Bazar ertəsi , Yanvar 24 2022
Ana səhifə / Siyasət / Seçkidə kim iştirak edəcək? “Pul xərcləyib əsəblərimi korlamağın nə mənası var?”

Seçkidə kim iştirak edəcək? “Pul xərcləyib əsəblərimi korlamağın nə mənası var?”

Mərkəzi Seçki Komisisyasının (MSK) sədri Məzahir Pənahov bir müddət əvvəl ölkədə boş qalan dairələrdə təkrar seçkilərin keçiriləcəyini elan emtişdi. MSK sədrinin bu açıqlaması siyasi mühitdə müəyyən canlanmaya səbəb oldu.

Boş qalan 5 dairədə keçiriləcək seçkilərdə hansı partiya sədrləri iştirak edəcək? Seçkiyə qatılmağı düşünən liderlər öz şanslarını necə dəyərləndirirlər? Seçkilərin demokratikliyini təmin etmək mümkün olacaqmı?

Yenisabah.az-ın suallarını cavablandıran “Milli Dirçəliş Hərəkatı Partiyası”nın sədri Fərəc Quliyev bildirib ki, MDHP bu seçkilərdə iştirak etməyi düşünür:

“Bizim prinsipcə yanaşmamız budur ki, siyasi partiya mövcuddursa, onun fəaliyyətində seçki mütləqdir. Çünki hakimiyyətə gəlməyin yeganə yolunu biz seçkilərdə görürük. Başqa yollar, təbii ki, qeyri-qanuni sayılır”.

Siyasətçi onu da vurğulayıb ki, siyasi partiya yaradıb seçkidə iştirak etməmək absurd bir məsələdir:

“Ona görə də biz bütün seçkilərdə iştirak edirik. Bura parlament, bələdiyyə, prezident seçkiləri daxildir. Hesab edirəm ki, Prezidentin sərəcanmı olandan sonra bu məsələ partiyada müzakirə olunacaq və seçkilərdə iştirak etməyin tərəfdarı kimi, təbii ki, çıxış edəcəm ki, partiyamız da iştirak etsin. Amma hansı dairədən kimin iştirak etməsini, təbii ki, partiyamız müəyyənləşdirəcək. Böyük ehtimalla partiyanın qərarı seçkilərdə iştirak etmək olacaqdır. Əgər iştirak edəcəyiksə, onda nümayəndələrimiz də bəyan olunacaq”.

“Seçkilərin demokratikliyinin təyin olunmasına gəldikdə isə, niyə də olmasın? Burada hər ildə müəyyən bir kamilləşmə olur, artıq oturuşmuş bir sistemimiz var. Məncə, cəmiyyət də bu məsələlərdə hazırdır və mən düşünmürəm ki, burada hansısa bir narazılıq olsun. Normal şəkildə bu seçkilər keçiriləcək”, – deyə F. Quliyev yekunlaşdırıb.

“Azərbaycan Demokrat Partiyası”nın sədri Sərdar Cəlaloğlu isə MSK-dan şikayətlənib: “Necə ki, Məzahir Pənahov MSK-nın sədridir, yəqin ki, seçilmə şansımız sıfır olar. Ona görə də, mən şəxsən iştirak etmək haqqında fikirləşmirəm. Partiyamız hansı qərarı qəbul edəcək, kimlər iştirak edəcək, bu da gələcəyin işidir. Çünki mən 3 dəfə iştirak etmişəm, üçündə də kifayət qədər parlamentdə təmsil olunmaq hüququnu əldə etmişəm, amma üçündə də seçkiləri saxtalaşdırıb məni buraxmayıblar. Üçündə də Avropa İnsan Haqqları Məhkəməsi mənim şikayətlərimin əsaslı olduğunu qəbul edib. İşimi-gücümü buraxıb boş yerə pul xərcləyib əsəblərimi korlamağın nə mənası var ki?”

“Dünyanın heç bir yerində də belə bir şey yoxdur ki, kimsə zorla gedib parlamentə girsin. Ona görə də mən seçkilərdə iştirak etməyi düşünmürəm.

O ki qaldı iştirakçılara, mən deyə bilmərəm kimlər iştirak edəcəklər, çünki maraqlanmıram. Kim istəyir getsin iştirak etsin”, – deyə ADP sədri fikirlərini bizimlə bölüşüb.

“Azərbaycan Ümid Partiyası”nın sədri İqbal Ağazadə isə saytımıza açıqlamasında bildirib ki, seçki haqqında hələ qərar verilməyib:

“Qərar veriləndə partiyamızın səlahiyyətli qurumları bunu müzakirə edəcək. İlkin fikrimiz isə müsbətdir. Amma hər halda biz fərdi qaydada siyasətlə məşğul olmuruq, biz partiya çərçivəsində məşğul oluruq və qərarları da partiyanın səlahiyyətli qurumları verir. İlkin rəy budur ki, iştirak edəcəyik”.

İ. Ağazadə onu da vurğulayıb ki, seçkilərdə demoratikliyin təmin olunması çətindir: “Biz hansı cəmiyyətdə yaşadığımızı bilirik və seçkilərin nəticələrinin necə olduğunu da neçə dönəmdir görürük. Ona görə də, bizim ümidimiz cəmiyyəti demokratikləşdirməkdir. Demokratik seçki olacaq deyə biz iştirak edirik fəlsəfəmiz yoxdur bizim. Mən deyə bilmərəm bu seçkilərə kimlər qatılacaq. Zaman göstərəcək bunu”.

Həmçinin oxuyun

İki partiya birləşdi, Ramil Hüseynov yenidən sədr seçildi

Azərbaycanda iki partiya birləşdi. Belə ki, 22 yanvar 2022 il tarixində Dirçəliş və Tərəqqi Partiyasının …