Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / “Saakaşvili Timoşenkoya revanşizm niyyəti ilə dəstək verir”

“Saakaşvili Timoşenkoya revanşizm niyyəti ilə dəstək verir”

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili şansını növbəti dəfə Ukraynaya bağlayıb. O, Ukrayna prezidentliyinə namizəd, Batkivşina (Vətən – E.S) Partiyasının sədri Yuliya Timoşenkonu gələcək – martın 31-də olacaq prezident seçkisində dəstəkləyəcəyini bildirib.

Saakaşvili Ukrayna vətəndaşlığının əlindən alınmasından sonra Timoşenkonun onu dəstəkləyən ilk şəxslərdən biri olduğunu deyib.

Saakaşvili 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı savaş zamanı Tiflisə məhz Timoşenko hökumətinin dəstək göstərdiyini də xatırladıb. O, Timoşenkonun prezident Poroşenkonun “banda”sını hakimiyyətdən qovacağına ümid etdiyini vurğulayıb.

Gürcüstandakı seçkilərdə Saakaşvilinin dəstəklədiyi namizədin prezident seçilməməsi və onun öz vətəninə dönüşünün mümkün olmamasından sonra “Mişa” təzədən Ukrayna siyasətinə baş vurur.

Poroşenko iqtidarı dövründə Ukraynanın Odessa şəhər qubernatoru olmuş və sonra vəzifəsindən getmiş Saakaşvili indi hazırkı hakimiyyətə qarşı mübarizə aparır.

İki ölkədə hakimiyyət uğrunda mübarizə aparan və hələ də istəklərinə nail ola bilməyən “Mişa” indi ümidini Timoşenkoya bağlayıb.

Timoşenko 2004-cü ildə “narıncı inqilab”ın liderlərindən olub. Saakaşvil isə Gürcüstandakı “qızılgül inqilabı”nın rəhbəridir.

İndi iki inqilabın liderləri Ukraynada hakimiyyətə gəlmək arzusundadır. Xalqın və siyasi güclərin buna imkan verəcəyini artıq zaman göstərəcək.

Timoşenko “Kuçmasız Ukrayna” hərəkatının aktiv iştirakçılarındandır. 2002-ci il parlament seçkiləri öncəsi yaratdığı “Yuliya Timoşenko Bloku” səslərin 7 faizini alıb və parlamentdə 20 yer qazanıb.

O, 2004-cü ildə prezident seçkilərinə qatılmaqdan imtina edib və Viktor Yuşşenkonu dəstəkləyib. “Maydan Nezalejnosti”də (Müstəqillik meydanı) keçirilən kütləvi aksiyaların əsas təşkilatçılarından, “narıncı inqilab”ın əsas simalarından olub.

Viktor Yuşşenkonun prezident seçilməsindən sonra Yuliya Timoşenko baş nazir kürsüsündə əyləşib.

Ancaq 2000-ci ildə hökumətə uğurla başçılıq edərək ciddi iqtisadi islahatlara imza atan bu iki şəxs bu dəfə yola getmir və onlar bir-birlərini “Maydan idealları”na xəyanət etməkdə, korrupsiyada günahlandırırlar.

Yuliya Timoşenkonun baş nazir olduğu birinci dönəmə münasibət fərqlidir. Timoşenko özü hesab edir ki, prezident və onun komandasının əks fəaliyyətinə baxmayaraq, çoxlu uğurlara nail olub.

Əleyhdarları isə hesab edir ki, həmin dövrdə Ukraynada ÜDM-in səviyyəsi aşağı düşüb, çörək, ət və benzinlə bağlı böhranlar yaşanıb. Timoşenko 2014-cü ilin fevralın 22-də həbsdən çıxıb.

Deputat, siyasi şərhçi Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Ukraynada ictimai-siyasi vəziyyət yaşadığı inqilablardan sonra çox acınacaqlı hala düşüb.

Onun fikrincə, bu gün Ukraynada monolit bir cəmiyyət yoxdur: “İqtidar ətrafında birləşmiş cəmiyyət, xalqla hakimiyyət birliyi qalmayıb. Bu, Ukraynanı düşdüyü vəziyyətdən çıxara bilmir. İnqilablardan sonra Ukraynada beynəlxalq qüvvələrin mənafeləri toqquşur və ölkənin ərazi bütövlüyü sual altına düşüb, qarşıdurmalar var.

Bu reallıqlar fonunda hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələri xalq yaxşı tanıyır. Onlar uzaq keçmiş deyillər. Ukraynalılar onların hakimiyyətdə olduqları illəri çox yaxşı xatırlayırlar, hansı problemlərlə üzləşdiyini bilirlər.

O baxımdan Ukrayna cəmiyyətini çaşdırmaq, itirilməkdə olan nüfuzu qazanmaq çətindir. Onlar isə təzədən iqtidar ambisiyasındadırlar”.

E.Nəsirovun sözlərinə görə, Timoşenko hakimiyyətdə olub və Ukrayna cəmiyyətində ona birmənalı münasibət yoxdur: “Sorğu keçirilsə, orta statistik ukraynalının Timoşenko barədə rəyi mənfi olacaq. Bunu Ukraynada olmuş və prosesləri izləmiş biri kimi söyləyirəm.

Saakaşviliyə gəlincə, revanşizm niyyəti ilə Timoşenkoya dəstək verir, onunla siyasi işbirliyi qurur. Saakaşvili də Ukraynadakı siyasi fəaliyyəti ilə istədiyi nəticəni əldə edə bilməyib.

Onun qubernatorluqdan gedişi, Ukraynadan çıxarılması uğursuz bir yola çıxmasına səbəb oldu. İndi Timoşenkonun arzularını gerçəkləşdirmək istəyir. Bu tandemin prezident səviyyəsində qələbə ilə nəticələnəcəyinə inanmıram”.

Millət vəkili hesab edir ki, inqilablar olmuş dövlətlər fəlakət yaşayır: “Bu tarix bizə uzaq deyil. Mən Ukraynada olanda 90-cı illərdə Azərbaycanın yaşadıqları yadıma düşdü. İnsanlar ev əşyalarını satmaq istəyirdi.

Ümumiyyətlə, “ərəb baharı”  və Ukrayna hadisələri xalqlara, dövlətlərə dərs olmalıdır. Ölkəni beynəxalq güclərin toqquşma yox, əməkdaşlıq məkanına çevirmək lazımdır.

Bu mənada Azərbaycan bir nümunədir. Hətta bir-birinə düşmən olan dövlətlər də Bakıda toplaşırlar, konfranslar keçirirlər, ən mürəkkəb məsələlər müzakirə olunur”.

E.Nəsirov Ukraynadakı seçkilərdə Poroşenkonun şanslarının nisbətən üstün olduğunu düşünür: “Bu hadisələr onun qələbə şanslarını artırır. Doğrudur, onun da reytinqi o qədər yüksək deyil, amma qüvvələr nisbətinə görə Poroşenko şanslıdır”.

Həmçinin oxuyun

Ermənilər Zəngəzurda müdafiə xətti qurmağa başladı

Oktyabrın 19-da Nikol Paşinyan gözlənilmədən keçmiş baş qərargah rəisi Artak Davtyanı “Syunikdə mühafizə işlərinə” görə …