Ana səhifə / Siyasət / Şirvandakı hərbi zavodda baş verən partlayışın səbəbi açıqlandı

Şirvandakı hərbi zavodda baş verən partlayışın səbəbi açıqlandı

Şirvanda zavodda baş verən qəzanın ilkin səbəbi məlum olub.

Şirvan Şəhər İcra Hakimiyyətinin birinci müavini Samit Abıyev APA-ya açıqlamasında bildirib ki, Müdafiə Sənayesi Naziyinə məxsus Telemexanika Zavodunda hadisə qısaqapanma nəticəsində baş verib.

S. Abıyev yanğın nəticəsində dünyasını dəyişən şəxsin ailəsinə maddi yardım ediləcəyini bildirib.

Telemexanika Zavodunun direktoru Usubağa Məmmədov bildirib ki, saat 11:55-də zavodda 30 kv.m sahədə yanğın baş verib. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yüngül xəsarət alıb.

Yanğının səbəbi ilə bağlı müvafiq qurumların araşdırma apardığını, ilkin olaraq yanğının elektrik xəttində qısaqapanmadan baş verdiyinin ehtimal olunduğunu bildirən U. Məmmmədov deyib ki, yanğın zamanı 2 nəfərin ölməsi 30 nəfərin xəsarət alması barədə xəbərlər həqiqəti əks etdirmir, bunlar şaiyədir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova sayta deyib ki, son məlumatlara görə, hadisə nəticəsində xəsarət alan 19 nəfərdən 13-ü evə buraxılıb, 6 nəfərin müalicəsi stasionar qaydada davam etdirilir.

*    *    * 15:53

Hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında 17 yaralı var.

Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, ciddi yanıq xəsarəti almış 4 nəfərin vəziyyəti kritik olduğundan onlar Bakıdakı xəstəxanalara aparılıblar.

Bu dəqiqələrdə Səhiyyə Nazirliyi də Şirvanda MSN-in Telemexanika Zavodunda baş verən partlayışla bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, xəstəxanada bütün tibbi şərait yüksək səviyyədə təşkil olunub və zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilir. Daxil olmuş 19 nəfərdən 13-nə ambulator yardım göstərilərək evlərinə buraxılıblar.

*   *    * 15:34

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda baş vermiş güclü partlayışıdan sonra zavodun fəaliyyəti dayandırılıb.

Virtualaz.org saytının hazırda hadisə yerində olan əməkdaşı xəbər verir ki, zavoda gələn yol polis əməkdaşları tərəfindən bağlanıb.

Zavodun mülkü geyimli mühafizəçiləri isə jurnalistlərə çəkilşə icazə verməyiblər. Hətta mühafizəçilərlə jurnalistlər arasında mübahisələr yaşanıb. Zavod əməkdaşları da jurnalistlərə onlara hadisə barədə məlumat verməyin qadağan edildiyini deyiblər.

Zavod əməkdaşları avtobuslarda ərazidən çıxarılıblar.

*   *   * 14:22

Telemexanika Zavodunda baş verən qəza nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Ölən şəxs Şirvan şəhər sakini, 1967-ci il təvəllüdlü Süleymanova Raziyə Cəfərxan qızıdır.

İlkin məlumata görə, qadın ağır yanıq xəsarətləri nəticəsində dünyasını dəyişib.

Hadisə nəticəsində xəsarət alanlardan 11 nəfər ambulator yardım göstəriləndən sonra evə buraxılıb.

*   *   * 14:00

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda bu gün baş vermiş güclü partlayışda yaralananlara kömək göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən Şirvana həkim briqadaları göndərilib.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Lilya Bayramova məlumat verib.

L.Bayramovanın sölərinə görə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hazırda 19 yaralı yerləşdirilib: “Yaralananların bəziləri yanıq xəsarəti alıb, bəziləri isə toksiki zəhərlənmədən əziyyət çəkir. Həkim briqadaları ilə yanaşı əraziyə xeyli təcili yardım maşınları da gedib. Hazırda tibbi yardım maşınları hadisə yerində gözləyirlər”.

*   *   * 13:15

Bu gün saat 12 radələrndə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən Telemexanika Zavodunda güclü partlayış baş verib.

Şirvan Şəhər Polis İdarəsinin növbətçi hissəsindən virtualaz.org saytınabildirildiyinə görə, partlayışın hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.

“Ölən və yaralananlar var, ancaq sayları barədə dəqiq məlumatımız yoxdur. Hadisə yerində təcili yardım briqadaları işləyir, polis və prokurorluq əməkdaşları da hadisə yerindədir”– deyə növbətçi hissədən bildiriblər.

Partlayışın zavodun hansı hissəsində baş verdiyi hələlik məlum deyil. Lakin Şirvan Telemexanika Zavodunda iriçaplı döyüş patronlarının istehsalı mərkəzi fəaliyyət göstərir. Bu mərkəz prezidentin iştirakı ilə ötən il açılıb.

Şirvan şəhər xəstəxanasından əldə etdiyimiz son məlumata görə, partlayış nəticəsində azı 1 nəfərin həlak olduğu dəqiqdir. Həlak olan şəxsin cənazəsi xəstəxananın morqundadır, xəstəxanaya 20-dən çox yaralı daxil olub. Yaralıların sayı artmaqdadır.

Müdafiə sənayesi naziri Yavər Camalov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

 

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın