Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Siyasət / Samir Adıgözəlli: “Mən bilən ABŞ-da Hitlerin, Mussolininin adını daşıyan küçələr yoxdur”

Samir Adıgözəlli: “Mən bilən ABŞ-da Hitlerin, Mussolininin adını daşıyan küçələr yoxdur”

ABŞ-ın Qlendeyl şəhərində küçələrdən birinə “Arsax” adının verilməsinə etiraz olaraq bir qrup azərbaycanlı bloger tərəfindən petisiya başladılıb. “Change.org” saytında yaradılan petisiyada bildirilir ki, “Arsax” sözü Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin alternativ adıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycan Respublikasının ərazisinin təxminən 20 faizini təşkil edir.

Petisiyada qeyd olunur ki, Ermənistan dövlətinin Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qondarma rejim yaradılıb və dünyada heç bir dövlət, heç bir beynəlxalq təşkilat bu oyuncaq rejimi tanımır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Dağlıq Qarabağ və ətraf yeddi rayonun Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni silahlı birləşmələrinin qeyd-şərtsiz həmin ərazini tərk etməli olduqları bildirilib.

Petisiyada ABŞ dövlətinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmətlə yanaşdığı və Dağlıq Qarabağda yaradılmış qondarma rejimi tanımadığı xüsusi olaraq vurğulanıb.

Sonda Qlendeyl şəhəri bələdiyyəsinə çağırış edilir: “İllərdir erməni işğalından əziyyət çəkən Azərbaycan xalqı Qlendeyl şəhərindəki prospektlərdən birinə “Arsax” adının verilməsinə görə çox narahatdır. Biz bu petisiyanı imzalamaqla Qlendeyl bələdiyyəsindən “Arsax” adından imtina etməyi xahiş edirik”.

ABŞ-ın atdığı bu addımı necə izah etmək olar və bu cür etirazlarla həmin küçənin adının dəyişdirilməsi mümkündürmü? Bizə lazım olan nəticəni əldə etmək üçün daha hansı vasitələrdən istifadə edə bilərik?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı olunan bütün etirazlar təqdir edilməlidir: “Biz bu məsələ ilə bağlı hələ bir müddət əvvəl etirazlara başlamışıq. Bizimlə yanaşı, bəzi media orqanları da bu məsələni diqqətdə saxladı. Həmin etirazların fonunda, ABŞ-ın Azərbaycandakı Səfirliyinin maraqlı münasibəti ilə rastlaşdıq. Nə qədər qəribə olsa da, həmin açıqlamada bildirilirdi ki, ABŞ-da yeni bir küçəyə ad verilməsi və ya mövcud bir küçənin adının dəyişdirilməsi, ümumiyyətlə, yerli hökumət orqanlarının səlahiyyətlərinə aiddir və bunun mərkəzi hökumətə heç bir aidiyyəti yoxdur. Olduqca qəribə bir məntiq və yanaşmadır. Son illər məhz Dağlıq Qarabağ mövzusunda biz belə hallarla tez-tez rastlaşmalı oluruq. Məsələn, hansısa ölkədən bir nümayəndə heyəti Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edir və Azərbaycan buna rəsmi səviyyədə etiraz edəndə biz ABŞ Səfirliyinin verdiyi cavaba uyğun məzmunlu cavablar alırıq. Onda da deyirlər ki, bu, yerli hakimiyyət orqanlarının müstəqil işidir. Şəxsən mən bunu qəbul etmirəm. Elə prinsipial məsələlər var ki, orada yerli hakimiyyətin qəbul etdiyi qərarlar ləğv edilməlidir. Əgər nüfuzlu bir ölkənin hansısa əyaləti mərkəzi hakimiyyətin siyasətilə uzlaşmayan, tam qanunsuz qərarlar verirsə, ona elə mərkəzi hakimiyyət səviyyəsində də etiraz olunmalıdır. Hesab edirəm ki, bu cür hallar pis və zərərli olan presedentin əsasını qoymuş olur. Bu da iki ölkə arasındakı münasibətlərə ciddi xələl gətirə bilər. Təbii ki, biz bunu təsadüf saymırıq. Çünki hadisə erməni diasporunun yuvası olan Kaliforniya ştatında baş verib. Burada erməni diasporunun xidməti böyük olub. Bu hərəkət Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətsizlik nümunəsi sayılmalıdır.

Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın ABŞ-a etdiyi səfərdən sonra verib. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota da təqdim etdi. Bizim apardığımız araşdırmadan sonra məlum olub ki, artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.

ABŞ, eyni zamanda, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. İstənilən halda, belə hadisələrin baş verməsi həmin ölkənin obyektivliyinə şübhə yaradır”.

Samir Adıgözəllinin sözlərinə görə, bu məsələdə ABŞ-ın rəsmi mövqeyi çox qüsurludur: “Maraqlıdır, onda ABŞ-ın yerli bələdiyyələri bəşəriyyətdə qəbul olunmayan şəxslərin adını küçələrə verir? Məsələn, mən bilən ABŞ-da Hitlerin, Mussolininin adını daşıyan küçələr yoxdur. Arsax adı isə mənaca adları çəkilənlərdən də təhlükəlidir. Petisiya və müxtəlif formalı etirazlar davam etməlidir. Qoy bu cür ictimai qınaqdan nəticə çıxarsınlar və görsünlər ki, hansı qanunsuzluqlara imza atıblar. Hesab edirəm ki, bu küçənin adının dəyişdirilməsi Azərbaycan-ABŞ münasibətlərində olan inam və səmimiyyətə də təsirsiz ötüşmür. Mənə elə gəlir ki, etirazların çoxalması həmin ştatı geriyə addım atmağa vadar edə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Ümid edirik ki, vaksin tezliklə hazır olacaq” – Prezident

COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini …