Bazar , Noyabr 29 2020
Ana səhifə / Siyasət / “Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Sevincimi ifadə etməkdə çətinlik çəkirəm…”- Qubadlının qürbətdə yaşayan sabiq icra başçısı

“Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan birisi kimi deməliyəm ki,  işğal altındakı torpaqlarımızın azad edilməsi əməliyyatı  dövlətimiz və Silahlı Qüvvələrimiz tərəfindən çox yüksək peşəkarlıqla hazırlanıb”.
Bu fikirləri  Qubadlı şəhərinin azad olunması  münasibəti ilə  Moderator.az-a açıqlama verən soydaşımız,  hazırda Azərbaycan diasporunun tanınmış simalarından olan, Ukrayna Ali Radasının hüquq siyasəti və ədalət məhkəməsi komitəsinin məsləhətçisi, eyni zamanda Elm və Təhsil nazirinin müşaviri kimi çalışan Elxan Nur(Nuriyev) söyləyib. 

Elxan bəy  1992-1993-cü illərdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı olub. Eyni zamanda 1980-ci illərdən torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə fəal iştirak etmiş ehtiyatda olan polkovnikdir. 
 “O torpaqlarda doğulub boya-başa çatmış bir insan kimi sevincimizi, hisslərimizi ifadə etmək çox çətindir. Allah bu yurdlarımız uğrunda keçmişdə və bu günlər şəhid olmuş bütün oğul-qızlarımıza rəhmət eləsin! Ruhları şad olsun! Yaralılarımıza Allahdan şəfa diləyirəm. 
Təbii ki, işğal altındakı bölgələrimizin, eləcə də Qubadlı  şəhərinin azad olunmasında ən əsas rolu ölkəmizin siyasi rəhbərlik və ordu komandanlığı oynayır.  Müharibə dəqiq bir elm, həm incəsənət, həm də beynəlxalq münasibətlərdir. Çox uyğun zaman və şəraitdə və dəqiq strategiya qurulduğu üçün Azərbaycan siyasi hakimiyyətinə və hərbi komandanlığa gerçəkdən böyük və səmimi təşəkkürümü bildirirəm. Peşəkar bir hərbçi olaraq və o yerləri, ən azı, Qubadlını, Cəbrayılı və Laçını qarış-qarış tanıyan birisi kimi deməliyəm ki,  işğal altındakı torpaqlarımızın azad edilməsi əməliyyatı çox yüksək peşəkarlıqla hazırlanıb. 
Ukraynada və digər xarici ölkələrdə əlaqədə olduğumuz bütün dostlarımız, soydaşlarımız həm hərbi əməliyyatlara dəstək, həm də azad olunmuş Qarabağ torpaqlarına qovuşmaq üçün Azərbaycan rəhbərliyindən komanda gözləyirlər…”- deyə Qubadlının sabiq icra başçısı vurğulayıb.
Dəyərli soydaşımız Elxan Nurla daha geniş söhbətimizi yaxın müddətdə diqqətinizə çatdıracağıq.

Həmçinin oxuyun

Pravoslav kafedral kilsəsinin keşişi: “Əgər bir insan müqəddəs yerləri dağıdırsa, ona insan demək mümkün deyil”

Torpaqlarımızın azad olunacağı günü çoxdan gözləyirdik. Çox xoşbəxtik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandana təşəkkür …