Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Siyasət / “Şeyx Nəsrullah bura 22-ci əsrdə də ölü diriltməyə gələcək” – DEPUTAT

“Şeyx Nəsrullah bura 22-ci əsrdə də ölü diriltməyə gələcək” – DEPUTAT

Fazil MUSTAFA

BQP sədri, Milli Məclisin deputatı

 

Düşüncələr, baxışlar, dünyagörüşlər, zövqlər fərqli ola bilər. Seçkilərə də, rejimlərə də münasibətin, siyasətçilərə də sevgi və nifrətin tərs mütənasibliyi dünyanın hər guşəsində yüzillərdir az və ya çox dərəcədə mövcuddur.

Fikirlərlə razılaşıb-razılaşmamaq bir toxunulmaz haqdır və buna görə tənqid edənləri qınamaq, topa tutmaq yanlışdır. Ancaq bir əməl var ki, onun adı sadəcə tərbiyəsizlik deyil, qatillikdir, hannibalizimdir, vəhşilikdir və ən nəhayət, nadanlıqdır. Niyəsini izah edim.

Yazıçı Anarın Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və çəkisi var. İstər ədəbi mühitdə, istərsə də ictimai-siyasi həyatda tutduğu mövqe, səsləndirdiyi fikirlər hər kəsin təqdirinə və tənqidinə açıqdır. Buna qarşı kimsə haqlı və ya haqsız kampaniya aparmaqda da sərbəstdir. Lakin elə bir çağırış səslənib ki, bunu qətiyyən diqqətdən kənarda saxlamaq, görməzdən gəlmək mümkün deyil.

Bir qrup gənc çağırış edib ki, yazıçı Anarın siyasi mövqeyini bəyənmədiyimizə görə, kitablarını yandırmalıyıq.

KİTAB YANDIRMAQ!!! Bu, həm də tarixi yandırmaqdır! Bu, həm də ədəbiyyatı yandırmaqdır! Bir neçə il öncə Əkrəm Əylislinin də bir ədəbi əsərində yazdığı tariximizə kölgə salan xətalı tezisinə görə bu tanış şüarlar səsləndirilmişdi. Cəmiyyət xətalı tezislərinə görə qocaman yazarı qınadı, bir çox hallarda sərt üslubda təhqir də etdi. Bu emosiyaları, bəlkə də, anlamaq mümkündür, ancaq kitab yandırmaq barədə çağırış səslənəndə, dərhal göz önünə Mirzə Fətəlini, Mirzə Sabiri, Mirzə Cəlili mənəvi terrorla öldürən milli qaragüruhumuz  gəlir. Doğrudanmı, bu qaragüruh virusu bu qədər gəncləşərək 21-ci əsrə qədər içimizdə hökmranlıq edə bilir?!

Tarix boyu işğal edənlər işğal olunanın kitablarını yandırıb. Bunu dinsizlər də edib, xristianlar da, yəhudilər də, müsəlmanlar da… Ötən əsrdə də bu vəhşiliyi faşistlər, kommunistlər, yobaz dinçilər təkrarlayıblar. Hər kəs öz ideologiyasına, baxışlarına tərs düşən kitabı yandırmaqla özünə rahatlıq tapacağını düşünüb. Ancaq yer üzündə bundan iyrənc, bundan yaramaz əməl təsüvvür etmək mənim üçün, həqiqətən, çətindir. İnsanın cismini yandıranlar onun fikrini yandırandan o dərəcədə təhlükəli deyil.

Bu çağırışı sadəcə qınayıb keçmək olmaz, heç yazıçı Anarı dəstəkləmək kimi addıma da ehtiyac yox, kitab yandırmaq virusunun daşıyıcılarından qorxmaq, müqaviməti düşünmək lazımdır… Gənc olsun, böyük olsun, o yerdə ki kitabın müəllifinə ölüm hökmü kəsirlər, o yerdə ki kitabı qadağan edirlər, o yerdə ki kitabı yandırırlar, o yerə 22-ci əsrdə də Şeyx Nəsrullah təkrar-təkrar ölü diriltməyə gələcəkdir. O zaman milli qaragüruhun yandırdığı “Ölülər”i axtaracaqlar, hətta külünün də xiffətini çəkəcəklər.

Bilmirəm, bəlkə, bu millətin başqa gəncləri də bu vəhşiliyin, bu nadanlığın, bu hannibalizmin qarşısına “Kitabı qoruyaq və oxuyaq!” kampaniyası ilə çıxsalar, daha islahedici bir davranış sərgiləmiş olarlar?

Bu gün dünyamız vaxtilə kitab yandıran kitabsızlara görə, bir çox bilgilərdən məhrumdur. Həm də hər bir kitab bir insanın zehninin, əlinin, vaxtının məhsuludur, bəyənmirsinizsə, oxumayın, evinizə götürməyin. Ancaq kitab yandıran cahil kimi yaddaşlarda qalanlardan olmayın!

Həmçinin oxuyun

““Human Rights Watch” hesabatı birtərəflidir və gerçəkliyi əks etdirmir” – DEPUTAT

“Human Rights Watch” təşkilatı Azərbaycanı komalaşmış döyüş sursatlarından (cluster munitions) istifadə etdiyinə görə tənqid edib, …