Ana səhifə / Siyasət / Şaquli asılmış Azərbaycan bayrağı əslində necə yerləşdirilməlidir?

Şaquli asılmış Azərbaycan bayrağı əslində necə yerləşdirilməlidir?

28 May – Respublika Günü münasibətilə Bakıdakı bir sıra inzibati binaların üzərində üçrəngli bayrağımız dalğalanmaqdadır.

Virtualaz.org xəbər verir ki, bəzi binaların yerləşməsindən və formasından asılı olaraq, bayraqlar üfüqi deyil, şaquli vəziyyətdə asılır. Bu hal bəzən şəhərimizin sakinləri tərəfindən düzgün anlaşılmır.

Oxucularımızdan biri bu gün redaksiyaya zəng edərək, “Azər-Türk Bank” ASC-nin 28 May küçəsində yerləşən binasının üzərindən şaquli asılmış bayrağın düzgün yerləşdirilmədiyini bildirib.

Məsələni dəqiqləşdirmək üçün virtualaz.org-un müxbiri bankla əlaqə saxlayıb. “Azər-Türk Bank” ASC-dən sorğumuza cavab olaraq bildirilib ki, bankın Bakı şəhəri, 28 May küçəsi, ev 64/75 ünvanında yerləşən “Bakı” filialının inzibati binası üzərində Azərbaycan Respublikasının Dövlət Bayrağı “Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 oktyabr 2013-cü il tarixli, 317 nömrəli qərarı ilə əlavə edilmiş 12.1-ci bəndə əsasən, “Azərbaycan Respublikasının Dövlət bayrağı binanın divarına dirəksiz şaquli çəkildikdə və ya şaquli vəziyyətdə xüsusi tutqaclara bərkidildikdə, Dövlət bayrağının mavi zolağı qarşıdan baxılarkən sol tərəfə yerləşməlidir” prinsipinə tam uyğun olaraq yerləşdirilib.

O da qeyd olunub ki, Azərbaycanın Dövlət bayrağı Bankın “Bakı” filialının binasının fasadı üzərində asılarkən, bu qərardan irəli gələn tələblər əsas götürülüb və hər hansı yanlışlığa yol verilməyib.

Bank əməkdaşlarının bildirdiyinə görə, 28 May Respublika Günü ərəfəsində “Azər-Türk Bank” ASC-nin baş ofisi və filialları üzərində Dövlət bayrağımızın asılması ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin ruhuna, eləcə də Azərbaycanın istiqlalına ehtiram nümayişi kimi sosial aksiya mahiyyəti daşıyır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın