Bazar , Sentyabr 19 2021
Ana səhifə / Siyasət / Sabiq nazirdən Rəsul Quliyevə sərt ittihamlar

Sabiq nazirdən Rəsul Quliyevə sərt ittihamlar

Eks-spiker Rəsul Quliyevlə sabiq maliyyə naziri Fikrət Yusifov arasında qarşıdurma yaranıb. Rəsul Quliyevin 2005-ci ilin 6 noyabr parlament seçkiləri öncəsi Azərbaycanda baş verən siyasi hadisələr, səs-küylü nazir həbsləri və hakimiyyət dəyişikliyinə cəhd hazırlıqları barədə bildirdiyi fikirlər qarşıdurmaya səbəb olub. Fikrət Yusifov hesab edir ki, Rəsul Quliyev mətbuat səhifələrində ad çəkmədən əslində onun ünvanına təhqiramiz fikirlər səsləndirib: “2005-ci ilin oktyabr ayında baş vermiş məlum dövlət çevrilişinə cəhd hadisələrindən 16 ilə yaxın bir vaxt keçəndən sonra onu sükutu pozmağa nəyin vadar etdiyini bilmirəm. Açıqlamasında həmin hadisələrdə mənim həbsdən azad olunmaq üçün kimlərəsə böhtan atdığımı iddia edərək ünvanıma yaramaz deyir”.

Sabiq nazir keçmiş spikerə son dərəcə sərt üslubda geniş yazı ilə cavab verib. Yazısında Rəsul Quliyevi qorxaq, korrupsioner adlandırıb. Sabiq nazir yazısında 2005-ci ildə planlaşdırılan dövlət çevrilişi haqda yeni bilgilər verib. Qeyd edib ki, o dövrdə keçmiş məmurlar, vəzifədə olan klanlar müxalifətdən istifadə edib iqtidara gəlmək istəyib.

Bəs bu çirkin plandan o dövr müxalifətin xəbəri vardımı? Müxalifətin hansı cinahı bu planda xüsusi rol almışdı?

AMİP funksioneri Əli Orucov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2005-ci il hakimiyyət üçün çox çətin dönəm olub: “Yeni hakimiyyətə gələn İlham Əliyev həm güclü siyasi müxalifətə, həm də hakimiyyətdaxili müxalif qüvvələrə qarşı duruş gətirməli idi. Təhlükəlisi də o idi ki, hakimiyyətdaxili müxalifətlə siyasi müxalifətin bir hissəsinin maraqları birləşirdi və müəyyən xarici qüvvələrin də dəstəyi var idi. Təbii ki, hər bir tərəf öz maraqlarını təmin etməyə çalışırdı. İqtidardaxili müxalifət təkcə hakimiyyətə tam sahiblənməyi deyil, təsir gücünü artırmaq istəyirdi. Siyasi müxalifət də hakimiyyətdən pay almaq istəyirdi. Ən azından qarşılıqlı əlaqə bir müddət öz effektini verdi. Təlaş və qeyri-müəyyənlik yaranmışdı. Lakin buraxılan taktiki səhvlər,  iqtidardaxili narazı klanın zərərsizləşdirilməsi və xarici dəstəyin geri çəkilməsi prosesi Prezidentin xeyrinə dəyişdi. Mən bildiyim qədər Fikrət Yusifov da bu oyunların iştirakçılarından olub. O vaxt dolaşan və mətbuatda gedən məlumatlara görə, hakimiyyətdaxili narazı qüvvələrin görüşlərində və iclaslarında o da iştirak edib.

Nədən ölkənin 90 faiz narazı elektoratı üzdə olan liderlərə inanmırlar?" - Əli  Orucov - Unikal.org

Əli Orucov

O vaxt AXCP, Müsavat və ADP-nin yaratdığı “Azadlıq” blokunun adı həmin proseslərdə daha çox hallanırdı. Həmin dövrdə Rəsul Quliyevin sədrlik etdiyi ADP həmin blokun əsas güc mərkəzlərindən biri idi və başda ADP olmaqla, blok hakimiyyət dəyişikliyi ssenarisində yer alırdı. 

Sonradan da məlum oldu ki, xarici dövlətlərin də iştirakı ilə iqtidarla aparılan danışıqlarda “Azadlıq” blokuna  parlamentdə 35-40 deputat yeri verilməsi barədə razılığa gəlinib və bu razılaşmanı Əli Kərimli pozub. Bu fikirləri blokun təmsilçiləri də zaman-zaman səsləndiriblər.

Sonra da məlum olduğu kimi, Müsavata 5 yer verildi və həmin partiya müttəfiqlərinin etirazlarına baxmayaraq, hətta Lalə Şövkətin mandatdan imtina etməsinə baxmayaraq parlamentə getdi. Bir sözlə, hakimiyyət dəyişikliyi planı deşifrə olundu, xeyli həbslər aparıldı, Rəsul Quliyev Simferopol şəhərində saxlandı, sonra buraxıldı və geriyə ABŞ-a qayıtdı”.

yegane.jpg (67 KB)

Yeganə Hacıyeva

Siyasi analitik Yeganə Hacıyeva isə bildirdi ki, 2005-ci il 6 noyabr seçkiləri  Azərbaycanın  ictimai-siyasi həyatındakı ən mühüm seçkilərdən biri kimi ölkənin müasir ictimai-siyasi sisteminin formalaşmasında əsas rol oynadı: “Azərbaycan vətəndaşı üçün çox qaynar keçən bu  seçkiyə daxili maraqdan daha çox xarici maraq var idi. Həmin il seçki üçün xaraketrik olan məqamlardan biri də demək olar ki, hər bir siyasi partiyanın  seçki üçün strategiyasının işlənməsində xarici ekspertlər və beyin mərkəzlərinin iştirakı idi. Azərbaycanda sonralar daha çox iqtidar üçün xarakterik olan bu cəhət 2005-ci il seçkisində müxalifətdə daha yayılmış bir hal idi. Müxalifət partiyalarının funksionerləri və əsas üzvləri belə təsisatlarla aktiv kontaktlara girir, bəziləri onları ölkəyə dəvət edir, bunu seçkiqabağı təşviqat mərhələsində geniş reklam edirdi. Bu seçki prezident seçkilərini  2003-cü ildə uduzmuş müxalifət üçün ictimai legitimliyini qorumaq, bərpa etmək, bəzi hallarda isə formalaşdırmaq üçün həlledici seçki idi.

Seçkini müxalifət üçün bu qədər qaynar edən məqamlardan biri də əlbəttə ki, böyük pulların fırlanması idi. Bu o dövr idi ki, müxalifət istər daxildə, istərsə də xaricdən maliyyələşirdi. Daxili maliyyələşmə çoxsaylı üzvlərin fərdi ianələri, ölkədəki hələ də mövcud olan müstəqil biznesin, xaricdəki biznesmenlərin, soydaşlarımızın  ianələri və ən əsası isə iqtidarda təmsil olunan qruplardan sızan  maliyyələr  idi.

Xaricdən isə demokratik proseslərə dəstək adı altında müxtəlif fondlardan seçki öncəsi bu və ya digər partiyanın fəaliyyətinin maliyyələşməsi üçün leqal və qeyri-leqal axan maliyyələr idi.

Detallara varmadan nümunə üçün bir faktı deyim, məsələn, siyasi partiyalardan birinin bir fonddan aldığı leqal qrant 2,3 milyon avro idi. Həmin partiya isə həmin seçkidə bir neçə fonddan belə qrantlar almışdı.

Bu seçkini və nəticələrini bir cümlədə belə izah edə bilərik ki, rəhmətlik Heydər Əliyevin müxalifətinin İlham Əliyevin müxalifəti ola bilməməsi, zamanın və şərtlərin dəyişməsi ilə müxalifətçiliyə olan tələblərin dəyişməsinin dəyərləndirilmədiyi ilk və sonuncu seçki idi”.

2005-ci il seçkilərini keçmiş məmurların, vəzifədə olan klanların iqtidara gəlmək üçün dövlət çevrilişi planlarından müxalifətin xəbərdar olması haqqında suala gəlsək,  onu qeyd edim ki, bütün zamanlarda iqtidarlarin əhval-ruhiyyəsini bilmək istəyiriksə, mütləq müxalifətin davranışlarını izləməliyik.

Ekspert qeyd etdi ki, seçkini bu qədər səsli-küylü edən əsas məqamlardan biri də məhz hələ tam monolit olmayan o zamankı iqtidardaxili qrupların hesabları, bu qrupların hamısının parlamentə öz müxalifətini yerləşdirmək cəhdləri idi: “Əlbəttə, dövlət çevrilişinə cəhd də öz yerində, amma dövlət çevriliş planı sadəcə iqtidardaxili qruplarla çərçivələnmirdi. Həmin il qitələrin kəsişməsində yerləşən, strateji mövqelərə malik, strateji nəqliyyat kommunikasiyaları üçün əlverişli və təbii resurslarla zəngin Azərbaycanda öz adamını hakimiyyətə gətirmək istəyən çoxlu sayda xarici dairələr var idi. Həmin ildəki çevriliş planları iqtidar, müxalifət qrupları və kənar dairələrin iştirakı konfiqurasiyası üzərində qurulmuşdu.

İqtidar özü isə ilkin mərhələdə Rəsul Quliyev və partiyası ilə deyil, AXCP və Əli Kərimli ilə uzlaşmışdı.

Həmin ilin seçki nəticələrini belə ifadə edə bilərik, parlamentə  kənar qüvvələrlə işbirliyi qurmayan partiyanın bir neçə üzvü və bir nəfər şəxsi dostluq münasibətlərinin üzərindən siyasi partiya rəhbəri düşdü”.

Həmçinin oxuyun

“Öz ata evini belə dağılmış halda görmək çox çətin bir sınaq idi”

“Bu evdə hər şey dağıdılmış, sındırılmış, pəncərələr, qapılar, bütün eksponatlar oğurlanmışdı”. Bunu Üzeyir Hacıbəyli – …