Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Şeyx 7 mədrəsə açır – Səbəb siyasidir

Şeyx 7 mədrəsə açır – Səbəb siyasidir

Fazil Mustafa: “Halal xoşları olsun, amma bu qazancdan təhsilə də xərcləsinlər”

Azərbaycanın müxtəlif şəhər və rayonlarında 7 yeni mədrəsənin açılması planlaşdırılır. “Report”un məlumatına görə, həmin dini məktəblər Bakı şəhərində yerləşən “Heydər” və “Bibiheybət” məscidlərinin nəzdində, Nardaran qəsəbəsində, Naxçıvan, Gəncə, Lənkəran şəhərlərində və Quba rayonunda fəaliyyət göstərəcək.
Gənclərə yüksək səviyyəli dini təhsil verilməsini nəzərdə tutan mədrəsələrdə təhsil alanlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən həm təqaüd veriləcək, həm də onlar yataqxana və geyimlə təmin olunacaqlar. Hazırda müvafiq qurumlar bu istiqamətdə iş aparırlar.
İndiki vaxtda mədrəsələrin açılmasına bu qədər önəm verilməsi bir sıra suallar yaradıb. Dini məktəblərin tikintisinə qərar verilməsinə əsas səbəb kimi, ölkə xaricində dini təhsil almaq istəyən şəxslər göstərilir. Bu yolla onları ölkə daxilindəki dini təhsilə yönləndirmək üçün belə bir qərarın alındığı vurğulanır. Bu fikirlərdə müəyyən qədər həqiqətlər var. Çünki son illərdə xaricdə, xüsusilə İranda təhsil alanların ölkədaxili sıxışdırıldıqları, onların dini yerlərdə təbliğat aparmalarına ciddi maneələrin yaradıldığı göz önündədir.
QHT kimi fəaliyyət göstərən QMİ-nin məsrəfləri necə qarşılayacağı da müzakirə olunan məsələlər sırasındadır. Çünki mədrəsələrdə təhsil alacaq şəxslərə təqaüd vermək, eləcə də onları yataqxana və geyimlərlə təmin etmək külli miqdarda pul tələb edir.
Image result for Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa  mədrəsələrin açılmasına səbəb olan amilləri sadaladı: “İlk növbədə, insanlar başqa ölkələrə gedib, vəsait xərcləyib, təhsil almaq üçün böyük məsrəflər edirlər. İkinci isə bunun siyasi tərəfi var. O da ondan ibarətdir ki, dini təhsil verilir, dövlət dinə loyal münasibət göstərir, amma bu dini təhsilin hansısa ölkə üçün casus yetişdirilməsinə, hansısa ölkənin maraqlarına xidmət edən şəxslər yetişdirməsinə imkan verilməməlidir. Bildiyiniz kimi, yüzlərlə azərbaycanlı tələbə başqa ölkələrdə təhsil alaraq, həmin ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlığa girirlər. Təbii ki, öz imicini qoruyan, vətəninə sadiq insanlar da var. Dindarların içərisində belələri çoxdur.
Başqa ölkələrdə o istiqamətdə də hazırlanan insanlar var ki, ölkəmizdə görüntü xətrinə guya dini təbliğat aparırlar, lakin başqa dövlət tərəfindən idarə olunurlar, başqa dövlətdən özlərinə dini lideri seçib, onun arxasınca gedirlər. Bu ənənəni Azərbaycanda bilavasitə dövlətin özü dəyişmək üçün müəyyən addımlar atmalıdır. Mədrəsələrin açılmasını təqdir edirəm. Düşünürəm ki, Dini Qurumlar üzrə Dövlət Komitəsinin bu istiqamətdə etdiyi təşəbbüslər önəmlidir. Qafqaz Müsəlmanları İdarəsinin bu məsələyə açıq dəstək verməsi də çox önəmlidir. Bu idarənin, görünür, bu məsələlərə yardım etmək imkanları var. Qoyun imkanlarını da bir az bura xərcləsinlər.
Bunun heç bir ziyanı yoxdur. Müxtəlif tədbirlər keçirilir, addımlar atılır ki, ondan müəyyən vəsaitlər qazanırlar. Halal xoşları olsun, amma bu qazancdan təhsilə də xərcləsinlər. Sadəcə, buna nəzarət mexanizmi güclü olmalıdır ki, burada səviyyəli təhsil verilsin. Azərbaycan dövlətinə bağlı, dinini yüksək səviyyədə bilən, müəyyən təbliğat məsələlərində cəmiyyət içinə çıxa biləcək insanlar yetişsin. Bu sahədə qaragüruhçuluğu, xurafatı, cəhaləti ortadan qaldırmağa xidmət edən bir vasitə ola bilər. Səviyyəli din adamlarının olması ölkədə müəyyən qədər bu sahədəki boşluğun, çatışmazlığın aradan qaldırılmasına səbəb ola bilər”.
F.Mustafa bu addımın bəhrə verib-verməyəcəyinə də toxundu: “Azərbaycanda onlarla məktəb açıldı, bəhrəsi oldumu? Müəyyən ali məktəblər açıldı ki, təhsilin səviyyəsi müəyyən qədər beynəlxalq standartlara yaxınlaşdı, normallaşdı. Amma hamısında belə olmadı ki… Ona görə insan faktoru çox önəm daşıyır. Vicdanlı və dürüst şəkildə vətənini sevərək, bu problemə yanaşan insanlar bu sektora rəhbərlik edərsə, prosesin öncüllüyünü götürərlərsə, məncə, bunun faydası olacaq. Götürməyəcəklərsə, bunun faydası olmasa belə, zərəri də olmayacaq. Adam gedib başqa ölkədə digər dövlətin təsiri altında yetişməyəcək, Azərbaycanın qanunlarına tabe bir insan yetişəcək, yenə də bunun zərəri olmayacaq”.
Qeyd edək ki, bu gün Azərbaycanda üç mədrəsə – Bakıda “Şəbnəm” qızlar mədrəsəsi, Zaqatala rayon Əliabad İslam mədrəsəsi və Şəki İslam mədrəsəsi dövlət qeydiyyatına alınıb.(musavat.com)

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın