Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Siyasət / Sabah generallar görüşür-üçtərəfli görüş bizə nə vəd edir?

Sabah generallar görüşür-üçtərəfli görüş bizə nə vəd edir?

Sabah Bakıda Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Ekspertlər paytaxtımızda təşkil olunacaq bu görüşü yüksək qiymətləndirirlər. Hesab olunur ki, görüş Azərbaycanın regiondakı, eləcə də, dünyadakı nüfuzunun bariz sübutlarından biri olacaq. Belə görüşlərin Azərbaycan tipli ölkələr üçün hər zaman mühüm rol oynadığı vurğulanır.

Politoloq Əhəd Məmmədli bildirdi ki, Azərbaycanın qonşuları olan təbii müttəfiqi Türkiyə və strateji tərəfdaşı Gürcüstanla hərbi cəhətdən yaxınlaşması müsbət haldır: “Azərbaycan və Gürcüstan üçün bu cür görüşlərin əhəmiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiya hərbi təhlükəsinin maksimum dərəcədə qarşısı alınsın. 30 ilə yaxındır Azərbaycan və Gürcüstanın ərazilərinin bir hissəsi bilavasitə və ya dolayısı ilə Rusiyanın iştirakı ilə işğal altındadır. Ona görə Azərbaycanla Gürcüstan regionda Türkiyənin hərbi mövcudluğunun güclənməsində maraqlıdırlar. Gürcüstan həm də ABŞ-ın regionda güclənməsində maraqlıdır. Bölgəmizdə bu cür görüşlər tez-tez olur. Artıq Azərbaycan-Türkiyə-Gürcüstan bütün sahələrdə baş verən üçtərəfli görüşlərlə heç kəsi təəccübləndirmir. Azərbaycan geostrateji mövqeyi, təbii sərvətlərinə görə zatən regionda önəmli bir ölkədir. Dünyaya gəldikdə isə, Azərbaycan hələ daxili və xarici siyasətdə çox işlər görməli, güclü olmalı, ərazi bütövlüyünü təmin etməlidir ki önəmini daha da artırsın. Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Azərbaycan və Gürcüstan ümumi problemlərlə bağlı bir-birinə yaxın dövlətlərdir. Üstəlik Gürcüstan Azərbaycan qazının, neftinin daşınması üçün tranzit ölkədir. Separatçılıq və Rusiya təhlükəsi Azərbaycan və Gürcüstanı daha da bir-birinə bağlayır.

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Rusiya təhlükəsinin qarşısının alınması üçün Azərbaycan və Gürcüstan Cənubi Qafqazda Türkiyənin hərbi iştirakında maraqlıdırlar. İndiyə qədər yüzlərlə azərbaycanlı və gürcü gənc zabit Türkiyənin hərbi akademiyalarında təhsil alıb. Balaca Azərbaycan nəhəng Rusiyanın, böyük İranın arasındadır. Əlavə olaraq da Ermənistanla müharibə şəraitindəyik. Azərbaycan üçün Türkiyə ilə hərbi əməkdaşlıq çox önəmlidir. Bu əməkdaşlığın daha dərinə gedəcəyinə inanırıq. Abşeron yarımadasında Türkiyə hərbi bazalarınin yerləşdirilməsi vacibdir. Ermənistanla müharibə olan təqdirdə təhlükəsizliyimizin maksimum səviyyədə qorunması üçün şimal və cənub sərhədlərimizi Azərbaycan və Türkiyə əsgərləri bir yerdə qorumalıdır. Həmişə olduğu kimi, indi də Azərbaycan təhlükəsizliyini qardaş Türkiyə ilə bir yerdə təmin etməlidir, ən azından ərazi bütövlüyümüzün bərpasına qədər. Azərbaycan və Gürcüstan Rusiya və Ermənistanla müharibə şəraitində olduğu müddətdə bölgədə keçirilən neft, qaz, enerji layihələri həmişə təhlükədə olacaq. Cənubi Qafqazda yeni müharibə başlasa, hər an milyardlarla vəsait ayrılan layihələrə zərbələr endirilə bilər. Erməni generalları dəfələrlə onsuzda Azərbaycana bu yöndə hədə-qorxu gəliblər. Ruslardan da hər an diversiya görə bilərik. Ona görə də Türkiyə-Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı bu acıdan çox önəmlidir. Çünki Rusiya Gürcüstanın, bilavasitə Azərbaycanın da Ermənistanın əli ilə dolayısıyla ərazilərinin bir hissəsini işğal edib”.

Politoloq onu da qeyd etdi ki, Azərbaycan və Gürcüstanın əraziləri azad edilməyənə qədər Rusiya və Ermənistanla hər hansı bir hərbi əməkdaşlıqdan söz gedə bilməz: “ Rusiya istəyər ki, Azərbaycan və Gürcüstanla KTMT çərçivəsində əməkdaşlıq etsin, amma indiki reallıqda bu mümkünsüzdür. Bunun olması üçün ilk öncə Azərbaycan və Gürcüstan ərazi bütövlüyünə qovuşmalıdır. İndiki şəraitdə də buna Rusiya razı olmaz. İrana gəldikdə isə ABŞ-ın Cənubi Qafqazda ən yaxın müttəfiqi Gürcüstan Tehranla hərbi təmasa girməz. Azərbaycan da İsrail, ABŞ-la münasibətlərini İrana görə riskə atmaz. Üstəlik İranın Ermənistanla isti münasibətləri olana qədər Bakı Tehranla hərbi əməkdaşlıq etməz. Azərbaycanın sekulyar, İranın isə klerikal müsəlman ölkələri olduğunu əlavə etsək, rəsmi Bakı Tehranla münasibətlərdə həmişə ehtiyatlı davranacaq. Bütün bunlardan irəli gələrək əminliklə söyləyə bilərik ki Türkiyə-Azərbaycan-Gürcüstan üçlü formatı regionda Rusiya-İran-Ermənistan üçlüyünün qarşısının alınması üçün çox vacib bir formatdır. Ən azı Rusiya təhlükəsi sovuşmayana qədər Türkiyə siyasi-hərbi cəhətdən həmişə Azərbaycan və Gürcüstana lazım olacaq. Unutmayaq ki Türkiyə həm də NATO üzvüdür. Bu isə o deməkdir ki, ABŞ da Rusiya və İranın regionda qarşısının alınması üçün Türkiyə-Azərbaycan-Gürcüstan üçlü formatının əməkdaşlığından maraqlıdır”. (Musavat.com)

Həmçinin oxuyun

Zahid Oruc: “Ordumuz Qarabağın yarısına nəzarət edir”

“Dünən Ali Baş Komandan İlham Əliyev tərəfindən bəyan edilən 21 kənd və bir qəsəbənin azad …