Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Siyasət / Sabiq polis rəisinin “Azərişıq”da vəzifəyə təyinatı etiraz doğurub

Sabiq polis rəisinin “Azərişıq”da vəzifəyə təyinatı etiraz doğurub

Tanrıverdi Mustafayev: “…Şərh verə bilmərəm”
 
Müzəffər Baxış: “İctimaiyyət bu məsələnin üzərinə getməlidir”
Mingəçevirin keçmiş polis rəisi, ötən ilin noyabrında yaşına görə təqaüdə göndərilən Ələsgər Bədəlov yeni vəzifəyə təyinat alıb. O, “Azərişıq”ın Nizami Rayon Enerji Təchizatı və Satış İdarəsinin keçmiş rəisi Rauf Rzayevi əvəzləyib. Sabiq polis rəisinin bu vəzifəyə təyin olunması mətbuat və sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib.
Buna səbəb Ə.Bədəlovun Mingəçevirdə polis rəisi olduğu zamanlardakı fəaliyyəti və aidiyyatı olmayan bir sahəyə rəhbər gətirilməsidir. Ələsgər Bədəlovun adı ötən ilin avqustundan ictimaiyyətin yaddaşında qalıb. Polis rəisi işlədiyi həmin vaxt Mingəçevir polisində 22 yaşlı gənc Bəhruz Hacıyev müəmmalı şəkildə həyatını itirmişdi. Onun polis idarəsində üzləşdiyi işgəncələrdən öldüyü deyilirdi. Məhz bu hadisə Mingəçevirdə ixtişaşlara səbəb olmuşdu.
İndi isə bu ad bir daha gündəmə gəlib. Polis rəisi işləyən bir şəxsin “Azərişıq”a idarə rəisi gətirilməsi müəmmalıdır. Çünki bir-birinə aidiyyatı olmayan sahələrdir.
Cəmiyyətdə gəzən söz-söhbətlərlə bağlı “Azərişıq” ASC ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məzuniyyətdə olduğuna görə bu məsələ ilə bağlı açıqlama verə bilməyəcəyini qeyd etdi: “Məzuniyyətdəyəm, ona görə də, şərh verə bilmərəm. Çünki belə bir səlahiyyətim yoxdur”.
Hüquqşünas Müzəffər Baxış qanunda buna məhdudiyyət qoyulmadığını bildirdi: “Digər bir sahədə işləyən şəxsin başqa bir sahədə vəzifəyə təyinat almasına qanunla məhdudiyyət qoyulmur. Amma bu sahə spesifikdir. Bu vəzifəyə həmin sahəni mükəmməl bilən şəxs təyin olunmalı idi. Bunun effekti daha yüksək olar. Onun vəzifəyə təyin olunması göstərir ki, kiminsə tapşırığı bu işdə əsas rol oynayıb. Azərbaycan reallığına uyğun bir haldır. İctimaiyyət bu məsələnin üzərinə getməlidir. Ciddi araşdırmaya ehtiyac var. Çünki Ə.Bədəlov bu sahə üzrə mütəxəssis deyil. Ümumiyyətlə, bu sahədən xəbəri yoxdur. Uzun müddət polis orqanlarında işləyən bir şəxsin bu vəzifəyə təyinat almasına səbəb nədir? Bəlkə müsaqibə keçirilib, orada Ə.Bədəlov qalib gəlib, biz bilmirik. İctimaiyyətə məlumat verilməlidir. Əgər kimsə Ə.Bədəlovun bu vəzifəyə təyin olunmasına göstəriş veribsə, o zaman “Azərişıq”ın rəhbəri vəzifəsindən azad olunmalıdır. Göstəriş verən şəxs isə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Ona qarşı Cinayət Məcəlləsinin 308.1-ci maddəsi irəli sürülə bilər. Burada dövlətin və cəmiyyətin mənafeyinə ciddi ziyan dəyib. Burada əsas Ə.Bədəlovun o vəzifəyə təyin olunmasında böyük rolu oynayan şəxsin kimliyindən söhbət gedir”.

Həmçinin oxuyun

“Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi”

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Rusiyanın bütün …

Bir cavab yazın