Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Şirvandakı partlayışın səsi icra başçısına ölkə xaricində çatıb

Şirvandakı partlayışın səsi icra başçısına ölkə xaricində çatıb

Mərdan Camalovun məzuniyyətini yarıda qoyub geri döndüyünü Şirvan İcra Hakimiyyətindən təsdiqlədilər; partlayış baş vermiş mərkəz haqda yeni bilgilər

Şirvanda 1 il 20 gün fərqlə baş verən 2 güclü partlayışı birləşdirən məqam rayonun icra başçısı Mərdan Camalovun hər iki hadisə zamanı məzuniyyətdə olması faktıdır. 2015-ci il iyulun 6-da Şirvandakı “Telemexanika” zavodunda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra məlum olmuşdu ki, icra başçısı məzuniyyətdədir. Həmin vaxt Şirvan Şəhər İcra Hakimiyyətindən başçı Mərdan Camalovun ölkədən kənarda istirahət etdiyini demişdilər.
“Mərdan Camalova baş vermiş hadisə haqda məlumat verilib. Məzuniyyətdə və xaricdə olmasına baxmayaraq, öz müavinləri və Şirvanın müvafiq qurumlarının rəhbərləri ilə əlaqə saxlayır, lazımi tapşırıqlar verir” -deyə bildirmişdilər.
 
2016-cı il iyulun 26-da baş verən, miqyasına, ölən və yaralananların sayına görə 1 il 20 gün əvvəlki partlayışı geridə qoyan dəhşətli partlayışdan sonra da məlum oldu ki, Mərdan Camalov Şirvanda yoxdur. Yenə də məzuniyyətdə, ölkə xaricindədir. Hətta bəziləri hər iki partlayış zamanı başçının xaricdə olması ilə əlaqə axtarmağa da başlayıblar. 
Başçının partlayışlar zamanı ölkə xaricində olması bir təsadüfdürmü? 
 
Bu və digər suallarla Şirvan İcra Hakimiyyətinə müracət etdik. Suallarımızı dinləyən icra başçısının 1-ci müavini Samid Abıyev dedi ki, M.Camalov artıq ölkəyə qayıdıb: “Mərdan müəllim məzuniyyətini yarımçıq qoyub geri döndü, bu gündən (dünəndən-red.) işə çıxıb”.
S.Abıyev baş vermiş partlayışla bağlı Şirvan İcra Hakimiyyətində iclas keçirildiyini də bildirdi. Suala cavab olaraq dedi ki, iclasa Mərdan Camalov rəhbərlik etmir.1-ci müavin bunun səbəbini izah etmədi. İclasda olmasını əsas gətirərək digər suallarımızı cavabsız buraxdı.


MSN yaralıları diqqətdə saxlayır

“Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Bu barədə “Trend”ə nazirlikdən məlumat verilib. Bildirilir ki, həkim nəzarətində müalicələri davam etdirilən 3 nəfərdən biri də evə buraxılıb, 2 işçinin isə müalicəsi davam edir…
“Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzi 2013-cü ildən fəaliyyətə başlayıb. Hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra utilizasiya edilməsi üçün mərkəzə təhvil verilir. İnternetdəki açıq mənbələrdə “Araz” zavodunda utilizasiya mərkəzinin açılışı haqda məlumatlar yer alır.

Həmin məlumatda deyilir:

 
“Şirvandakı ”Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılıb. Müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, Polşanın “Yakuş” şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, reaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulub. Qeyd olundu ki, mərkəz alışdırıcı və partladıcıların tərkib hissələrinin zərərsizləşdirilməsi üçün texnologiyaya uyğun avadanlıqla təchiz olunub. Utilizasiya məqsədilə gətirilən döyüş sursatları tiplərinə və növlərinə görə qruplaşdırılaraq müvəqqəti saxlama anbarlarına yerləşdirilir. Sonra döyüş sursatlarının hər növündən nümunələr götürülərək texniki qiymətləndirmə laboratoriyalarına gətirilir. Xüsusi ayrılan otaqda böyüdücü vasitələrdən istifadə olunmaqla müayinədən keçirilir və ilkin qiymətləndirmə prosesi aparılır. Tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir”.
İyulun 26-da baş vermiş partlayışdan sonra MSN-in yaydığı rəsmi məlumatlardan birində bildirilirdi ki, utilizasiya olunması üçün Müdafiə Nazirliyi tərəfindən zavoda təhvil verilən 1500 ton məmulatdan qalan 146 ton sursatda hələlik naməlum səbəbdən partlayış əmələ gəlib.

Partlayışa səbəb nədir? 

3 il əvvəl qurulan, mərkəzin açılışı ilə bağlı rəsmi məlumatda deyildiyi kimi, “utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir”sə, partlayışın səbəbi nədir?
Partlayışın qəsdən törədilməsi və ya partlayışa səbəb olan şəraitin qəsdən yaradılması halları ola bilərdimi?
Baş Prokurorluqdan bildiriblər ki, hazırda iş üzrə araşdırmalar davam etdirilir. Fakta görə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 223.2 (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb...
Bir maraqlı məqam da odur ki, ötən il iyulun 6-da Şirvanda “Telemexanika” zavodunda baş verən yanğınla bağlı başlanmış cinayət işinin nəticəsi haqda ictimiyyətə bu günə qədər məlumat verilməyib. Bu gün də həmin partlayışın qəsdən və ya səhlənkarlıq üzündən baş verməsi bilinmir. Yada salaq ki, “Telemexanika” zavodundakı sexlərin birində baş vermiş partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində ölmüş, sexdə işləyən digər 19 şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Həmin vaxt faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlayıb. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilmişdi.
musavat.com

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın