birinə səs verməsi məhz siyasət hadisəsidir. Onlar bununla bir-birinə hörmət etdiklərini göstərirlər. Kipr 12 xalını həmişə Yunanıstana, Yunanıstan isə Kiprə verir – çıxışların səviyyəsindən asılı olmayaraq. Türkiyə ilə biz də eləydik. Rusiya və Ermənistan da çox vaxt bu cür edirdi.

Bizim Rusiyaya 12 xal verməyimiz həmin xanədəndir. Rusiyanın bu yarışmada hər zaman ön sıralarda olması onun nüfuz dairəsində olan ölkələrdən yüksək xallar qoparmasının, daha dəqiqi, həmin ölkələrin Rusiyadan çəkinmələrinin nəticəsidir. Yadınızdadırsa, 7-8 il öncə Azərbaycandan Rusiya təmsilçisinə 10 xal getməmişdi, xarici işlər naziri Lavrov azərbaycanlı həmkarı Məmmədyarova zəng edib narazılığın bildirmişdi. İki ölkə arasında qalamaqal yaranmışdı.

Bizim builki çıxışa gəldikdə, “Eurovision”a qatıldığımızdan bəri bəlkə də ən parlaq, fərqli, seçilən çıxışı bu il etdik, amma cəmi 65 xal aldıq. Onu da kimlərdən? Niderlandan başqa heç bir köhnə Avropa ölkəsi bizə bir xal belə vermədi. Onlar da ona görə bizə 2 xal verdilər ki, mahnımızda adı çəklən Mata Hari niderlandlıdır. Bizə səs qıyan digər ölkələr bunlardır: İsrail (müttəfiq), Moldova (15 köhnə “qardaş”dan biri), Ukrayna (həmin amil), Gürcüstan (qonşu), Rusiya (köhnə kolonizator). Vəssalam.

Avropa bu iqnoruyla bizə əslində 44 günlük müharibə performansının cavabını verdi, Ermənistanın yanında olduğunu göstərdi. Bundan bir neçə gün əvvəl Avropa Parlamentinin ölkəmizə qarşı təzyiq səciyyəli qətnamə qəbul etdiyini də unutmayaq. Bunların hər ikisi Avropanın bizə üz bozartması anlamına gələ bilər.

Ermənistan isə həmişəki kimi, hissə qapılmayaraq yarışmada iştirak etsəydi və musiqiçiləri xalqın təbii ovqatından doğan səpkidə elegiya oxusaydı, yanımcıl-dönümcül Avropa onun müharibə yaralarını bu yarışmada sarıyar, birinci etməsə də, ilk üçlüyə, beşliyə salardı. Fəqət ermənilər şanslarını bu dəfə də qaçırdılar.

Bununla belə, bu, o demək deyil ki, biz acıq edərək növbəti illərdə bu yarışmaya qatılmamalıyıq. Əgər sırf coğrafi və siyasi baxımdan Avropa ailəsinin üzvüyüksə, buna məcburuq və get-gedə daha bariz şəkildə “xristian klubu”na dönməkdə olan Avropayla dinc, yanaşı yaşamağı öyrənməliyik. Alternativ yoxdur. Üzümüzü Asiyaya tutsaq, orda vəziyyət daha bərbaddır. Əgər sabah “Asvizion” təşkil edilsə, orda da Çin daimi favorit olacaq, Monqolustan, Qırğızıstan, Şimali Koreya, Nepal, Banqladeş və b. həmişə Çinə səs verəcəklər.

Ötən əsrin 80-ci illərində SSRİ və ABŞ öz aralarında elə bir intriqadaydılar ki, bir-birində keçirilən olimpiadaları belə sırf siyasət üzündən boykot edirdilər – həm də öz çevrələrindəki dövlətlərlə birlikdə. Yəni bu kimi siyasi intriqalar həmişə olub və bütün növ yarışmalara inikas edib.

Uduzmuş idmançıların sözü olmasın, önümüzdəki yarışmalara baxmalıyıq. Əslində qalsa, 50 civarında Avropa ölkəsinin sırasında 20-ci olmaq məğlubiyyət sayılmaz.

Xalid KAZIMLI

Həmçinin oxuyun

İlham Əliyev İraqın neft nazirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 24-də İraqın neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.  Görüşdə …