Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Siyasət / Şeyx məscidlərə nəzarəti gücləndirir: yeni “Vahid xütbələr” paylanacaq

Şeyx məscidlərə nəzarəti gücləndirir: yeni “Vahid xütbələr” paylanacaq

QMİ-nin vahid xütbə məsələsində təşəbbüs irəli sürməsi son zamanlarda dini idarəni sıxışdırmağa yönəlik fəaliyyətə cavab da hesab oluna bilər

 
Azərbaycanda yeni “Vahid xütbə” kitabı hazırlanır. “Report” agentliyinin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xütbə və moizələr şöbəsinin müdiri, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin baş müəllimi Aqil Şirinov deyib ki, kitab Şeyxülislamın göstərişi ilə hazırlanır, artıq kitab üzərində iş yekunlaşmaqdadır. 
 
Şöbə müdirinin sözlərinə görə, nəşrdə Azərbaycanda mövcud olan İslam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alacaq: “Kitabda Quran və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub. Orada hər həftə üçün bir xütbə verilib. Hər xütbə isə bir neçə səhifədən ibarətdir”.
Qeyd edək ki, təxminən 4 il əvvəl də ölkədə vahid xütbə mətnləri yayılmışdı. O zaman da QMİ-nin məscidlərdə vahid xütbə mətnləri tövsiyə xarakterli idi, imam və axundların istifadəsi üçün bir sıra tövsiyə və istiqamətləri göstərirdi. Ancaq A.Şirinov deyib ki, bundan əvvəl mövcud olan vahid xütbə kitabında yalnız mövzu ilə əlaqədar ayə və hədislər verilib: “Yeni kitab isə tam xütbə formasına salınıb”.
QMİ nümayəndəsi kitabın nəşr olunduqdan sonra məscidlərə paylanılacağını, axund və imamlar tərəfindən əyani vəsait kimi istifadə olunacağını bildirib. Yeri gəlmişkən, QMİ-dən tövsiyə etdilər ki, bu mövzuda A.Şirinovun açıqladığı məlumatlarla kifayətlənək. Əlavə açıqlama yoxdur.
Related image
Qeyd edək ki, 4 il əvvəl hazırlanan vahid xütbə mətnləri əlamətdar günlər və tarixi hadisələrlə əlaqədar verilən tövsiyə xarakterli xütbə və moizə mətnlərindən ibarət idi. Tövsiyə xarakterli xütbələrdə vətənpərvərlik, milli-mənəvi dəyərlərimizin təbliği, tarixi-mədəni irsimizə sədaqət, vəhdət və qardaşlıq, dinlər və məzhəblərarası münasibətlərdə tolerant yanaşma və bu kimi mühüm məqamlara xüsusi diqqət çəkilə bilər.
Bundan başqa, Rafiq Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri kimi çalışdığı dövrdə Dövlət Komitəsi axund və imamlar üçün xütbə nümunələri hazırlamışdı. Ancaq o zaman DQİDK sədri ilə Şeyxülislam arasında münasibətlər xeyli soyuq idi və R.Əliyevin kitabı sadəcə tövsiyə xarakterli idi. O zaman və sonrakı illərdə kimsə bu tövsiyələrdən istifadə etmədi. 
 
Image result for Rafiq Əliyev
Daha sonra isə 2012-13-cü illərdə vahid xütbə mövzusu yenidən gündəmə gəldi və DQİDK və QMİ birgə vahid xütbə mətnləri hazırladılar. Ancaq görünür, artıq o kitab da şərtlərə cavab vermir. Beləliklə, artıq 3-cü və necə deyərlər, tam olaraq xütbə nümunələri hazırlanır. Əgər daha əvvəlkilər, sadəcə, tövsiyələr idisə, indi hazırlanan yeni kitabda imamlar üçün hazır xütbə mətnləri olacaq.
Onu da qeyd edək ki, bu məsələ əksər müsəlman ölkələrində, xüsusən də həssas şərtlərə malik dövlətlərdə çoxdan həllini tapıb. Məsələn, qonşu ölkələrdə, o cümlədən dünyəvi respublika olan Türkiyədə bütün məscidlər baş nazirə tabe olan Diyanət İşlər Başkanlığı tərəfindən idarə olunur, məscidlərin idarəçiliyi, imam və müəzzin təyinatı DİB tərəfindən aparılır. Eyni zamanda bayram və Cümə namazlarının xütbələri DİB-in hazırladığı vahid xütbə mətnlərinə əsasən deyilir. Yalnız cari mövzularda imamın gündəlik aktual məsələlərdən danışması mümkündür.
Image result for Axund və imamlar
Qonşu İranda da vahid xütbə mətnləri olmasa da, İslam Respublikasında axund və imamlar bu standartları bilir və riayət edirlər. Ümumiyyətlə, müsəlman ölkələrində bir qayda olaraq məscidlər dövlətlərin bu və ya digər formada nəzarətində olur. Hökumət və ya onun nəzarətində olan dini qurumlar məscidləri və ümumilikdə dini fəaliyyəti yönəldir. Çünki əks təqdirdə, dini fəaliyyətlər nəzarətdən çıxır və tezliklə hakimiyyətlərə qarşı əsas müxalif gücə çevrilir. Unutmaq olmaz ki, müsəlman ölkələrində xalq kütlələrini səfərbər edən ən güclü amillərdən biri və ya (bəzi ölkələrdə) birincisi dindir. Bu səbəbdən də iqtidarlar – dünyəvi və ya dini olmasından asılı olmayaraq – dini fəaliyyətləri müxtəlif şəkillərdə nəzarət altında saxlamağa çalışırlar. Bunun bir çox modelləri var – hansı ki, hazırda bütün müsəlman aləmində ondan istifadə olunur.
 
Azərbaycan hökuməti də son illərdə, xüsusən də 2014-cü ildən sonra dini fəaliyyəti ciddi nəzarət altına almağa çalışır. DQİDK və Prezidentin millətlərarası, dini tolerantlıq və dini məsələlər üzrə dövlət müşavirliyi böyük ölçüdə dini təbliğat və maarifçilik fəaliyyətlərini nəzarətə götürüb. Ölkə ərazisində konfranslar, seminarlar keçirilir, radikalizmə və xurafata qarşı kompleks tədbirlər həyata keçirilir. İndi isə məlum olub ki, Qafqaz Müsəlmanları İdarəsi vahid xütbə nümunələri hazırlayır. 
Bununla məscidlərdə kənar söhbətlərin, dinlər və məzhəblərarası nifrətin yayılması, “siyasi söhbətlərin” qarşısının alınması məqsədi güdülür.
Yeri gəlmişkən, kitabın hazırlanması Aqil Şirinovun rəhbərlik etdiyi şöbədə həyata keçirilir. A.Şirinov QMİ-də azsaylı nüfuzlu və gənc ilahiyyatçılardan biridir. QMİ-nin vahid xütbə məsələsində təşəbbüs irəli sürməsi son zamanlarda dini idarəni sıxışdırmağa yönəlik fəaliyyətə cavab da hesab oluna bilər.

Həmçinin oxuyun

“Onlar 26 ildir qorxaq, qaçan, vuruşmayan azərbaycanlı obrazı yaratmışdılar”

“Paşinyan deyir ki, əks-həmlə ilə məsələni həll edəcəyik. Adam (elə deyək) rəsmən müharibənin davamı üçün …

Bir cavab yazın