Çərşənbə axşamı , Mart 28 2023
Ana səhifə / Siyasət / “Sanki o məmurların atalarına söymüşdüm” – Sabir Rüstəmxanlı

“Sanki o məmurların atalarına söymüşdüm” – Sabir Rüstəmxanlı

“1982-ci ildə indiki Heydər Əliyev sarayında beynəlxalq poeziya bayramı keçirilirdi. Gecəyə SSRİ-nin bütün respublikalarından tanınmış şairlər gəlmişdilər. Respublikanın bütün rəhbərliyi, başda Heydər Əliyev olmaqla, salondaydı. Azərbaycandan üç nəfər çıxış edəcəkdi. Gənclərdən məni məsləhət görmüşdülər. Gecə boyu bütün danışıqlar, şeirlər rusca… Salon yüzə-yüz azərbaycanlı… Mən mikrofonun qarşısına keçəndə, sanki etiraz olaraq, bərkdən “Sağ ol, ana dilim” şeirini dedim. Salondan alqış qopdu. Hələ nə söyləyəcəyimi bilmədən”. 

Bu hadisəni Xalq şairi, millət vəkli Sabir Rüstəmxanlı 21 fevral Beynəlxalq Ana dili Günü ilə bağlı danışarkən xatırladıb. 

“Həmin şeirdən sonra o alqışlar uzun sürə davam etdi. Qonaqlar bu sevgini görüb mənim çıxışımla maraqlanırdılar. Gecənin sonunda qonaqlar və rəhbərlik səhnənin arxasında çay süfrəsinə yığışanda bizim məmurlar mənə salam vermədən, incik görkəmlə, küsülü kimi kənardan keçirdilər. Yəni o nə şeirdir bu dostluq gecəsində oxudun? Sanki atalarına söymüşdüm. Sıxıntı içində bir kənarda dayanmışdım. Birdən Heydər Əliyevin gözü mənə sataşdı. “Yaxın gəl!”, – deyib əlimi sıxdı. “- Təbrik edirəm, gözəl şeirdir”,- dedi. Birdən-birə buz əridi, yanımdan küsülü keçənlər, yollarını dəyişib bu dəfə məni hərarətlə təbrik etməyə başladılar”, – Xalq şairi əlavə edib. 

S.Rüstəmxanlı bildirib ki, indi bütün ömrünü ana dilimizin inkişafına həsr etmiş şəxslərə Azərbaycan dili sevgisindən dərs vermək istəyən və bunu fürsət bilib gözəl, zəngin türk dilinə sayğısızlıq edən, onu kobud, Avropa təsiri ilə kökdən uzaqlaşmış sayanların, Azərbaycanla Türkiyə arasına soyuqluq salmaq istəyənlərin çoxu o şeir gecəsində onun “Sağ ol, ana dilim” harayından canlarına titrətmə düşənlərin, gecələr üzü Moskvaya, Tehrana yatanların nəvə-nəticələridir. 

Həmçinin oxuyun

“Daha bir şapalaq yeyəcək və sonra zingilti qaldıracaqlar”

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan bu yaxınlarda Moskvaya səfər edib …