Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Siyasət / “Sisyan-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək qələbə çalmağa bərabərdir” – Qubad İbadoğlu

“Sisyan-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək qələbə çalmağa bərabərdir” – Qubad İbadoğlu

ABŞ-ın Rutgers Universitetinin professoru, əslən Füzulidən olan iqtisadçı alim Qubad İbadoğlu həm də maraqlı müharibə şərhləri edir.

Onun son şərhini təqdim edirik:

“Xilaskar Azərbaycan Ordusu bütün cəbhə boyu üstün mövqedədir. Nəzərə almaq lazımdır ki, irəliyə getdikcə Dağlıq Qarabağa məxsus təbiətin ermənilərin nəzarətində olan istehkamları ilə qarşılaşırıq. İnanıram ki, yenilməz ordumuz onları da aşacaq və yüksəklikləri fəth edərək, bütün torpaqlarımızı azad edəcək.

Füzuli cəbhəsində Məngələnata yüksəkliyinə nəzarət edən ordumuz hazırda Üryandağ və Qızılqaya (Şərurdakı deyil) yüksəkliklərini ələ keçirməyə çalışır, ondan sonra Qırmızı bazarı, Xocavəndi götürmək asanlaşacaq. Qırmızı bazardan sonra Şuşaya və Xankəndinə, Xocavənddən isə Ağdama doğru yollar açılacaq.
Qubadlı cəbhəsində Həkəri çayının sağ sahili boyunca irəliləyən ordumuzun hədəfi Laçın dəhlizinə nəzarət etməkdir. Qarabağın qapısı sayılan Laçın ermənilər üçün çox əhəmiyyətlidir, Sisyan-Gorus-Laçın və Şuşa yolunu nəzarətə götürmək isə qələbə çalmağa bərabərdir. Ona görə də ordumuz hər iki cəbhədə ciddi müqavimətlə qarşılaşır. Müqavimətin artmasında ermənilərin Rusiyadan gətirdiyi yeni silahlar da rol oynayır.

Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da, buna nail ola bilməyəcəklər, tezliklə müqavimət qırılacaq və onlar təslim olacaqlar. Beləliklə də xilaskar Azərbaycan Ordusu torpaqlarımızı yağılardan azad etməklə bərabər, 1991-1993-cü illərdə adını çəkdiyim yüksəkliklər uğrunda döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizin də ruhunu şad edəcəklər.

Odur ki, cəbhədən yaxşı xəbərlər gözləyin, darıxmayın. İndi əsas məsələ kəndlərin deyil, yüksəkliklərin azad edilməsi, Lacın dəhlizinin nəzarətə götürülməsidir. Əsgər və zabitlərimizə dualarınızı əsirgəməyin ki, onlara əlavə ruh, güc və enerji gəlsin, həm torpaqları azad etsinlər, həm də bir-birlərini qoruyub qalib ordunun əsgərləri kimi sağ-salamat və sevinclə ailələrinə dönüb, xoşbəxt həyatlarına qayıtsınlar. Allah onları qorusun!”

Həmçinin oxuyun

Hələ sülh sazişi imzalanmayıb, ona görə… – POLİTOLOQ

Laçın ermənilər üçün həyati əhəmiyyətə malik ərazi idi. Laçının işğaldan azad edilməsi Qarabağ münaqişəsinin hərbi …