Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Şeyxin komitə sədri ilə arasında gərginlik yaranıb –SƏBƏB

Şeyxin komitə sədri ilə arasında gərginlik yaranıb –SƏBƏB

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə dini zəmində gərginliyin yaranması ilə bağlı növbəti narahatlığını dilə gətirib.

Ərəblərin ölkəmizə turist kimi gəlməsinə münasibət bildirən QMİ sədri bunun ölkəmizdə müəyyən problemlərə səbəb ola biləcəyini vurğulayıb: “Görürəm, bəziləri narahat olur, mənə bəzi ölkələrdən gələn turistlərlə bağlı sual verirlər. Mən turist axınının əleyhinə deyiləm, ümumi inkişafın tərəfdarıyam. Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırlarsa, bəzi fikirləri söyləyirlərsə ki, hansısa məsələlər düzgün deyil, bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər. Ola bilsin ki, bu gün biz onu görməyək. Amma 5-10 ildən sonra bu, cavanlarımıza öz təsirini göstərə bilər. Bunun qarşısını almaq lazımdır və buna qarşı dövlətin tədbiri olmalıdır. Bizim mənəvi həyatımızı itirməyə ixtiyarımız yoxdur. Bizim nəyimiz varsa, Azərbaycanındır. Mən sünni kimi, şiə kimi yaşayıramsa, bu, mənimdir. Xalqım bunu bəyənib, başqa dövlətlərin xadimlərinin, siyasətçilərin işimizə qarışmasına imkan yaratmamalıyıq”.

Amma A.Paşazadənin bu sözləri birmənalı qarşılanmır. Haqlı olaraq yarana biləcək suallardan biri də budur ki, görəsən, A.Paşazadə nədən narahatdır və buna ciddi səbəb varmı?

Mövzu ilə əlaqədar Reyting.az-ın suallarını cavablandıran şərqşünas-politoloq Vüsal Hətəmov deyib ki, QMİ sədri Allahşükür Paşazadənin turistərlə bağlı fikri ciddiyə alınmalıdır: “Bildiyimiz kimi, radikal cərəyanların ideologiyası ölkəmizə Səudiyyə və bir sıra ərəb dövlətlərindən transfer olunub. Bu gün həmin dövlətlərdən bizə ərəb turistlərinin axını maddi cəhətdən xeyir versə də, dövlətçilik baxımından gələcəkdə basdırılmış minalarla üzləşə bilərik. Odur ki, QMİ sədrinin bu sözləri ola bilsin ki, ona çatan hansısa informasiyadan doğur.

Lakin bunu gecikmiş danışıq da adlandırmaq olar. Çünki Azərbaycandan Suriyaya gedən və orada terrorçu şəbəkələrə qoşulan vəhhabilər 20 ildən çoxdur ki, ölkəmizdə fəaliyyət göstərib. Bu, bir-iki ilin təbliğat-təxribatı deyil, uzun illərin “məhsuludur”. Niyə vaxtında bu məsələ QMİ tərəfindən ciddi şəkildə qaldırılmırdı?! Dəfələrlə ölkəmizdə həmin cərəyanın başbilənləri dövlətimizin sağlam adət-ənənəsini, tarixi abidələrimizi, tarixi şəxsiyyətlərimizi təhqir və təhdid ediblər. Məgər bunlar bir həyəcan siqnalı deyildirmi?”

Başqa bir məqama da toxunaq. Bu yaxınlarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərkən bir sıra yeni tətbiq ediləcək qadağalardan danışıb. O bildirib ki, Məhərrəmlikdə dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir. Komitə sədrinin sözlərinə görə, dini ayinlər zamanı evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir.

QMİ iləDQİDK arasında soyuqluğun mövcudluğuna toxunan Vüsal Hətəmov isə bildirib ki, iki qurum arasında “mehriban düşmənçilik” sezilir. V.Hətəmovun iddiasına görə, DQİDK sədrinin Məhərrəmliklə bağlı son qadağa tipli çıxışı ola bilsin ki, QMİ sədrinin xoşuna gəlməyib, yəni bunu DQİDK-nin QMİ-yə müdaxiləsi kimi qəbul edib. Çünki dini məzmunlu mərasimlərin keçirilməsi məscid və ruhanilərin vəzifəsidir: “Dediyim kimi, QMİ ilə DQİDK arasında aşkar olmasa da, hansısa şəkildə mövcud problemlər hiss olunur. Bu, bir sıra kitabların tərcüməsi halından tutmuş, qeydiyyat məsələsinə qədər tətbiq oluna bilər. Əlbəttə ki, buna bir sistem kimi yanaşsaq, başadüşüləndir. Amma bu, bəzi məsələlərdə yolverilməzdir. Məsələn, yaxınlarda QMİ sədrinin ölkə prezidentinə dini televiziya açılması barədə təklifi MTRŞ tərəfindən mənfi qarşılandı. Lakin DQİDK Allahşükür Paşazadəyə şifahi də olsa, bir dəstək vermədi. Halbuki bu, incə və mühüm məsələdir”.

V.Hətəmov sonda qeyd edib ki, əgər bir dövlət kimi Azərbaycanın dini kanalımız olmasa, vətəndaşlarımız televiziya vasitəsi ilə ödənə bilən öz dini tələbatlarını xarici kanallardakı dini verilişlər vasitəsilə əldə edəcəklər. Bu isə gələcəkdə müəyyən problemlərə yol aça bilər.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın