Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Siyasət / Samir Adıgözəlli xaricdəki söyüşçül mühacirləri hədəf aldı

Samir Adıgözəlli xaricdəki söyüşçül mühacirləri hədəf aldı

Müxtəlif ölkələrə fərqli bəhanələrlə mühacir adı ilə sığınan şəxslərin məşğuliyyəti sırasında sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edib, ölkəmizin dəyərlərini, atributlarını və bir şox vəzifəli şəxsləri söymək, təhqir etmək də var.
Biz belə iyrənc kampaniyanı ölkədə keçirilən növbədənkənar prezident seçkilərinə hazırlıq dönəmində də gördük. Məqsədlərinə çata bilməyən həmin qruplar, bir müddət ara verdikdən sonra, yenidən aktivləşiblər. Onlar görürlər ki, apardıqları təbliğata Azərbaycan xalqı ciddi reaksiya vermir. Reaksiya olsaydı, ortada hansısa nəticə görünərdi. Bax, xalqın onlara öz dəstəyini əsirgəməsi həmin şəxsləri daha da qəzəbləndirir. Ona görə də yeni radikallaşma mərhələsinə qədəm qoyub ənənəvi söyüş, təhqir, şantaj kampaniyalarını davam etdirirlər. Təsadüfi deyil ki, bu məsələyə Prezidentin köməkçisi Əli Həsənov səviyyəsində reaksiya verilib. Əli Həsənovun bu mövzu ilə bağlı öz “Facebook” səhifəsində yazdığı fikirlərdən bəzi detalları təqdim edirik: “Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz dövlətinə qarşı mübarizə aparan ünsürlərin heç bir reallığa uyğun gəlməyən iddialarına artıq adət edib və tam səmimi demək olar ki, artıq buna əhəmiyyət də vermir. Lakin düşünürəm ki, bəzi hallarda onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır ki, ictimai rəyi çaşdıra və cəmiyyətimizin ab-havasını dəyişə biləcəklərinə qətiyyən ümidli olmasınlar”.
Əli Həsənov daha sonra qeyd edir ki, kiminsə təhqir olunması mənim nə rəsmi statusuma, nə əxlaqıma və mənəviyyatıma, nə psixi-əqli durumuma, nə də ki, hansısa formada ictimai maraqlarıma uyğun deyil: “Şübhəsiz, bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd, bir tərəfdən, təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə, iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir”.
Əli Həsənovun fikirlərindən aydın görünür ki, məhz onun hədəf olaraq seçilməsi təsadüfi deyil. Məqsəd iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətini həyata keçirən məmur kimi onu nüfuzdan salmaqdır.
Xaricdəki söyüşcül virtual şəbəkənin son günlər radikallaşmasının kökündə başqa hansı amillər dura bilər?

Dünya Azərbaycanlıları Konqresinin icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə  bildirdi ki, həmin şəbəkə, demək olar, ifşa olunub:

“Siz sosial şəbəkələrdə bir monitorinq aparın. Görəcəksiniz ki, onların paylaşdığı videolar, etdikləri müraciətlərin izlənmə sayı olduqca aşağıdır. Çünki onların hədəf kimi seçdikləri seqment məhz Azərbaycandır və burada həmin adamları ciddi qəbul etmirlər. İngilis və rus dillərində yaza bilmirlər ki, onları başqa auditoriya da oxusun. Əminəm ki, Azərbaycanda yük maşını sürücüsü olmuş və ya heç bir ali təhsili olmayan şəxslər kimi onların əlindən heç yazmaq da gəlmir. Yalnız telefonun qarşısında durub, canlı yayım edib söyüş söyməklə sübut edirlər ki, bundan başqa nəsə bacarmırlar. Dərk edirlər ki, apardıqları təbliğat heç bir effekt vermir. Ən yaxşı halda, öz qohum-əqrəbaları kütləvi şəkildə onlardan imtina edirlər. Bu nəticəsizlik onları dərindən narahat edir. Ona görə də daha sərt mövqe ortaya qoymaq adı ilə şantaja, təhqirə, şərə, böhtana keçirlər. Xaricdəki həmin şəbəkənin birinci aktivlik fazasını biz prezident seçkiləri ərəfəsində hiss etdik. Hədəfləri boşa çıxandan sonra bir-birlərini ifşa etdilər. Yəqin ki, Tural Sadıqlı ilə Məhəmməd Mirzəlinin deyişməsini eşitdiniz. Açıb ortaya qoydular ki, xaricdən aldıqları qrantın müqabilində söyüş ritorikasına keçiblər. Sonra da pulu bölüşdürə bilmədikləri üçün, bütün sirləri yaydılar. Məlum oldu ki, həmin adamlar üçün heç bir mənəvi keyfiyyət önəmli deyil, yalnız pul maraqları onları birləşdirib. Bəllidir ki, onların arasında separatçılara meylli olanlar da az deyil. Hörmətli Əli Həsənov onların kimlyi barədə ətraflı məlumat verib. Bəli, Əli Həsənov doğru olaraq qeyd edir ki, həmin şəbəkənin cavabı layiqincə verilməlidir. Təəssüf ki, biz bəzi adamların bu istiqamətdə passivliyinin şahidi oluruq. Çoxları təhqir olunmaqdan, söyülməkdən qorxur. Vətən, dövlət üçün biz hansısa yaramazın söyüşündən qorxub geriyə çəkiləcəyiksə, onda mənim sözüm qalmır. Mən bütün fəal insanları həmin söyüş makinaları ilə mübarizəyə səsləyirəm”.

 

Həmçinin oxuyun

Moskva görüşünün tarixi açıqlandı

Yanvarın 30-da Moskvada Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və Ermənistan baş …