Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Siyasətdə qumar

Siyasətdə qumar

Siyasət insan fəaliyyətinin elmlə incəsənətin qovşağında yerləşən sahəsidir. Yəni kimsə desə ki, siyasət elmdir və onun sərt və danılmaz qanunları var, haqlı olar. Yenə kimsə desə ki, siyasət incəsənətdir və onun mövcudluğu vəhyə, yaradıcılığa və hətta oyunbazlığa söykənir, haqlı olar. Bəşər tarixinin siyasətlə bağlı hissəsində həm bu sərt danılmaz qanunlara, həm də ağlasığmaz yaradıcılıq və oyunbazlıq nümunələrinə rast gəlmək mümkündür.

Azərbaycanla Ermənistan arasında gedən diplomatik danışıqlarda hər iki yanaşmanın şahidi oluruq. Gah masa üzərində məntiq və əqlə söykənən təkliflər müzakirə olunur, gah da əndrəbadi həngamələr qopur və bu zaman nəinki bişmiş, hətta diri, gəzib qaqqıldayan toyuğun gülməyi gəlir.

Etiraf edək ki, siyasətin incəsənət olması barədə fikri daha çox Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyan nümayiş etdirir. Hakimiyyətdə olduğu altı ildə onun siyasi dombalaqları nəinki bizi, hətta cürbəcür siyasi fırıldaqlara öyrəncəli erməni vətəndaşlarını mat-məəttəl qoyub. Təbii ki, “Artsax Ermənistandır və nöqtə” müddəasının tədricən “Qarabağ Azərbaycandır” kəlamına dönməsi təbəddülatını amansız həyati gerçəkliyin təsiri ilə izah etmək mümkündür. Lakin 2022-ci ilin sonunda Praqada söylədiyi “Azərbaycanın Ermənistan ərazisində anklav kəndləri var” cümləsinin 2024-cü ildə “Ermənistanın heç bir sənədində Azərbaycanın anklav kəndləri haqqında heç bir məlumat yoxdur” ifadəsi ilə əvəzlənməsi hansısa fani dünya ilə əlaqəsi olan səbəblə izah edilə bilməz. Möhtərəm baş nazir zati-alilərinin belə daban-dabana zidd fikirlərini Olimpiya oyunları proqramına daxil olmayan “Eninə tullanmaq” idman növü saymaq olar, lakin bu zahirən məzəli söz oyunlarının nəticəsində çox vaxt sərhəd və cəbhə zolağında xidmət edən binəva insanların həyatı qumara qoyulur.

Cənab Paşinyanın anklav kəndlərin qeybə çəkilməsi barədə son iddiaları bizim cəmiyyəti əməlli-başlı əsəbiləşdirib. Məncə, məqsəd elə bu idi: əsəbiləşdirmək. Döyüş meydanında gerçək hərbi güc olmayanda ümid qalır rəqibin əsəbləri ilə oynamağa.

Belə oyunbazlığın bircə cavabı ola bilər: tam etinasızlıq. Azərbaycan tərəfi, sizin həqir bəndənizin fikrinə görə, “strateji fasilə” götürməlidir və danışıqları mümkün qədər ixtisara salmalı, məhdudlaşdırmalıdır.

Hara tələsirik? Bizi qovanmı var? Torpaqlar qayıdıb, sərhədlər nəzarət altında, Qarabağda bərpa işləri gedir, əhali tədricən qayıdır, beynəlxalq müstəvidə dövlətə təzyiq cəhdləri puça çıxıb, siyasi mənzərəyə diqqətlə baxanda, Azərbaycan üçün heç bir təhlükə sezilmir. “Sülh sazişi” olmasa, nə olasıdır? Azərbaycana bunun heç bir ziyanı yoxdur, Zəngəzur yolunu Arazın sağ sahili boyunca, İran ərazisindən  də çəkmək olar. Delimitasiya komissiyası ləng də olsa, işləyir. Saziş olmasa, Türkiyə Ermənistanla münasibətlərini tənzimləməyəcək, deməli, erməni dövlətinin özünün könüllü seçdiyi “yarımmühasirə” vəziyyəti davam edəcək. Kimə və kimdən şikayət edəsidir?

Ümumiyyətlə, SSRİ-nin süqutundan keçən 33 ilə nəzər salanda, sabiq sovet xalqlarının məntiqlə heç cür uyuşmayan nə qədər xəta törətdiyinin şahidi oluruq. Başlayaq “ağıllımız” Rusiyadan. Bu dövlətin ali səviyyəli siyasətçilərindən elə-hey eşidirik ki, SSRİ-nin süqutu böyük faciədir. A başınıza dönüm, bəlkə də faciədir, lakin SSRİ-ni kim dağıtdı? O boyda dövləti dağıtmağa kimin gücü çatardı? Yalnız və yalnız rus xalqının və onun rus rəhbərlərinin! Özünüz dağıtmısınız, indi də başqalarını ittiham edirsiniz.

Ukraynalılar. İndi Rusiya ilə müharibə aparıb qırılırlar, ölkə viranə qalır. Siz ki, sovet xalqları arasında ən oxumuş xalq sayılırdınız, nə oldu sizə? 1991-ci ildə sovet Ukraynasının ÜDM-i Federal Almaniyanın ÜDM -nə bərabər idi. İndi Almaniya ilə Ukrayna arasında fərq yerlə göy arasında olan fərqə bərabərdir. Qərb sizə açıq mətnlə dedi ki, Ukraynanı nə Avropa İttifaqına, nə də NATO-ya qəbul edəcəyik. Siz nə etdiniz? Dediniz ki, “səni sevəcəyəm sən sevməsən də”,  Ukraynanın strateji məqsədi NATO üzvlüyüdür. Nə qazandınız? Müharibə. Ölkə siyasi qumara qoyulub.

Ermənistan müstəqilliyə Qarabağa iddiası ilə qədəm qoydu. İndi erməni rəhbərləri deyir ki, 1990-cı ildə “Rusiyaya istinad səhv qərar idi”. Matağ, Qarabağa iddialı Ermənistan Rusiyadan başqa kimə istinad edə bilərdi? O zaman Cənubi Qafqazda Rusiyadan savayı heç bir dövlət yox idi və elə Rusiya idi ki, sizi fitilləyib qızışdırmışdı. Odur ki, Rusiyaya istinad yeganə çıxış yolunuz idi. Necə deyərlər, “Ya Qarabağı itirirdiniz, ya da Rusiyadan ikiəlli tuturdunuz”. İkiəlli tutub gəlib çıxmısınız indiki yerə, kimdən və kimə şikayət edirsiniz?

Ermənistan elə-hey deyir ki, “Rusiya Ermənistana xəyanət etdi”. Nə vaxt xəyanət etdi? Deyirlər ki, 2020-ci il müharibəsində. Erməni iddiasına görə, Ermənistan müharibəni Rusiyanın xəyanəti ucbatından uduzub. Bəs Rusiya Ermənistana nə vaxt xəyanət etməmişdi? Birinci, 1991-1994-ci il müharibəsində. O vaxt Rusiya Ermənistana xəyanət etməmişdi və Ermənistan qalib gəlmişdi.

Təsadüfi deyil ki, erməni xalqı bu müharibədən sonra Rusiyanın o vaxtkı müdafiə naziri Pavel Qraçova heykəl ucaltmışdı.

Deməli, nə? Ay sizə quzu kəsim, özünüz öz dilinizlə deyirsiniz ki, “Rusiya Ermənistana xəyanət etməyəndə Ermənistan qalib gəlirdi, elə ki, Rusiya Ermənistana xəyanət etdi, Ermənistan müharibəni Azərbaycana uduzdu”.

Deməli, qələbə sizin qələbə deyildi, qələbə Rusiyanın qələbəsi idi. Azərbaycan müharibəni Ermənistana deyil, Rusiyaya uduzmuşdu. Odur ki, 30 il bütün dünyaya, ilk növbədə zavallı erməni xalqına yedizdirdiyiniz “basılmaz və yenilməz erməni ordusu” hekayəsi uydurma və puç əfsanə imiş.

Qonşularımıza deyərdim ki, “ayağınızı yorğanınıza uyğun uzadın”, ancaq bilirəm ki, cavabında eşidəcəyəm: “əlin yağlıdır, çək başına”. Azərbaycanın da az səhvi olmayıb. Sabir demişkən, “Çırmanırıq keçməyə çay gəlməmiş”. 1990-cı illərdə Türkiyə Azərbaycana həyan ola biləsi dövlət deyildi, hələ zəif idi. Biz bu sadə həqiqəti dərk etmədən özümüzü elə aparırdıq ki, guya Ankarada siyasi qərarları biz veririk və Türkiyəni biz yönəldirik.

Təsadüfi deyil ki, erməni xalqı bu müharibədən sonra Rusiyanın o vaxtkı müdafiə naziri Pavel Qraçova heykəl ucaltmışdı.

Nəticə çox acınacaqlı oldu. Bu səhvi 2020-ci ildə 3 000 mərdin həyatı hesabına düzəldəsi olduq. Xalq həmin səhvin hesabını hələ də ödəyir və görünür, uzun müddət ödəcəyək.
Qayıdıram siyasi oyunbazlıq mətləbinə. Dünya siyasətində də, Cənubi Qafqaz siyasətində də həmin bu oyunbazlıq nişanələrini görürəm. Ermənistan özünə düşmən saydığı Türkiyə və Azərbaycana qarşı hərbi alyans yaradır. Bütün dünyanı axtarıb-axtarıb özünə güclü müttəfiqlər tapıb. Biri Hindistandır, ikincisi Fransadır, üçüncüsü Yunanıstandır, dördüncüsü Kiprdir. Məni burada heyrət bürüyür. Fərz edək ki, Azərbaycan Ermənistana hücum edir.  Bu dörd müttəfiqin əlindən nə gələcək? Fransa Ermənistana kömək etmək üçün Cənubi Qafqaza necə, hansı yolla çatacaq? Kipr, tutaq ki, bir dənə daşdan keçən həmrəylik teleqramı vurdu. Yunanıstan etiraz notası verdi. Hindistan cəbbəxanasının qapısını açıb dedi ki, gəl apar. Sonra nə?

Nədənsə müttəfiqlər sırasında mən Uruqvayı görmürəm. Niyə Uruqvayı? Çox sadə səbəbə görə. Əvvəla, Uruqvay 1915-ci il hadisəsini erməni soyqırımı hesab etmiş ilk dövlətdir, ikincisi, futbol üzrə ikiqat dünya çempionudur, 1930 və 1950-ci illərdə. Kimsə soruşsa ki, bütün bunların Ermənistanla müttəfiqliyə nə dəxli var, mən cavab verərəm ki, bəs Yunanıstanın və Kiprin Cənubi Qafqaza nə aidiyyatı var?

Bütün bu rişxənd doğuran müttəfiqlik axtarışlarının əvəzinə iki yaxın qonşu ilə gerçək barış bütün müşküllərə əncam qıla bilərdi. Ermənistan öz qeyri-qanuni iddialarının yarısından əl çəkib, fəqət o biri yarısı ilə vidalaşmaq istəmir. Nə yardan doyur, nə əldən qoyur. Beləcə ziddiyyətli mövqelər arasında soldan sağa, sağdan sola atılır.

İndi gündəliyə təzminatlar söhbəti gətirilir. Bizdən təzminat istəyən Ermənistanı anlayıram. Baxıb görür ki, Bakının pulu var, deyir “ya bəxt”, bəlkə ondan nə isə qoparım. Lakin Ermənistandan təzminat istəyən Azərbaycanı anlaya bilmirəm. Bütün dünyaya məlumdur ki, Ermənistanın pulu yoxdur. Olmayan yerdən pulu necə çıxara biləcəksiniz? Əgər Ermənistan bizim sıravi vətəndaşın yerində, Azərbaycan isə milli polisimizin yerində olsaydı, olmayan yerdən pul çıxarılmasının mümkünlüyünə inanardım. Axı belə deyil!

Azərbaycan Tovuzun 4 kəndinin dərhal qaytarılmasını tələb edir. Dərhal! Nə olub? Nə xəbərdir? Oyun gedir. Şıdırğı siyasi qumar gedir.
Ölürəm qumar üçün! Oynamağa yox e, kənardan baxmağa.

Zərdüşt Əlizadə

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …